Məktəblilər AzTU-nun Milli Qəhrəmanlar və Şəhidlər muzeyini ziyarət ediblər
Mayın 14-də Bakının Xətai rayonunda yerləşən işğalda olan Zəngilan rayonu 7 saylı tam orta məktəbin şagirdləri Azərbaycan Texniki Universitetinin (AzTU) Milli Qəhrəmanlar və Şəhidlər muzeyini ziyarət ediblər. Məktəblilər burada Zəngilan rayonu 7 saylı tam orta məktəbinin və AzTU-nun məzunu olmuş, Aprel Şəhidi Müşviq Orucovun və digər Şəhidlərin xatirə lövhəsi, onlara aid eksponatlarla tanış olublar.
Muzeydə məktəblilərə Vətən uğrunda canından keçən Şəhidlərimizin tələbəlik həyatı, onların hər kəsə nümunə ola biləcək davranışları, xarakterləri ilə bağlı məlumat verilib.
Görüş zamanı AzTU-nun əməkdaşı Zöhrə Məmmədova şagirdlərə müəllifi olduğu “Əbədiyyətə qovuşanlar” kitabını hədiyyə edib. AzTU-nun məzunu olmuş Şəhidlər və Milli Qəhrəmanlardan bəhs edən “Əbədiyyətə qovuşanlar” kitabı ilə tanışlıqdan sonra məktəblilər muzeyin xatirə kitabına ürək sözlərini yazıblar.
Tarix: 15-05-2019, 10:56