Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Ötən il 78 elektron dərslik yeniləri ilə əvəzlənib

 






Təhsil Nazirliyinin www.e-derslik.edu.az  portalında 232 elektron dərslik, 22 metodik vəsait və 2 sinifdənxaric oxu materialı olmaqla, ümumilikdə 256 elektron vəsait mövcuddur.

Ötən il ərzində Azərbaycan və rus bölmələri üzrə II, III, IX, X və XI siniflərə aid 19 dərslik elektron formatda hazırlanaraq portala yerləşdirilib. Bundan əlavə, hər iki bölmə üzrə 15-i II, 15-i III, 17-si IV və 31-i VIII sinif dərsliyi olmaqla, ümumilikdə, 78 dərslik yeniləri ilə əvəzlənib. Zənginləşdirmə məqsədilə portaldakı dərsliklərə ümumilikdə 55 mövzu ilə əlaqəli, yüksək keyfiyyətli, animasiyalı video dərs, mövzulara uyğun 176 video material, 594 şəkil, 302 səsli və 163 digər növ materiallar əlavə edilib. Beləliklə, portalda video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərsliklərin sayı 28-ə çatdırılıb. Ötən tədris ilində portala V, VI, VII, IX,  X və XI sinif ingilis dili dərsliklərinə dinləyib-anlama səsli materialları, 4 dərsliyə isə (Azərbaycan tarixi V, VI və IX sinif, ədəbiyyat VI sinif) bütün kitabı əhatə edən səsli dərslik əlavə edilib.

2019-cu ildə www.e-derslik.edu.az elektron dərslik portalına giriş sayı 2 704 838-ə, səhifələrə ümumi baxış sayı isə 21 790 608-ə çatıb. 2018-ci ildə isə bu göstəricilər müvafiq olaraq 1 697 572 və 12 452 046 olub.

Ötən il ərzində portala ən çox müraciət edən ilk 10 ölkə Azərbaycan, Rusiya, ABŞ, Türkiyə, Gürcüstan, Özbəkistan, Ukrayna, Almaniya, Qazaxıstan və Hollandiya olub.

Portalda ən çox müraciət edilən 10 dərslik isə ardıcıl olaraq riyaziyyat (VI sinif), ingilis dili (VII sinif), ingilis dili (V sinif), riyaziyyat (VII sinif), Azərbaycan tarixi (V sinif), ədəbiyyat (VII sinif), ədəbiyyat (V sinif), ədəbiyyat (X sinif), coğrafiya (VI sinif), fizika (VII sinif) və biologiya (VII sinif) olub.

İstifadəyə verildiyi 5 il ərzində portala 2 255 371 unikal istifadəçi tərəfindən 6 172 352 giriş edilib. Səhifələrə ümumi baxış sayı isə 47 339 812 olub.

2014-cü ildən fəaliyyət göstərən www.e-derslik.edu.az portalının hazırlanmasında məqsəd təhsilalanları təhsil prosesində fəallaşdırmaq, onların İKT-dən səmərəli istifadəsinə, dərslikləri elektron formatda oxumasına imkan yaratmaqdır. Bu sistem şagirdlərin dərsliklərdən istifadəsində mobilliyi artırır, həmçinin məktəblilər istənilən vaxt və məkanda dərsliklərə müraciət edə bilirlər. İstifadəçilər onlayn formada və ya əvvəlcədən yükləməklə dərslikləri elektron versiyada oxumaq, onlayn rejimdə dərsliyin istənilən səhifəsində müvafiq lazımi elektron qeydlər aparmaq imkanı qazanırlar. Bu da öz növbəsində təhsilalanların öyrənmə prosesinin fərdiləşməsinə şərait yaradır.




Tarix: 9-01-2020, 13:51

Xəbəri paylaş