Bakı Mühəndislik Universitetində Himayəçilər Şurasının növbəti iclası keçirilib
Bakı Mühəndislik Universitetində (BMU) Himayəçilər Şurasının növbəti iclası keçirilib.
Təhsil nazirinin müavini İdris İsayevin sədrliyi ilə keçirilən iclasda ötən dövr ərzində Himayəçilər Şurasının tərkibində baş verən dəyişikliklərin, Şuranın Əsasnaməsinin təsdiqinin birgə səmərəli fəaliyyətə müsbət təsir göstərəcəyi vurğulanıb.
Ali təhsil pilləsində uğurlu islahalatların aparıldığını deyən nazir müavini son illərdə ali təhsilə əlçatanlığın artırılması, akademik potensialın gücləndirilməsi, məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı görülən tədbirlər barədə məlumat verib. Ali təhsil sahəsində akademik potensialın artırılması istiqamətində ciddi tədbirlər görüldüyünü vurğulayan İdris İsayev ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq fərmanı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edildiyini xatırladıb. Beynəlxalq ikili diplom proqramlarından da söz açan İdris İsayev BMU-nun bu istiqamətdə işə başladığını və artıq Cənubi Koreyanın İnha Universiteti ilə anlaşma memorandumu imzalandığını diqqətə çatdırıb.
Nazir müavini gündəlikdə yer alan məsələlərə toxunaraq Şuranın iclasında digər məsələlərlə yanaşı, BMU-nun inkişafına dair 2020-2023-cü illər üçün Strateji İnkişaf Proqramının müzakirə olunacağını deyib.
Daha sonra iclasda BMU rektorunun 2017-2019-cu illər üzrə fəaliyyəti haqqında hesabatı, universitetin 2020-2023-cü illər üçün strateji inkişaf proqramı, BMU-nun 2019-cu il büdcəsinin icrası və büdcənin 2020-ci il üçün proqnozu, 3 illik maliyyə fəaliyyəti barədə hesabat, həmçinin Audit Komitəsinin 2018-2019-cu illəri əhatə edən hesabatı dinlənilib, maliyyə məsələlərində effektivliyin artırılması imkanları, Himayəçilər Şurasının 2020-ci il üçün iş planı ətraflı müzakirə olunub.
Şuranın üzvləri gündəlikdəki məsələlərlə bağlı çıxış edərək, təkliflərini bildiriblər.
Tarix: 13-02-2020, 12:46