Doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul imtahanına hazırlaşan namizədlərin nəzərinə!
Məlum olduğu kimi, “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 noyabr 2019-cu il tarixli 443 nömrəli Qərarına əsasən, doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən, fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər. Xarici dil üzrə imtahanlar Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilir. Xarici dil üzrə imtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Naziriyi ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir.
Dissertantlıq yolu ilə “fəlsəfə doktoru” elmi dərəcəsi almaq istəyən şəxslər də xarici dildən bu qaydada qəbul imtahanı verirlər.
Qəbul imtahanında “Xarici dillərə yiyələnmə səviyyəsinin müəyyənləşdirilməsi üzrə ümumavropa tövsiyə çərçivə sənədi”nə (CEFR) və beynəlxalq dil imtahanlarının strukturuna müvafiq olaraq, namizədlərin xarici dillər üzrə oxu, dinləyib-anlama, yazı və danışıq bacarıqlarının, dildən kommunikativ məqsədlə istifadəetmə bacarıqlarının, lüğət ehtiyatına və qrammatik minimuma yiyələnmə səviyyəsinin yoxlanılıb qiymətləndirilməsi nəzərdə tutulur. Danışıq bacarıqlarının yoxlanılması xüsusi hazırlıq işlərinin görülməsini, qiymətləndirməni həyata keçirəcək kadrların hazırlanmasını və təlimlərin keçirilməsini tələb etdiyinə və həmin işlərə xeyli vaxt və resurs tələb olunduğuna görə bu sahədə bacarıqların cari qəbul kampaniyası zamanı deyil, növbəti qəbuldan etibarən yoxlanılması planlaşdırılır.
Doktoranturaya qəbul olunmaq istəyənlər üçün xarici dil üzrə imtahanın məzmununu və məqsədini müəyyənləşdirən qəbul imtahanı proqramları bu qurumun rəsmi internet saytında yerləşdirilərək namizədlərə təqdim edilib. Doktoranturaya və dissertanturaya hazırlaşanlar xarici dillər üzrə qəbul proqramlarını verilmiş linklərdən (Azərbaycan, rus) yükləyib tanış ola bilərlər.
Doktoranturaya xarici dillər üzrə qəbul imtahanının məqsədi CEFR-in B2 səviyyəsinə uyğun olaraq, bir sıra bacarıqları qiymətləndirməkdir.
Namizədlərin hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Esse yazısı maksimum 10 balla qiymətləndirilir. Beləliklə, imtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir. İmtahanda xarici dilə yiyələnmə səviyyəsini qiymətləndirmək üçün təqdim olunan hər bir blok üzrə balların minimum 20 faizini, ümumilikdə imtahandan isə azı 25 bal toplamış namizədlər keçid balını toplamış hesab edilir və fəlsəfə imtahanına buraxılırlar.
Qeyd edək ki, yaxın günlərdə doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul imtahanının modeli əsasında onlayn sınaq imtahanının keçirilməsi nəzərdə tutulur.
Tarix: 12-01-2020, 14:47