Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

UNEC-in 90 illik yubiley tədbirlərinə start verilib

 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illik yubileyinin qeyd edilməsi ilə bağlı tədbirlər planı təsdiq edilib və hazırlıqlara başlanıb.
Demək olar ki, UNEC bu il ölkə gündəmi olacaq. Plana əsasən, müxtəlif Beynəlxalq elmi konfransların təşkili, ölkəmizdə yeganə ali iqtisadi təhsil müəssisəsi olan Azərbaycan Dövlət İqtisad Universitetinin tarixi haqda filmlərin, fotoalbomların hazırlanması, kitabların nəşri, görkəmli alimlərin həyat və yaradıcılığı ilə bağlı tədbirlərin, veteran əməkdaşlarla və məşhur məzunlarla görüşlərin keçirilməsi, təqdimatların, həmçinin maraqlı müsabiqələrin, konsert və şouların, fləşmobların, rəsm və kitab sərgilərinin, idman yarışlarının reallaşdırılması nəzərdə tutulub.
Yubileylə bağlı ən böyük tədbir isə UNEC I İqtisadi Forumunun təşkili olacaq. Bundan başqa, UNEC Məzunlar Assosiasiyasının yaradılması və I Forumunun, eləcə də “İqtisadçı Tələbələrin I Bakı Forumu”nun, Yubiley məzun gününün və təbii ki, təntənəli yubiley mərasiminin keçirilməsi planlaşdırılıb.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tərəfdaşlıq etdiyi xarici ali təhsil müəssisələrində də “UNEC 90” yubiley tədbirləri təşkil olunacaq.
Qeyd edək ki, 2020-ci il iyunun 19-da  Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) yaradılmasının 90 ili tamam olur. Yüksək ixtisaslı iqtisadçı kadrların hazırlanmasında UNEC-in müstəsna xidmətləri var. UNEC ölkəmizdə sənaye, ticarət, maliyyə, statistika, vergi sistemi, marketinq, menecment və s. ixtisaslar üzrə kadr  hazırlığı və elmi-tədqiqat mərkəzinə çevrilib. Ümummilli lider Heydər Əliyev universitetin 70 illik yubiley tədbirində çıxışı zamanı ölkə iqtisadiyyatını irəli aparmaq, dünyanın mürəkkəb maliyyə, iqtisadi sisteminə qoşulmaq üçün müasir, hazırlıqlı, xarici dilləri bilən, dünya təcrübəsini mənimsəmiş gənclər lazım olduğunu kollektiv qarşısında əsas vəzifə kimi qoyub. Bu vəzifələr UNEC-in inkişaf strategiyasının əsasını təşkil edir və hazırda müvəffəqiyyətlə icra olunur.


Tarix: 21-01-2020, 15:19

Xəbəri paylaş