ADNSU-dan koronavirusla mübarizəyə 80 min manat vəsait
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Koronavirusla (COVİD-19) Mübarizəyə Dəstək Fonduna 80 000 AZN məbləğində vəsait köçürüb.
Universitetdən bildirilib ki, ali məktəbin rəhbərliyi qlobal pandemiya ilə mübarizə üçün sosial həmrəyliyin nümayiş etdirilməsini zəruri sayaraq vətəndaşları, o cümlədən təhsil ocağının bütün müəllim və tələbə kontingentini koronavirusla mübarizədə aktiv olmağa, özlərini və ətrafdakı insanları qorumağa çağırıb.
ADNSU rəhbərliyi hesab edir ki, koronavirusla mübarizə məqsədilə Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın təlimatlarına ciddi riayət edilməli, yaşlı insanların qayğısına qalınmalı, zərurət olmadığı halda evdən bayıra çıxmamalı və ictimai yerlərə toplaşmaqdan qaçmaq lazımdır, çünki pandemiya ilə mübarizə hamıdan ciddi-cəhdlə məhz bunu tələb edir.
Tarix: 25-03-2020, 18:15