Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağı keçirilib
Mayın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağı keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Baş nazirin müavini Əli Əhmədov, müxtəlif dövlət qurumlarının və ali təhsil müəssisələrinin rəhbərləri, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və təşkilatlarının direktorları, KİV nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə AMEA-nın elmi nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar. Sərgidə akademiyanın institut və təşkilatları, regional bölmə və elmi mərkəzləri, eləcə də Rəyasət Heyəti üçün ayrılmış guşələrdə Azərbaycan, rus və ingilis dillərində müxtəlif nəşrlər və istehsal olunan yeni məhsullar nümayiş etdirilib.
Tədbirdə Azərbaycan elminin inkişafında xüsusi xidmətləri olan görkəmli alimlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə tədbir iştirakçılarını ümumi yığıncağın gündəliyi ilə tanış edib.
Sonra akademik Akif Əlizadə AMEA-nın 2018-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinə dair məruzə ilə çıxış edib. AMEA-nın rəhbəri dövlət siyasətinin mühüm strateji hədəflərinə uyğun olaraq, 2018-ci ildə də respublikamızda elm və təhsilin inkişafı istiqamətində görülən mühüm tədbirlər və əldə edilən uğurlar haqqında məlumat verib: “Ötən il AMEA tərəfindən elmi-texniki potensialın inkişaf etdirilməsi, multidissiplinar tədqiqatların aparılması, beynəlxalq elmi əlaqələrin genişləndirilməsi, elm, təhsil və iqtisadiyyat arasında əlaqələrin gücləndirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, elmi tədqiqat fəaliyyətinin əlaqələndirilməsi, elmi potensialın ölkənin sosial-iqtisadi problemlərinin həllinə yönəldilməsi və digər istiqamətlərdə mühüm işlər görülüb”.
Akademik Akif Əlizadə Prezident İlham Əliyevin ölkədə “Elm Günü”nün təsis edilməsi haqqında 2018-ci il 9 aprel tarixli Sərəncam imzaladığını xatırladaraq bunun dövlətimizin başçısının elmimizə diqqət və qayğısının daha bir göstərici olduğunu bildirib.
Diqqətə çatdırılıb ki, 2018-ci ildə AMEA-nın elmi müəssisələri 20-yə yaxın dövlət proqramının və digər tapşırıqların icrasında yaxından iştirak edib. Akademiyada dövlətin elm siyasətinin reallaşması üzrə mühüm elmi tədqiqat işləri və layihələr həyata keçirilib.
Elmlə təhsilin vəhdətindən danışan Akif Əlizadə qeyd edib ki, kadr hazırlığı sisteminin müasir standartlara uyğun təkmilləşdirilməsi, elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində tətbiqi məqsədilə hesabat ilində mühüm tədbirlər görülüb. 2018/2019-cu tədris ili üçün AMEA-nın magistraturasına 19 ixtisas, 48 ixtisaslaşma üzrə 67 nəfər yüksək balla qəbul olunub.
AMEA-nın prezidenti innovativ fəaliyyət sahəsində görülən işlər haqqında da məlumat verib. Hesabat ilində AMEA Yüksək Texnologiyalar Parkında (YTP) innovasiya mәhsullarının və yüksək texnologiyaların, həmçinin strateji əhəmiyyətli məhsulların hazırlanması, işlənilməsi, təkmilləşdirilməsi məqsədilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi istiqamətində mühüm nəticələr əldə edildiyini, 2018-ci ildə YTP-nin rezidentlərinin sayının 11-ə çatdığını deyib.
Akademik Akif Əlizadə beynəlxalq elmi əlaqələrdən də danışıb, 2018-ci ildə bir sıra xarici ölkələrin elmi müəssisələri ilə əməkdaşlığa dair imzalanan müqavilələrin əhəmiyyətindən bəhs edib.
Bildirilib ki, ötən il AMEA-nın əsas fəaliyyət istiqamətlərindən olan sosial sahədə də mühüm tədbirlər həyata keçirilib. Əməkdaşların sosial-iqtisadi hüquqlarının qorunması, iş və yaşayış şəraitinin yaxşılaşdırılması, əməkhaqlarının artırılması, onların istirahətinin və sağlamlıqlarının təmin olunması, mənzil təminatının həlli istiqamətində bir sıra işlər görülüb.
Məruzədən sonra AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev AMEA Rəyasət Heyətinin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair sualları cavablandırıb.
Yığıncaqda akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Şahin Mustafayev, Ə.Hüseynov adına İdarəetmə Sistemləri İnstitutunda laboratoriya rəhbəri, akademik Asəf Hacıyev və AMEA Rəyasət Heyəti aparatının elm və təhsil baş idarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış ediblər.
