Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU-da 30 aprel terror hadisəsi qurbanlarının xatirəsi yad edilib

 
Aprelin 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 30 aprel terror qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Universitetin professor-müəllim heyəti, tələbələr, terror qurbanlarının yaxınlarının iştirak etdiyi anım mərasimi faciə qurbanlarının xatirəsinə qoyulmuş barelyefin önündə başlayıb. Barelyefin önünə ADNSU kollektivi adından əklil qoyulub, gül dəstələri düzülüb.
Tədbirdə çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı 10 il əvvəl baş vermiş dəhşətli terror hadisənin hər kəsin qəlbində dərin iz buraxdığını bildirib. Həmin gün ADNSU-nun çox qiymətli müəllim və tələbələrini itirdiyini deyən rektor M.Babanlı onların xatirəsinin universitetdə daim əziz tutulacağını qeyd edib.
Daha sonra tədbir iştirakçıları ADNSU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə tələbələrin 30 aprel faciəsinə həsr etdikləri rəsmlərdən ibarət sərgi ilə tanış olublar.
Sonra 30 aprel hadisəsindən bəhs edən və universitetin istehsalı olan “Bir sal yADıNA” sənədli filmi nümayiş olunub. Filmə baxışdan sonra rektor, professor M.Babanlı belə bir terror hadisənin bir daha baş verməyəcəyinə inandığını qeyd edib və ölkəmizin inkişafına eləcə də təhsilə töhfə verməklə onların ruhu qarşısında öz borcumuzu yerinə yetirə biləcəyimizi bildirib.
Terror aktı qurbanlarının yaxınları öz fikirlərini bölüşüb, həlak olanların xatirəsinin universitetdə daim yad edilməsinə görə təşəkkürlərini ifadə ediblər.
Azərbaycan Respublikası Təhsil Naziri Ceyhun Bayramov ADNA-da törədilmiş terror hadisəsi qurbanlarının xatirəsini yad etmək üçün ADNSU-da olub.
Nazir C.Bayramov terror qurbanlarının xatirəsinə qoyulmuş barelyefin önünə gül dəstəsi qoyduqdan sonra həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verərək 10 il əvvəl baş verən terror aktını pisləyərək terrorizmə qarşı mübarizənin gücləndirilməsinin əhəmiyyətindən danışıb.


Tarix: 1-05-2019, 11:07

Xəbəri paylaş