BDU-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib
Bakı Dövlət Universitetində (BDU) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə rektor Elçin Babayev açıb. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qeyd olunan bu tarixi günün bütün dünya azərbaycanlılarının birliyinin və həmrəyliyinin simvolu olaraq böyük coşqu ilə qeyd edildiyini bildirib.
Bu ilin Azərbaycan üçün uğurlu olduğunu qeyd edən rektor E.Babayev ölkəmizin bir neçə beynəlxalq tədbirə ev sahibliyi etməsini xarici siyasət kursumuzun səmərəliliyi və yüksək beynəlxalq nüfuzunun göstəricisi olduğunu vurğulayıb. Qeyd edib ki, 2019-cu il həm də islahatlar ili kimi yadda qaldı. Həyata keçirilən dərin, gələcəyə yönəlmiş islahatların kökündə Azərbaycanın daha da inkişaf etməsi, qüdrətlənməsi əsas meyar kimi götürülüb. Vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlər, sosial sahədə həyata keçirilən islahatlar, ali məktəblərin elmi-texniki bazasının inkişaf etdirilməsi də yaddaqalan hadisələrindən oldu.
Rektor vurğulayıb ki, 2019-cu il, eyni zamanda, 100 illiyini qeyd edən Bakı Dövlət Universiteti üçün tarixi bir il oldu. Universitetin yubileyi dövlət səviyyəsində qeyd edildi. Prezident İlham Əliyevin təntənəli mərasimdəki əhatəli və təsirli nitqi bizim üçün bir proqramdır. 100 illik münasibətilə 800-ə yaxın əməkdaş Universitetin yubiley medalı ilə təltif olundu, 113 əməkdaş isə yüksək dövlət təltiflərinə layiq görüldü.
Rektor E.Babayev Universitetin professor-müəllim heyətini, tələbələrini təbrik edib, qarşıdakı ildə daha böyük uğurlar, cansağlığı və xoşbəxtlik arzulayıb.
Sonra BDU-nun Tarix fakültəsinin dekan əvəzi İbrahim Zeynalovun Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı məruzəsi dinlənilib.
Tədbir bədii hissə ilə davam edib.
Tarix: 30-12-2019, 13:50