Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

AMEA-nın Mərkəzi Elmi Kitabxanası "Anar - 80...Şəxsiyyətin tarixi" kitabının təqdimatını keçirib.

 

Tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq "altmışıncılar" ədəbi nəslinin görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın ədəbiyyatımızın inkişafında müstəsna xidmətləri olduğunu söyləyib. Qeyd edib ki, XX əsrin 70-80-ci illərində ədəbi-ictimai mühitdə ümummilli ideallar uğrunda aparılan mübarizədə və müstəqillik dövründə yeni ədəbiyyatın yaradılmasında, bədii fikrin ölkə maraqlarına xidmətə istiqamətləndirilməsində Anarın özünəməxsus rolu var.
Akademik xalq yazıçısının “Molla Nəsrəddin” ədəbi məktəbinin böyük ənənələrini yenidən ədəbiyyatda canlandırmağa nail olduğunu, milli ədəbi fikri yeni ideyalar və yaddaqalan obrazlarla daha da zənginləşdirdiyini vurğulayıb.
Tədqimatı keçirilən kitab haqqında fikirlərini bölüşən İ.Həbibbəyli yeni nəşrdə Anarın 80 illik yubileyi ilə bağlı ədəbiyyatşünaslar, yazıçılar, elm adamları tərəfindən yazılmış məqalələrin toplandığını, müsahibələrin, təbrik məktublarının yer aldığını söyləyib, vəsaitin Anarşünas tədqiqatçılar üçün önəmli mənbə olduğunu bildirib.
Sonra kitabın tərtibçisi və "Ön söz"ünün müəllifi Gülxani Pənah, nəşrin elmi redaktoru, filologiya elmləri doktoru, millət vəkili Jalə Əliyeva, Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı Kamal Abdullayev, Xalq şairi Nəriman Həsənzadə, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan və digərləri çıxış edərək yazıçının yaradıcılığından, onun Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən danışıblar.


AMEA Mərkəzi Elmi Kitabxana
İctimaiyyətlə əlaqələr bölməsi


Tarix: 2-07-2019, 11:19

Xəbəri paylaş