Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Mədəniyyət Nazirliyinin Mədəniyyət Üzrə Elmi-Metodiki Və İxtisasartırma Mərkəzi ilə Memorandum imzalanıb

 

Gəncə Dövlət Universiteti ilə Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi arasında Uşaq Musiqi və İncəsənət Məktəblərində çalışan pedaqoji heyətin hazırlıq səviyyəsinin yüksəldilməsi, mədəniyyət sahəsində tələbələr arasında könüllülük fəaliyyətinin təşviqi, həmçinin birgə əməkdaşlığın əsas istiqamətlərini özündə əks etdirən Memorandum imzalanıb.
Tədbirdə GDU-nun professor-müəllim heyəti, ictimai fəal tələbələr və Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin rəhbərliyi iştirak edib.
Qonaqları salamlayan Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov gələcək əməkdaşlığın üstünlüklərindən danışıb.
Bildirilib ki, hazırda respublikamızın Qərb bölgəsində ən böyük ali təhsil müəssisəsi olan Gəncə Dövlət Universiteti əsasən yüksək ixtisaslı pedaqoji kadrlar hazırlayan, 80 illik tarixə və zəngin ənənələrə malik elm-təhsil müəssisəsi olmaqla yanaşı, həm də böyük mədəni və intellektual mərkəzdir.
Məhz universitetdə keçirilən kütləvi-mədəni tədbirlər, xüsusən tələbələr tərəfindən böyük maraqla qarşılanan könüllü qış və yay məktəbləri, çoxsaylı festivallar, milli və beynəlxalq bayramlar, fləşmoblar, sərgilər, müsabiqələr, təqdimatlar, eləcə də digər maarifləndirici tədbirlər universiteti zəngin ənənəyə malik mədəni mərkəzə çevirib.
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev çıxışında bildirib ki, imzalanacaq memorandum daha çox fəal gənclərin yüksək ixtisaslı, peşəkar kadrlar kimi gələcəkdə mədəniyyət müəssisələrində fəaliyyətinə geniş imkanlar yaradacaq.
Qeyd edilib ki, ali məktəblə əməkdaşlığın əsas predmeti Uşaq Musiqi və İncəsənət Məktəblərinin müəllimləri üçün müxtəlif təlimlərin təşkili ilə yanaşı, müvafiq tədris proqramlarının hazırlanması və Gəncə Dövlət Universitetinin tələbələri üçün təcrübə keçmələrinin təşkilindən ibarətdir.
Həmçinin gələcəkdə birgə əməkdaşlıq nəticəsində digər layihələrin reallaşdırılacağı da vurğulanıb.
Azərbaycanda mədəniyyətin bütün sahələrinin inkişaf etdirilməsinin hazırda dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu deyən Elm və innovasiylar üzrə prorektor, Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib ki, GDU-da bu prosesdə yaxından iştirak edir.
Son illərdə Azərbaycanda keçirilən bir çox beynəlxalq mədəni tədbirlərdə və ASAN Xidmətin gündəlik fəaliyyətində gənclərin könüllü olaraq yaxından iştirak etdiyini deyən Pərvin Kərimzadə ölkəmizdə könüllülük fəaliyyətinin gənclər arasında qısa müddətdə zəngin təcrübəyə malik böyük bir hərəkata çevrildiyini təqdirəlayiq hal kimi dəyərləndirib. Həmçinin universitetdəki digər fəal gənclərin də gələcəkdə dövlətin könüllülük hərəkatına qoşulacağına və Azərbaycan dövlətinin milli maraqları naminə ümumi işə töhfə verəcəklərinə əminlik ifadə olunub.
Mərkəzin elmi katibi Cavid Əliyev dövlətin idarə olunmasında gənclərin və könüllülük təsisatlarının rolundan, eləcə də tarixən aparıcı qüvvəyə malik gənclərin səmərəli və effektiv fəaliyyətindən, müasir çağırışlardan bəhs edib.
Könüllülük fəaliyyəti və gənclər mövzusunda təqdimatla çıxış edən Gənc mədəniyyət işçiləri ilə iş şöbəsinin müdiri Ceyhun Əhmədov könüllülük fəaliyyəti, bu fəaliyyətin mənəvi üstünlükləri, hər bir fərdin bilik və bacarıqlarının, peşəkarlıq və peşə etikasının formalaşmasına könüllülüyün rolu, Azərbaycanda könüllülük və onun tarixi motivləri, beynəlxalq təcrübədə könüllülük fəaliyyəti, hazırki beynəlxalq könüllülük proqramları haqqında ətraflı məlumat verib.
Mərkəzin İnnovativ inkişaf və təbliğat şöbəsinin müdiri Nurəddin Babazadə çıxışında gəncləri mədəniyyət sahəsində könülllük fəaliyyətinə qoşulmağa dəvət edib. Mədəniyyət sahəsində könüllü olmağın Azərbaycanın tarixi maddi-mədəni irsinin qorunmasına və beynəlxalq aləmdə təbliğinə yönələn fəaliyyət olduğunu deyən Nurəddən Babazadə ölkəmizdə, xüsusən ASAN Xidmət könüllülüərinin fəaliyyətini sosial innovasiyalar sahəsində dünyaya təqdim edilə biləcək ən mükəmməl model olduğunu vurğulayıb.
Çıxışlardan sonra Gəncə Dövlət Universiteti ilə Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi arasında Memorandum imzalanıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri
 Rauf Hacıyev


Tarix: 19-04-2019, 11:38

Xəbəri paylaş