Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Təhsil Nazirliyi və Baş Prokurorluğun birgə məlumatı

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu islahatlardan biri kimi, təhsil sektorunun inkişafına yönələn dövlət proqramları və layihələrin icrası nəticəsində təhsil xidmətlərinin müasir tələblər səviyyəsində qurulması istiqamətində mühüm addımlar atılır.

Bununla yanaşı, dövlətin bu sahədə həyata keçirdiyi mütərəqqi siyasətə kölgə sala biləcək qanunsuz hərəkətlərə qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.

Bərdə İdarəetmə və Texnologiya Kollecinin direktorunun qanunsuz hərəkətləri barədə daxil olmuş məlumatlar əsasında Təhsil Nazirliyinin əməkdaşlarının iştirakı ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir.

Bu tədbirlərlə Bərdə İdarəetmə və Texnologiya Kollecinin direktoru Xaləddin Ələkbərovun Kollecin direktor müavini İlqar Dursunovun vasitəsilə tələbələrin qış imtahan sessiyasından müvəffəqiyyətlə keçməsi, dərslərdə iştirak etməyənlərin davamiyyətinin nizama salınması, tələbələrin aylıq pul müqabilində dərslərdən buraxılması, digər təhsil müəssisələrindən köçürülməsi və sair hallarla bağlı kütləvi şəkildə rüşvət almasına əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanmışdır.

Cinayət işi üzrə hərtərəfli, tam və obyektiv istintaq aparılmasını təmin etmək məqsədilə Bərdə İdarəetmə və Texnologiya Kollecinin direktoru Xaləddin Ələkbərovun və direktor müavini İlqar Dursunovun xidməti otaqlarında məhkəmə qərarı ilə axtarış aparılmış, Kollecin tələbələrinə məxsus tələbə biletləri və diplomlar, tələbələrdən alınmış müxtəlif məbləğlərdə pul vəsaitlərinə dair qeydlər və iş üzrə digər əhəmiyyətli sənəd və əşyalar aşkar edilərək götürülmüşdür.

İstintaq zamanı toplanmış ilkin sübutlarla Xaləddin Ələkbərovun və İlqar Dursunovun qeyd edilən qanunsuz hərəkətləri törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, onlar şübhəli şəxs qismində tutulmuşdur.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin və həmin şəxslərin qanuni mənafelərini pozmuş olduqları Kollec tələbələrinin dairəsinin tam müəyyənləşdirilməsi, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Təhsil Nazirliyi bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlardan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı və Təhsil Nazirliyinin 146 saylı “Qaynar xətt” əlaqə mərkəzlərinə məlumat vermələrini xahiş edir


Tarix: 20-02-2020, 19:23

Xəbəri paylaş