ADNSU-da İsrailli mütəxəssislər tərəfindən 10 aylıq İT kursları təşkil olunacaq
Mayın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Hi-tech üzrə necə mütəxəssis olmaq olar - İsrail təcrübəsi” adlı tədbir keçirilib. Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, İsrailin "John Bryce Training" İT Tədris Mərkəzinin təsisçisi Eran Lasser, İsrail-Azərbaycan Ticarət Palatasının prezidenti Aleks Kaplun, həmçinin universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı universitetin "John Bryce Training" İT Tədris Mərkəzi ilə birgə təşkil edəcəyi İT kursları barədə məlumat verib. Mərkəzin İsrail ordusundakı kompüter mütəxəssisləri üçün təlimlər təşkil etdiyini bildirən rektor Mustafa Babanlı bu kursların tələbələr üçün əhəmiyyətini qeyd edib. Oktyabr ayında start götürəcək 10 aylıq kurslarda ilkin mərhələdə 90 nəfər tələbənin qəbulunun planlaşdırıldığını deyən rektor M.Babanlı ehtiyac yaranacağı təqdirdə bu sayın artırılacağını diqqətə çatdırıb.
Tədbirdə çıxış edən "John Bryce Training" İT Tədris Mərkəzinin təsisçisi, "Extreme Group" sədri Eran Lasser dəvət üçün ADNSU rəhbərliyinə təşəkkür edib. Özü haqqında tələbələrə ətraflı məlumat verən Eran Lasser universitetdə təşkil olunacaq İT kursları haqqında geniş təqdimatla çıxış edib.
Tədbirin sonunda rektor, professor Mustafa Babanlı və Eran Lasser tələbələri maraqlandıran sualları cavablandırıblar.
Tarix: 24-05-2019, 10:51