Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU-nun nümayəndə heyəti SOCAR-ın Qaz Emalı Zavodunda təcrübə keçən tələbələrlə görüşüb

 
Aprelin 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlının rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Dövlət Neft Şirkətininin (SOCAR) Qaz Emalı Zavodunun rəhbər heyəti və əməkdaşları ilə görüş keçirib.
ADNSU nümayəndələrini Qaz Emalı Zavodunda görməkdən məmnun olduğunu deyən zavodun direktoru Aqşin Paşayev təmsil etdiyi qurum haqqında məlumat verib. Hazırda ADNSU-nun 33 nəfər tələbəsinin zavodda istehsalat təcrübəsi keçdiyini deyən Aqşin Paşayev onların hazırlıq səviyyəsini yüksək qiymətləndirib. Zavodda çalışan 158 nəfər ali təhsilli mütəxəssisdən 63-nün ADNSU məzunu olduğunu diqqətə çatdıran A.Paşayev müəssisədə ehtiyac duyulan ixtisaslı kadrların hazırlanmasında ADNSU-nun böyük rolu olduğunu bildirib.
Səmimi qəbula görə, müəssisə rəhbərliyinə təşəkkürünü bildirən ADNSU-nun rektoru, professor Mustafa Babanlı tədbir iştirakçılarına universitetdə son dövrdə həyata keçirilən islahatlar haqqında məlumat verib. Universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi, qəbul prosesi, elektron təhsil sisteminin tətbiqi, ingilisdilli ixtisasların tədrisi və s. barədə danışan rektor Mustafa Babanlı ölkə üçün peşəkar mütəxəssislərin hazırlanması üçün birgə əməkdaşlığın vacibliyini vurğulayıb.
Görüşdə tələbələrin buraxılış işi mövzularının müəssisə ilə uyğunluğu, universitetin gündəlik təcrübə proqramının Qaz Emalı Zavodunda tətbiqi və başqa məsələlər müzakirə olunub.
Daha sonra zavodda istehsalat təcrübəsinə cəlb olunan ADNSU tələbələri ilə görüş keçirilib, onları maraqlandıran suallar cavablandırılıb.


Tarix: 19-04-2019, 11:29

Xəbəri paylaş