Bakı Mühəndislik Universiteti ilə İnha Universiteti arasında anlaşma memorandumu
Yanvarın 31-də Bakı Mühəndislik Universiteti (BMU) ilə Cənubi Koreyanın İnha Universiteti arasında anlaşma memorandumunun imzalanması mərasimi keçirilib.
Mərasimdə Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov, Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli, Cənubi Koreyanın İnha Universitetinin Qlobal təhsil layihə qrupunun dekanı Kiyon Çöh və digər qonaqlar iştirak ediblər.
Tədbirdə ikili diplom proqramı sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb və bildirilib ki, Bakı Mühəndislik Universiteti ilə Cənubi Koreyanın İnha Universiteti arasında ikili diplom proqramının həyata keçirilməsi hər iki universitetdə təhsilin inkişafına əlavə töhfələr vermiş olacaq. Tərəflərin gələcəkdə informasiya texnologiyaları, elektronika mühəndisliyi, elektrik mühəndisliyi, inşaat mühəndisliyi ixtisasları üzrə ikili diplom proqramını həyata keçirməyi nəzərdə tutduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, memorandum hər iki universitetin tələbələri üçün beynəlxalq təhsil imkanlarını, fakültə və işçilər üçün peşəkar inkişaf, eləcə də tədqiqat imkanlarını artıracaq, qurumlararası əlaqənin daha da inkişafını təmin edəcək. Sənədə uyğun olaraq tərəflər tələbə, müəllim heyəti, elmi materialların mübadiləsini, ikili diplom proqramı kimi ortaq təhsil layihələrini həyata keçirəcəklər.
Tarix: 31-01-2020, 16:00