Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Təhsil nazirinin müavini xüsusi tipli internat məktəblərində

 
3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Bakı şəhərində yerləşən Sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbində tədbir keçirilib.
Təhsil Nazirliyindən  bildiriblər ki, tədbirdə iştirak edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva məktəbin müəllim və şagird kollektivi ilə görüşüb, eyni zamanda, təhsil ocağının şəraiti ilə tanış olub və dərs prosesini izləyib.
M.Vəliyeva tədris prosesində interaktiv təlim metodlarından istifadənin əhəmiyyətini diqqətə çatdırıb.
Məlumat verilib ki, sözügedən təhsil müəssisəsi 1967-ci ildən fəaliyyət göstərir. Hazırda internat məktəbində 18 sinif komplektində 112 şagird təhsil alır. Xüsusi siniflərdə təhsil alan sağlamlıq imkanları məhdud şagirdlər onillik təhsil müddətini başa vurduqdan sonra xüsusi təhsil haqqında şəhadətnamə alırlar. Xüsusi təhsil proqramları ilə yanaşı, onlar məktəbin tədris emalatxanalarında tikiş, naxış salma, xalçaçılıq və dulusçuluq üzrə peşələrə yiyələnirlər. Müəssisənin nəzdində ayrıca ikimərtəbəli korpusda yerləşən reabilitasiya mərkəzi fəaliyyət göstərir. Mərkəzdə 139 uşaq reabilitasiya xidmətinə cəlb olunub.
İnternat məktəbində uşaqların təlim-tərbiyəsi ilə 55 nəfərdən ibarət pedaqoji heyət məşğul olur.
***
M.Vəliyeva, həmçinin Sumqayıt şəhəri İnteqrasiya təlimli internat tipli gimnaziyada 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə keçirilən tədbirdə iştirak edib.
Nazir müavini əvvəlcə şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olub.
Tədbir çərçivəsində şagirdlər oyun və rəqslər nümayiş etdirib, musiqi, şeir və nəğmələr səsləndiriblər.
M.Vəliyeva internat məktəbində yaradılmış şəraitlə də tanış olub. Bildirilib ki, təhsil müəssisəsi 1996-cı ildən fəaliyyət göstərir. Məktəbdə 2010-cu ildən ümumtəhsil sinifləri də fəaliyyətə başlayıb. Hazırda internat məktəbində 10 ümumtəhsil sinif üzrə 179 şagird, 29 xüsusi sinif üzrə 266 şagird təhsil alır. İnternat məktəbində uşaqların təlim-tərbiyəsi ilə 115 nəfərdən ibarət pedaqoji heyət məşğul olur.


Tarix: 2-12-2019, 21:49

Xəbəri paylaş