Kimya-biologiya təmayüllü Respublika liseyinin yaradılmasının 50 illik yubileyi qeyd edilib
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Kimya-biologiya təmayüllü Respublika liseyinin yaradılmasının 50 illik yubileyi qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyasının xor kollektivinin ifasında dövlət himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra liseyin 50 illik tarixini və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Təhsil Nazirliyinin aparat rəhbəri Muxtar Məmmədov yubiley münasibətilə məktəbin kollektivini təbrik edərək ölkəmizdə elm və təhsilə göstərilən diqqət və qayğıdan söhbət açıb. O, Prezident İlham Əliyevin təhsil sahəsində imzaladığı sərəncamlarla Azərbaycan təhsilində həyata keçirilən islahatlar nəticəsində yüksək nailiyyətlər əldə olunduğunu diqqətə çatdırıb.
Bildirilib ki, Azərbaycanın təhsil müəssisələri arasında özünəməxsus yer tutan liseyin özəlliyi onun internat tipli olmasındadır. Liseydə yüksək təhsillə yanaşı, şagirdlərin milli dəyərlərə sadiqlik və vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi önəm verilir. Bu da onların gələcəkdə ölkəmizin hüdudlarından kənarda Azərbaycan elmini layiqincə təmsil etmələrinə şərait yaradacaq.
Tədbirdə liseyin direktoru Kamran Rəhimov rəhbərlik etdiyi təhsil müəssisəsinin yaranma tarixindən və fəaliyyətindən söz açıb. Qeyd olunub ki, 1969-cu ilin iyul ayında ulu öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsi ilə ölkəmizin inkişafında yeni bir tarixi mərhələ açıldı. Bu dövrdə təhsil sahəsində də böyük uğurlara imza atıldı. Kimya-biologiya təmayüllü Respublika liseyi də həmin ildə açıldı. Ölkəmizin aparıcı təhsil müəssisələrindən biri kimi fəaliyyətə başlayan məktəb tezliklə uğurlar əldə edə bildi. Sonrakı dövrlərdə də imicini qoruyub saxlamağa müvəffəq oldu.
K.Rəhimov qeyd edib ki, respublikanın hər yerindən istedadlı şagirdlərin təhsil almaları üçün liseyin Şirvan və Şəkidə filialları açılıb. Kimya-biologiya təmayüllü Respublika Liseyinin tədris korpusu əsaslı təmir olunaraq, burada müasir laboratoriyalar yaradılıb. Liseyin yataqxana binası isə təmirdən sonra şagirdlərin ixtiyarına verilib. Burada şagirdlərə daha yaxşı biliklər verilməsi üçün əlverişli şərait yaradılıb.
Lisey şagirdlərinin respublika fənn olimpiadalarında və ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticələr əldə etdiyini vurğulayan direktor savadlı kadrlar yetişdirərək gələcəkdə daha böyük uğurlara imza atacaqlarına əminliyini bildirib.
Sonra liseyin təhsil həyatında xidməti olan əməkdaşları mükafatlandırılıb.
Tədbirdə Milli Məclisin deputatı Azər Badamov, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, professor Kamran Musayev və başqaları məzunu olduqları liseyin ümumtəhsil məktəbləri arasında sayılıb-seçilən təhsil ocaqlarından biri olduğunu vurğulayıblar.
Qeyd edilib ki, liseyin məzunları təkcə respublika daxilində deyil, ölkə hüdudlarından kənarda da uğurlara imza atıblar. Respublika iqtisadiyyatının hər bir sahəsində, dövlət idarəetmə strukturlarında çalışan bu şəxslər ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsində və inkişafında əməklərini sərf ediblər.
Yubiley tədbiri bədii hissə ilə sona çatıb.
Tarix: 24-11-2019, 17:05