Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU-da Azərbaycan ali məktəblərinin Times Higher Education ilə əməkdaşlığına həsr olunmuş görüş keçirilib

 
İyunun 4-də Azərbaycan Dövlət Neft və Sənaye Unuiversitetində (ADNSU) Azərbaycan Respublikası Təhsil Nazirliyi, ölkənin aparıcı ali məktəbləri və Times Higher Education (THE) təşkilatı arasında əməkdaşlıq məsələlərinin müzakirəsinə həsr olunmuş görüş keçirilib. Təhsil Nazirliyinin aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyevin və ümumilikdə ölkənin 9 ali məktəbinin rektorlarının iştirakı ilə keçirilən görüşü ADNSU-nun rektoru, professor Mustafa Babanlı açaraq dünya universitetlərinin reytinqinin dərc olunması sahəsində fəaliyyət göstərən Times Higher Education təşkilatı ilə əməkdaşlığın respublikanın ali təhsil müəssisələri üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
Times Higher Education təşkilatının Rusiya və MDB ölkələri üzrə Regional direktoru Yeqor Yablokov təmsil etdiyi şirkət haqqında məlumat verərək, hazırda dünyanın müxtəlif ölkələrindən olan universitetlərin THE-nin dərc etdiyi reytinqə düşmək üçün səy göstərdiyini və milli hökumətlərin bu işdə onlara dəstək göstərdiyini qeyd edib. Reytinqə düşmək üçün vacib meyar kimi ali məktəbin elmimetrik göstəricilərini qeyd edən Y.Yablokov THE təşkilatının Scopus elmi nəşriyyat bazasına istinad etdiyini bildirib.
“Elsevier” Elmi nəşriyyat evinin regional direktoru Aliya Ospanova Scopus nəşriyyat bazasının Web of Science-dan istinadların sayına görə üstün olduğunu qeyd edərək Azərbaycan ali məktəblərinin son illər ərzində Scopus bazasında dərc olunmuş məqalələri ilə bağlı statistikanı açıqlayıb. O Azərbaycandan olan elmi nəşrlərin Scopus bazasında dərci ilə bağlı kəmiyyət göstəricilərinin artırılması istiqamətində Azərbaycan ali məktəbləri ilə əməkdaşlığa hazır olduqlarını vurğulayıb.
“Elsevier”-in Elmi-tədqiqat həlləri istiqamətinin rəhbəri Dmitri Sultanov Azərbaycanda dərc olunan elmi jurnalların Scopus bazasına uyğunlaşdırılması və sonrakı indeksləşdirilməsi üçün məsləhət və konsultasiyalar verməyə, redaksiya əməkdaşları üçün təlimlər keçməyə və bütövlükdə beynəlxalq miqyasda istinadların sayının artırılması istiqamətində dəstək göstərməyə hazır olduqlarını bildirib.
Times Higher Education və Elsevier” Elmi nəşriyyat evinin nümayəndələri sualları cavablandırdıqdan sonra ADNSU-nun rektoru, professor M.Babanlı ali məktəb rektorlarına və təqdimatla çısış edən qonaqlara təşəkkürünü bildirib. O Azərbaycan ali məktəblərinin beynəlxalq miqyasda rəqabətqabiliyyətliliyinin yüksəlməsi üçün dünyanın aparıcı universitetlərinin reytinq cədvəlinə düşmənin əhəmiyyətini vurğulayaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin bu sahədə apardığı işi yüksək dəyərləndirib. ADNSU-nun rektoru, professor M.Babanlı Azərbaycan ali məktəblərinin Times Higher Education və Elsevier” Elmi nəşriyyat evi ilə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edərək tərəflərin qarşılıqlı faydalı əməkdaşlığa dair razılığa gələcəklərinə ümidvar olduğunu söyləyib. Görüş işçi qruplar səviyyəsində davam edib.


Tarix: 7-06-2019, 10:53

Xəbəri paylaş