Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

BƏŞƏRİYYƏTİN DÜÇAR OLDUĞU BƏLA

 
Müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və narkobiznesdir.
Bu fikirlər Gəncə Dövlət Universitetində “Narkotik vasitələrin, psixotropik maddələrin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizə” mövzusunda keçirilən konfransda səsləndirilib.
Konfransdan öncə narkomaniyanın acı fəsadlarından bəhs edən “Bəla” qısametrajlı filmi nümayiş etdirilib.
Konfransı açan universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva bildirib ki, Narkomaniya ilə bağlı problemləri daim ictimaiyyətin nəzarəti altında saxlamaq məqsədilə BMT iyun ayının 26-nı Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan edib.
Ulu öndər Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, 26 avqust 1996-cı il tarixdə müvafiq fərman imzalayıb. Bu Fərman əsasında 2000-ci ilə qədərki dövr üçün narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Ümummilli Proqram hazırlanıb, Narkomanlığa və Narkotik Vasitələrin qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılıb, 18 iyun 1999-cu ildə Milli Məclis tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” qanun qəbul olunub. Bəşəri bəla olan narkomaniyanın sərhəd tanımadan genişlənməsi ölkəmiz üçün həlli vacib məsələlərdən birinə çevrildiyindən, dövlətimiz bütün qüvvə və imkanlarını səfərbər edərək bu bəlanın kökünün kəsilməsi istiqamətində gedən əsaslı beynəlxalq mübarizəyə qoşulub, bu sahədə həyata keçirilən işlər çərçivəsində zəruri qanunvericilik bazası yaradılıb, institusional islahatlar həyata keçirilib. Azərbaycan müvafiq beynəlxalq sənədlərə və təşəbbüslərə qoşulub. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı Prezident İlham Əliyevin 13 fərmanı, 36 qanunu və 54 sərəncamı, Nazirlər Kabinetinin isə 23 qərar və 5 sərəncamının qəbulu ölkəmizdə məhz bu bəlaya qarşı görülən işlərin ciddiliyinin nəticəsidir.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova bildirib ki, Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir. Cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır.
Bəşəriyyət üçün bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biri dənarkomaniyadır. Silah, insanalveri, orqanların transferi kimi təhlükəli bəlalarla eyni səviyyədə qorxulu olan cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya vurğulandığı kimi, sərhəd tanımayan, qlobal xarakter daşıyan beynəlxalq problemə çevrilib. Bu problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi xüsusi ilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi prioritet məsələdir. Narkotik maddələrin gənclər və yeniyetmələr arasında daha çox yayılma təhlükəsini nəzərə alaraq, bir çoxölkələrdə “Narkotiksiz gələcək naminə” milli proqramların qəbulu da təbii ki, sağlam gələcəyimiz üçün məsuliyyət hissindən yaranan vətəndaş borcudur. Bu proqramlara təhsil, səhiyyə ocaqlarında, hüquq mühafizə orqanlarında və digər təşkilatlarda narkomaniyanın ziyanı barədə maarifləndirilmə kampaniyaları daxildir.
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb bölgəsində Regional Şöbənin baş əməliyyat müvəkkili, polis mayoru Rafiq Əhmədov vurğulayıb ki, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyanı narahat edən əsas problemlərdən biridir. Bu problem insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir.
Bildirilib ki, ölkəmizdə qanunsuz yollarla külli miqdarda narkotik vasitələri gətirən, onları tranzit kimi istifadə etməklə ölkəmizin ərazisindən daşıyan və satışı ilə məşğul olan şəxsləri müəyyən edərək istintaq orqanlarına təqdim etmək, iqlim şəraitinə görə ölkəmizdə bitən yabanı halda narkotik xassəli çətənə və xaş-xaş bitkilərini aşkar edərək məhv etmək və onları əkib becərən şəxsləri müəyyən edib istintaq orqanlarına təqdim etmək, narkotik vasitələrin insan orqanizmi üçün törətdiyi fəsadlar və təhdidlərlə bağlı əhali, o cümlədən azyaşlı və yeniyetmələrlə maarifləndirmə işini təşkil etmək daxili işlər orqanları əməkdaşlarının fəaliyyətinin əsasını təşkil edir.
Gəncə Şəhər 6 saylı Poliklinikanın Terapiya şöbəsinin müdiri Tükəzban Məmmədova, Gənclər və İdman Baş İdarəsinin gənclərlə iş sektorunun baş məsləhətçisi Xəyalə Qurbanova, Ümumi tarix kafedrasının baş müəllimi Nərgiz Rəsulova və Tarix–coğrafiya fakültəsinin 4-cü kurs tələbəsi Çinarə Hümbətova çıxışlarında qeyd ediblər ki, narkomaniyaya qarşı mübarizəni gücləndirməklə gələcəyimizi, sağlamlığımızı qoruyur, dövlətçiliyimizi daha da möhkəmləndirmiş oluruq. Azərbaycanın gələcəyi kimi dəyərləndirilən gənclərin sağlamlığının təminatı daim diqqətdə saxlanılan məsələdir. Ölkəmizin davamlı inkişafı hər bir problemin uğurlu həllinə, qarşıya qoyulan məqsədə yüksək səviyyədə nail olmağa stimul verir.


Tarix: 26-04-2019, 11:29

Xəbəri paylaş