Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycan-Fransız Universitetində “Frankofon universitet sərgisi 2019” keçirilib

 

Aprelin 7-də “Frankofoniya həftələri” çərçivəsində Azərbaycan-Fransız Universitetində (UFAZ) “Frankofon universitet sərgisi 2019” keçirilib.
Sərginin açılış mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan-Fransa əlaqələrinin tarixindən, eləcə də iki ölkə arasında təhsil sahəsində əməkdaşlıqdan danışıb. Qeyd edib ki, müasir dövrdə iki ölkə arasında əlaqələr keyfiyyətcə yeni zirvədədir. Azərbaycanın 345 orta məktəbində 59947 şagird fransız dilini xarici dil kimi öyrənir, 7 ali təhsil ocağında fransız dili xarici dil kimi tədris edilir. Bakı Slavyan Universitetində V.Hüqo adına fransız dili və mədəniyyəti mərkəzi, Azərbaycan Dillər Universitetinin nəzdində Fransa məlumat mərkəzi Azərbaycanda fransız dilinə və ədəbiyyatına diqqət yetirilməsinə imkan yaradır. “SABAH” qruplarında 2015-2018-ci illərdə Fransa səfirliyinin dəstəyi ilə fransız müəllimlər tərəfindən bu dil tədris edilib. Habelə 2011-ci ildə Fransa və Azərbaycan prezidentlərinin təşəbbüsü və dəstəyi ilə yaradılmış Bakı Fransız Liseyi uğurla fəaliyyət göstərir. Hazırda liseydə 150 şagird təhsil alır. Azərbaycan-Fransız Universitetində 400-dən çox tələbə təhsil alır. Burada hər il dövlət sifarişi ilə yerlər ayrılır. Cari tədris ilində universitetə qəbul edilmiş 160 nəfərdən 120-si dövlət sifarişi əsasında təhsil alır. Bu universitetin maddi-texniki bazası ən yüksək səviyyədə olub, müasir tələblərə cavab verir. UFAZ həm Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, həm də Strasburq Universitetinin diplomunu verə bilir. İkili diplom proqramlarının tətbiqində UFAZ-ın fəaliyyəti Azərbaycan üçün bir nümunədir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nda əsas istiqamətlərdən biri də ikili diplom proqramının tətbiqi ilə bağlıdır. Bizim digər universitetlərimiz, məsələn, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti də Fransa universitetləri ilə bu istiqamətdə fəaliyyətlərini gücləndirirlər. Bunlar iki ölkə arasında bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də əlaqələrin çox güclü olduğunu göstərir. Bu əlaqələrə bariz nümunələrdən biri olan “Frankofon universitet sərgisi 2019” da əməkdaşlığın inkişafına öz töhfəsini verəcək.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı qeyd edib ki, XIX əsrin axırlarında Bakıda əsas xarici dil kimi fransız dili xüsusi yer tutub. Bu fakt hələ o dövrdə iki xalqın mənəvi cəhətdən bir-birinə yaxın olduğunu göstərir. Eləcə də Azərbaycan Xalq Cümhuriyyət dövründə Azərbaycan müstəqil dövlət kimi öz sözünü məhz Parisdə deyə bilib. Sonrakı dövrdə Fransa Azərbaycanın dövlət müstəqilliyini tanımış ilk dövlətlərdən olub. Azərbaycan-Fransız Universiteti fransız dilini, mədəniyyətini Azərbaycana gətirmək baxımından çox gözəl layihədir. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti bu layihənin bir hissəsi olmaqdan qürur duyur. Məqsədimiz UFAZ-ın keyfiyyətini daha yüksəyə qaldırmaqla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bütün proqramlarını, bütün tələbələrini həmin səviyyəyə gətirməkdir.
Fransanın Azərbaycandakı səfiri Orelia Buşez “Frankofon universitet sərgisi”nin Bakıda ikinci dəfə təşkilindən məmnunluğunu bildirib. Qeyd edib ki, dünyanın 120 ölkəsində 900-dək frankofon universitet mövcuddur. UFAZ ən uğurlu universitet modelllərindən biridir və Fransada bir nümunə olaraq təqdim edilir. UFAZ-da təhsil alan tələbələrin qarşısında geniş imkanlar mövcuddur. Eləcə də Azərbaycan məktəblərində fransız dili yüksək səviyyədə tədris edilir.
Tədbirdə çıxış edən Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku, Moldova səfiri George Leuka öz ölkələrində fransız dilinin tədrisi ilə yanaşı, Azərbaycanla təhsil sahəsində əməkdaşlıqdan da söz açıblar. Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Aİ-nin “Erasmus+” proqramından danışıb, Aİ ilə Azərbaycan arasında əməkdaşlığın yüksək səviyyəsini qeyd edib.
Tədbir iştirakçıları sərgi ilə tanış olublar.
“Frankofon universitet sərgisi” 2018-ci ildə Bakıda Fransanın Azərbaycandakı səfirliyinin təşəbbüsü və Beynəlxalq Frankofoniya Təşkilatının bir sıra üzv və müşahidəçi ölkələrinin əməkdaşlığı çərçivəsində yaradılıb. Azərbaycanda “Frankofoniya həftələri” çərçivəsində keçirilən bu tədbirin məqsədi iştirakçı universitetlərin ali təhsil imkanlarını təqdim etməklə fransız dilinin öyrənilməsinin üstünlüyünü vurğulamaqdan ibarətdir.
Daha sonra sərgi iştirakçıları təqdimatlar ediblər.

AZƏRTAC


Tarix: 8-04-2019, 13:28

Xəbəri paylaş