Tədbirdə ümumi yığıncağın qərar layihəsi müzakirə olunub. AMEA-nın Rəyasət Heyətinin 2018-ci ildəki fəaliyyəti qənaətbəxş hesab olunaraq hesabat təsdiq edilib. Qərara əsasən, AMEA-nın Rəyasət Heyətinə Prezident İlham Əliyevin elmin inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrasının davam etdirilməsi, dövlətin elmi-texniki siyasətinin işlənib hazırlanmasında və həyata keçirilməsində AMEA-nın iştirakının daha da gücləndirilməsi tapşırılıb. Həmçinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nin və digər dövlət proqramlarının həyata keçirilməsi ilə bağlı müvafiq qurumlarla əməkdaşlığın və elmi tədqiqat işlərinin gücləndirilməsi, ümummilli lider Heydər Əliyevin respublikamızda hakimiyyətə gəlməsinin 50 illik yubileyi ilə əlaqədar onun ölkəmizin siyasi, ictimai və mədəni həyatında oynadığı tarixi rolunun elmi əsaslarla araşdırılmasının davam etdirilməsi və “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” dövlətimizin başçısının Sərəncamının və Nazirlər Kabinetinin müvafiq qərarının icrası istiqamətlərində tapşırıqlar verilib. Qərarda nüvə fizikası, nanotexnologiyalar və nanostrukturlar, informasiya texnologiyaları, tətbiqi riyaziyyat və riyazi modelləşdirmə, süni intellekt sistemləri və mexatronika, astrofizika, kimya texnologiyasının və materialşünaslığın nəzəri problemləri, neft kimyası və üzvi sintez, böyük dərinlik neftləri, geodinamika və seysmologiya, qlobal dəyişikliklər və iqlim, molekulyar biologiya, gen mühəndisliyi, əhalinin sağlamlığı və biotibb üzrə fundamental və tətbiqi tədqiqatlara prioritet elmi istiqamətlər kimi üstünlük verilməsi əksini tapıb. Bundan başqa, Azərbaycan tarixi, ədəbiyyatı, dili, incəsənəti və folklorunun regional və qlobal problemləri, sosial və etnik proseslər, qlobal iqtisadi, siyasi, hüquqi faktorların ölkəmizə potensial təsiri ilə bağlı tədqiqatların davam etdirilməsi tapşırılıb. Həmçinin AMEA-da əldə olunan mühüm elmi nəticələrin nüfuzlu elmi bazalara inteqrasiyasının daha da sürətləndirilməsi, akademiyada nəşr olunan jurnalların bu bazaların tələblərinə uyğunlaşdırılması üçün zəruri tədbirlərin davam etdirilməsi, AMEA-da magistratura təhsilinin daha da inkişafı, AMEA-nın Yüksək Texnologiyalar Parkının yerli və beynəlxalq elmi-texnoloji şirkətlərlə və biznes strukturları ilə əməkdaşlığının genişləndirilməsi və digər istiqamətlərdə tapşırıqlar verilib.
Yığıncaqda AMEA-nın vitse-prezidenti və Kimya Elmləri Bölməsinin akademik-katibi vəzifələrinə seçkilər keçirilib. Gizli səsvermə yolu ilə keçirilən seçkilərdə AMEA-nın həqiqi üzvləri iştirak ediblər. Seçkilərin nəticəsinə görə, akademik Rasim Əliquliyev AMEA-nın vitse-prezidenti, akademik Vaqif Fərzəliyev isə Kimya Elmləri Bölməsinin akademik-katibi vəzifələrinə seçiliblər. AMEA-nın akademik-katibi vəzifəsini AMEA-nın müxbir üzvü Əminağa Sadıqov icra edəcək.
Sonra BMT-nin Baş Assambleyası tərəfindən 2019-cu ilin “Beynəlxalq Kimyəvi Elementlərin Dövri Cədvəli İli” elan olunması ilə əlaqədar D.İ.Mendeleyevin “Kimyəvi Elementlərin Dövrü Qanunu”nun kəşfinin 150 illiyinə həsr olunan elmi sessiya işə başlayıb.
AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev “Kimyəvi elementlərin dövri sistemi təbiətin fundamental qanunlarından biridir” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, kimyəvi elementlərin dövri cədvəli kimyəvi elementləri sistemləşdirməklə bərabər fizika, kimya, biologiya, geokimya, kristalloqrafiya, astrofizika və digər elmlərin də inkişafında mühüm rol oynayır. XX əsrdə dövri cədvəl bir çox dəyişikliklərə məruz qalmasına baxmayaraq, son nəticədə daha təkmil vəziyyətə gətirilib.
Məruzəçi Azərbaycanda qeyri-üzvi funksional materialların, yarımkeçiricilərin və topoloji izolyatorların məqsədli sintezi sahəsində axtarışlarda dövri cədvəlin mühüm rolundan bəhs edib, AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda son illərdə bu istiqamətdə əldə edilmiş elmi nəticələr haqqında məlumat verib.
Elmi sessiyada Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri, akademik Adil Qəribov, Bakı Dövlət Universitetinin kimya fakültəsinin dekanı, professor Əbdülsəid Əzizov və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kimya və qeyri-üzvi maddələrin texnologiyası kafedrasının müdiri, kimya elmləri doktoru Yunis Qəhrəmanov çıxış ediblər.
Daha sonra yekun nitqi söyləyən akademik Akif Əlizadə doktorantura təhsilinin Avropa təhsil sisteminə inteqrasiyasını təmin etmək məqsədilə Avropa İttifaqının “Erasmus+” proqramının “Nizami” layihəsi çərçivəsində müvafiq tədbirlərin davam etdirilməsinin, gənc alimlərin təcrübə keçmək və təhsil almaq məqsədilə dünyanın nüfuzlu elmi mərkəzlərinə və ali təhsil müəssisələrinə göndərilməsi istiqamətində fəaliyyətin daha da gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Qeyd edilib ki, multidissiplinar tədqiqatların gücləndirilməsi istiqamətində riyaziyyat və informatikanın elmin müxtəlif sahələrinə tətbiqinə xüsusi diqqət ayrılmalı, alimlərimiz dövlət siyasətinin mühüm prioritetlərindən birini təşkil edən qeyri-neft sektorunun inkişafına öz töhfələrini verməlidirlər.
Sonda akademik Akif Əlizadə Azərbaycan alimlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tarix: 3-05-2019, 14:45