Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri UNEC-də
Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) distant dərsləri izləyiblər. Əvvəlcə nümayəndə heyəti “UNEC Ekstern”də tibbi-profilaktik müayinədən keçib.
Sonra UNEC-in rektoru, professor Ədalət Muradov İctimai Şuranın üzvlərini distant dərslərin keçirildiyi auditoriyalarla tanış edib. Qonaqlara “UNEC Ekstern” barədə ətraflı məlumat verilib. Bildirilib ki, mərkəz 14 nəfərlik heyətlə 20 min tələbəyə distant təhsil vermək imkanına malikdir. Martın 12-dən start verilən distant dərslərdə gün ərzində 9200 tələbəyə Azərbaycan, rus, ingilis və türk dillərində dərslər tədris olunur.
Distant tədrisin beynəlxalq standartların tələblərinə cavab verdiyindən məmnunluqlarını ifadə edən qonaqlar tələbə-müəllim arasında interaktiv dərs mühitinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıblar. Şura üzvləri inzibati otaqlara da baxış keçiriblər. Müəllimlərin asudə vaxtlarının səmərəli təşkili, texniki dəstək, eləcə də digər otaqlarla tanış olublar.
Sonda Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri universitetdə tətbiq olunan distant tədrisi alqışlayaraq, bunu Azərbaycan ali təhsilində mütərəqqi bir yenilik kimi dəyərləndiriblər.
Tarix: 16-03-2020, 23:45