Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU ilə Ziklin Biznes məktəbi arasında magistratura pilləsi üzrə ikili diplom müqaviləsi imzalanıb



 Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Nyu-York Şəhər Universitetinin Barux Kollecinin Ziklin Biznes məktəbi arasında magistratura pilləsi üzrə ikili diplom müqaviləsi imzalanıb.
Yanvarın 7-də ADNSU-nun rektoru, professor Mustafa Babanlı Nyu-York Şəhər Universitetinin Barux Kollecinin Ziklin Biznes məktəbinin Akademik işlər və innovasiyalar üzrə dekan müavini, Dr. Qing Hu ilə görüşüb.
Görüşdə tərəflər arasında maliyyə üzrə magistr səviyyəsində ikili diplom proqramı ilə bağlı müzakirələr aparılıb. Proqramın tətbiq olunacağı ixtisas, qəbul və seçim qaydaları, eyni zamanda tələbələr üçün yaradılacaq imkanlar və tərəfdaşların öhdəliklərinə dair fikir mübadiləsi aparılıb. Görüşdə proqramın iqtisadiyyat və menecment ixtisası üzrə magistratura pilləsi üçün nəzərdə tutulduğu vurğulanıb.
Qeyd edilib ki, ADNSU-da iqtisadiyyat və menecment ixtisası üzrə təhsillərini magistratura pilləsində davam etdirəcək tələbələr tədris müddətinin 1 ilini Nyu-York Şəhər Universitetinin Barux Kollecinin Ziklin Biznes məktəbində davam etdirməklə hər iki universitetin diplomunu ala biləcəklər.
Xatırladaq ki, ADNSU ilə Nyu-York Şəhər Universitetinin Barux Kollecinin Ziklin Biznes məktəbi ilə əməkdaşlığın qurulması istiqamətində iş hələ 2018-ci ildən başlanıb. Ötən ilin noyabr ayında Nyu-York Şəhər Universitetinin nümayəndə heyəti Azərbaycana səfər edərək ADNSU-da tədrislə tanış olmuşdular. Elə həmin səfər çərçivəsində 3 ixtisas (MS in Finance (MSF), MS in Master of Science in Information Systems (MSIS), MS in Master of Science in Marketing (MSM) üzrə Ziklin biznes məktəbi və ADNSU arasında əməkdaşlıq sazişinin imzalanması məsələsi müzakirə olunaraq tərəflər arasında razılığa gəlinmişdi.
Qeyd edək ki, 1919-cu ildə yaradılmış Ziklin biznes məktəbi dünyanın ən qocaman biznes məktəblərindən biri olmaqla yanaşı ABŞ-ın ən yaxşı biznes məktəblərindən biri kimi nüfuz qazanıb. Ziklin biznes məktəbi Nyu-York Şəhər Universitetinin AACSB (İdarəetmə Təhsili üçün Beynəlxalq Assosiasiya) tərəfindən akkreditasiya olunmuş yeganə struktur vahididir.


Tarix: 9-01-2020, 13:06

Xəbəri paylaş