Gəncə Dövlət Universitetində şagirdlər üçün olimpiada keçirilib
Təhsil Nazirliyinin dəstəyi, Gəncə Dövlət Universitetinin (GDU) təşkilatçılığı ilə respublikanın qərb bölgəsindəki ümumtəhsil məktəblərinin 10-11-ci sinif şagirdləri üçün Azərbaycan tarixi, Ümumi tarix və Coğrafiya fənlərindən olimpiada təşkil edilib.
Olimpiadanın keçirilməsində məqsəd universitet-məktəb əməkdaşlığını genişləndirmək, məktəblilərin fənlərə marağını artırmaq, həmçinin yuxarı sinif şagirdlərinin gələcəkdə ixtisas seçiminə kömək etməkdir.
Əvvəlcə ümumtəhsil məktəblərinin müəllimləri, şagirdlər və valideynlər Gəncə Dövlət Universitetində yaradılan tədris mühiti, fənn kabinetləri və müasir laboratoriyalarla tanış olublar. Məktəblilərə universitetin beynəlxalq əlaqələri, həyata keçirilmiş akademik mübadilə proqramları, GDU-nun təmsil olunduğu beynəlxalq sərgilər və nailiyyətləri haqqında məlumat verilib.
Məktəblilərə və onların valideynlərinə son illərdə universitet alimləri tərəfindən aparılan elmi araşdırmalar və alınan nəticələr haqqında geniş məlumat verilib, olimpiadada yüksək nəticə göstərən şagirdlərin universitet alimlərinin rəhbərliyi ilə çöl-təcrübə işlərində və müxtəlif laboratoriyalarda aparılan təcrübələrdə iştirak edə biləcəkləri qeyd olunub.
Sonra şagirdlər Azərbaycan tarixi, Ümumi tarix və Coğrafiya üzrə biliklərini yoxlamaq üçün olimpiadaya qoşulublar.
Olimpiadada Gəncənin 30 ümumtəhsil məktəbi, xüsusən universitetin baza məktəbləri, eləcə də Samux rayonundan 16 ümumtəhsil məktəbi, Göygöl rayonundan isə 17 ümumtəhsil məktəbi olmaqla, ümumilikdə, 300 şagird iştirak edib. Məktəblilərin biliyinin test üsulu ilə müəyyənləşdirildiyi olimpiada üçün suallar universitetin Tarix-Coğrafiya fakültəsinin Azərbaycan tarixi, Ümumi tarix və Coğrafiya kafedrasının professor–müəllim heyəti - Sevinc Bağırzadə, Bəxtiyar Məhərrəmov, Aftandil İsgəndərov tərəfindən hazırlanıb. Olimpiadanın testləri 2 bölmə(rus və azərbaycan) olmaqla hər birində 50 sual, 1 variantda, 2 blokda tərtib edilib.
Bildirilib ki, bu cür olimpiadaların gələcəkdə həm digər elm sahələri, həm də bütün ixtisas qrupları üzrə keçirilməsi nəzərdə tutulur. Valideynlər universitet–məktəb əlaqələrinin bu cür uğurlu inkişafına görə GDU-nun rəhbərliyinə, alim və müəllimlərə minnətdarlıqlarını ifadə ediblə
Tarix: 2-12-2019, 16:52