Naxçıvan Müəllimlər İnstitutunun Təbiət və incəsənət fakültəsinin tələbələri açıq səma altında etüddə olublar
Bu gün Naxçıvan Müəllimlər İnstitutunun Təbiət və incəsənət fakültəsinin Təsviri incəsənət müəllimliyi ixtisası üzrə IV kurs tələbələri açıq səma altında etüddə olmuşlar. Etüd Gülüstan türbəsi ərazisində keçirilib. Tələbələrə İnstitutun Təbiət və incəsənət fakültəsinin dekan müavini Çapay Quliyev və İnstitutunun baş müəllimi, əməkdar rəssam, həmin kursda kompozisiya, bədii yaradıcılıq fənninin tədris edən müəllim Həbibə Allahverdiyeva rəhbərlik etmişdir.
İlk öncə H.Allahverdiyeva Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin 07 oktyabr 2015-ci ildə imzaladığı sərəncama əsasən bərpa olunan Əcəmi Naxçıvanı memarlıq məktəbinin yadigarı Gülüstan türbəsi haqqında məlumat vermiş, Naxçıvanın qədim memarlıq incilərindən olan bu türbənin tarixi haqqında, memarlıq quruluşundan danışmışdır. Sonra tələbələr seçdikləri tərəfdən türbənin gözəl görüntülərini öz tablolarında əks etdirmişdir. Gənc rəssamlar mənzərə və türbə təsvirlərini kətan üzərində yağlı boya və karton üzərində karandaşla çəkilmişdir. Etüddə böyük həvəslə iştirak edən tələbələr oradan zəngin təəssüratla ayrılmışlar.
Bu etüdün keçirilməsi tarixi-memarlıq abidələrimizin tanıdılması, təbliği, tələbələrin bilik və bacarıqlarının artırılması baxımında böyük əhəmiyyət daşıyır.
Tələbələrin işlədikləri etüdlar semestrin sonunda İnstitutun sərgi salonunda keçiriləcək "Məzun" sərgisində nümayiş etdiriləcəkdir.
Tarix: 10-04-2019, 11:27