AzTU-nun yeni prorektoru kolektivə təqdim olunub
Azərbaycan Respublikası Təhsil nazirinin əmri ilə Elton Məmmədov Azərbaycan Texniki Universitetində (AzTU) Strateji inkişaf üzrə prorektor təyin edilib.
AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov universitetdə yeni təsis edilən Strateji inkişaf üzrə prorektor vəzifəsinə təyin olunan Elton Məmmədovu kollektivə təqdim edib.
Məlumat üçün bildirək ki, Məmmədov Elton Arzuman oğlu 1954-cü ildə Ucar rayonununda anadan olub. 2007-ci ildə “Maye yanacaqların istilik-fiziki xassələri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2013-cü ildə “Neft sənayesinin ekoloji və texniki problemlərinin nanotexnoloji aspektləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsi alıb.
Elton Məmmədov 2007-ci ildən AzTU-nun “Neft sənayesinin texnoloji, ekoloji problemləri və nanokompozitlərin tədqiqi və tətbiqi” elmi-tədqiqat laboratoriyasının rəhbəri kimi yerli və beynəlxalq əhəmiyyətli layihələrin müəllifi olub və bu layihələrə rəhbərlik edib. Laboratoriyada Azərbaycanın müxtəlif regionlarından götürülmüş neft məhsullarının və lay sularının intensiv analizi və tədqiqi aparılır.
Professor Elton Məmmədovun araşdırmaları ARDNŞ ilə laboratoriya arsında qurulan əməkdaşlığa əsasən Neft məhsullarının reoloci xassələrinə metal nanohissəciklərin (MNH) təsirinin tədqiqi ilə bağlı «Bibiheybətneft»-də geniş tədqiqatlar aparılıb, neft sənayesi üçün mühüm əhəmiyyət kəsb edən səmərəli nəticələr əldə olunub.
Alimin neftin nəqlini asanlaşdıran reagentlərin deemulsasiya prosesinə təsirinin tədqiqi ilə bağlı araşdırmaları beynəlxalq şirkətlər tərəfindən böyük maraqla izlənilir.
Professor Elton Məmmədov AzTU-da pedaqoji fəaliyyəti dövründə universitetin strateji inkişafında, beynəlxalq əməkdaşlıqların qurulmasında, elmi potensialın yüksəldilməsində və xüsusi ilə sənaye müəsissələri ilə AzTU arasında əlaqələrin yaradılmasında yaxından iştirak edib.
Alimin MDB ölkələri, Avropa və Türkiyə alimləri, ali təhsil müəsissələri və elmi tədqiqat insititutları ilə mövcud olan əlaqələri onun xarici təcrübəni yaxından öyrənməsinə, Azərbaycan ali təhsil siteminin inkişaf etdirilməsinə böyük töhfələr verib. Elton Məmmədovun məzunu və fəxri professor olduğu Tomsk Arxitektura və İnşaat Mühəndisliyi Universitetində bu ilin mart ayında keçirilən beynəlxalq konfransda alimin elmi məruzəsi dinlənilib və “Vesti” jurnalında çap olunub. Məruzə Rusiya və Belarus alimləri üçün yeni elmi tədqiqat istiqaməti kimi qəbul olunaraq, bu yöndə elmi araşdırmalara start verilib.
Alimin pedaqoji fəaliyyətinə gəlincə isə, Elton Məmmədov təcrübəyönümlü tədris metodikasının tərəfdarı kimi tanınıb. Beləki, mühəndisin zavod və müəssisələrdə yetişməli olduğu fikrini müdafiə edən Elton Məmmədov şəxsi əlaqələr vasitəsi ilə dərslərin istehsalat müəssisələrində tədrisini təşkil etmiş və minlərlə gəncin yüksək ixtisaslı mühəndis kadr kimi yetişməsində birbaşa iştirak etmişdi.
Hazırda AzTU-nun “Neft sənayesinin texnoloji, ekoloji problemləri və nanokompozitlərin tədqiqi və tətbiqi” elmi-tədqiqat laboratoriyasının rəhbəri və “Avtomobil daşımaları və yol hərəkətinin təşkili” kafedrasının professor olan Elton Məmmədov 56 elmi əsərin, 3 monoqrafiyanın, 1 ixtiranın, eləcə də ali məktəblər üçün 2 dərsliyin müəllifidir.
Doğma Azərbaycan dilindən başqa rus, ingilis dilərini mükəmməl bilən professor Elton Məmmədov 3 çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib.
Ailəlidir, iki övladı var.
Tarix: 15-05-2019, 10:45