Azərbaycanda Stanford Peşəkar İnkişaf Mərkəzinin təlimlərinə start verildi
ADA Universitetində Stanford Universitetinin Peşəkar İnkişaf Mərkəzi (SPİM) və Qlobal İnnovasiyalar Katalizatorunun (QİK) birgə formalaşdırdığı “İnnovasiya və Akselerasiya iX” (QİK iX) Proqramının açılış mərasimi keçirilib.
“İnnovasiya və Akselerasiya iX” Proqramı innovativ ideyaların biznesə çevrilməsi və sahibkarlığın inkişaf etdirilməsi üzrə 10 həftəlik onlayn, həmçinin üzbəüz təlim proqramıdır. Bu unikal proqram yeni başlayan bizneslərdə, eləcə də startaplar, şirkətlər və dövlət strukturlarında müasir və yüksək texnologiyaların tətbiqi ilə yeni məhsul və ya xidmətin hazırlanmasına zəmin verən innovativ ideyaların formalaşdırılması və inkişafına əsaslanır.
“İnnovasiya və Akselerasiya iX” Proqramı onilliklərin innovativ resurslarına malik Silikon Vadisi təcrübəsi ilə yerli kontekstə uyğun mentorluq və beynəlxalq səviyyəli fərdi təkmilləşmə proqramlarının xüsusiyyətlərini özündə birləşdirir.
Tədbirdə çıxış edən ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə qonaqları salamlayaraq, Azərbaycanda intellektual kapitalın inkişafında “İnnovasiya və Akselerasiya iX” Proqramının əhəmiyyətindən danışıb. O qeyd edib ki, resurs iqtisadiyyatından innovativ iqtisadiyyata keçid mərhələsində bu cür təlim proqramlarının rolu çox böyükdür.
Daha sonra çıxış edən Stanford Universitetinin professoru Maykl Lepek “İnnovasiya və Akselerasiya iX” Proqramının formalaşması və onun beynəlxalq bazarda tutduğu mövqeyindən bəhs edib. M.Lepek müasir sahibkarlıq düşüncəsinin formalaşmasında rol oynayan faktorlardan, o cümlədən fərdi qabiliyyətlərin və cəmiyyətin ənənəvi yanaşmalarının kompleks kommunikasiyasının əhəmiyyətindən danışaraq qeyd edib ki, Stanford Universiteti və Silikon Vadisinin onilliklərə əsaslanan təcrübəsi əsasında formalaşdırılan “İnnovasiya və Akselerasiya iX” Proqramı Azərbaycan iqtisadiyyatının innovativ inkişafında mühüm rol oynaya bilər.
Qlobal İnnovasiyalar Katalizatoru şirkətinin əməliyyatlar üzrə rəhbəri Samir Məmmədov öz çıxışında “İnnovasiya və Akselerasiya iX” Proqramının Azərbaycana gətirilməsinin məqsədlərindən danışaraq, proqramın daha səmərəli həyata keçirilməsi və gələcəkdə uğurla davam etdirilməsi üçün zəruri olan məqamlardan bəhs edib. İnnovasiya ekosisteminin formalaşdırılması üçün qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyətini vurğulayan S. Məmmədov bu istiqamətdə 3 əsas məqamı - insan kapitalının inkişafı, funksional bazar sistemi və texniki infrastrukturun qurulması mexanizmindən danışıb.
Tədbirdə çıxış edən Qlobal İnnovasiyalar Katalizatoru şirkətinin Proqram rəhbəri İqor Ovçarenko “İnnovasiya və Akselerasiya iX” Proqramının strukturu, metodologiyası və mahiyyəti haqqında geniş məlumat verib.
Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva tədbirdə çıxış edərək təhsilin mütərəqqi üsullarla inkişafı istiqamətində bu cür təlim proqramlarının vacibliyi və əhəmiyyətindən danışıb. O qeyd edib ki, bu cür layihələr təhsilin inkişafı üçün faydalı ola bilər.
Məlumat üçün bildirək ki, “İnnovasiya və Akselerasiya iX” Proqramının məzunlarına Stanford Peşəkar İnkişaf Mərkəzi tərəfindən sertifikat təqdim olunacaq. Proqramın iştirakçıları Azərbaycanın dövlət və özəl sektorunun müxtəlif nümayəndələridir.
Xatırladaq ki, “İnnovasiya və Akselerasiya iX” Proqramına qeydiyyat davam edir. Qeydiyyatdan keçmək və Azərbaycan nümayəndəsi ilə əlaqə saxlamaq üçün aşağıdakı linkə daxil ola bilərsiz: http://globalinnovationcatalyst.com/ixprogram.html
Tarix: 25-01-2020, 14:07