Aprel zəfərinin üçüncü ildönümü - cəbhə xəttində
Aprelin 4-də Təhsil və Müdafiə nazirliklərinin birgə təşkilatçılığı ilə Füzuli rayonunun Horadiz şəhərində aprel zəfərinin üçüncü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirin keçirilməsində əsas məqsəq Azərbaycanın müasir hərb tarixinin zəfər səhifəsi sayılan aprel döyüşlərinin üçüncü ildönümünü qeyd etmək, yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsinə töhfə verməkdir.
Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Müdafiə Nazirliyi Mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, general-mayor Rasim Əliyev, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, millət vəkilləri, media qurumlarının rəhbərləri, KİV nümayəndələri, hərbçilər, tələbə-könüllülər, şagird və müəllimlər iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Füzuli rayonunun Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzinə gələrək, ümummilli liderin abidəsi önünə gül dəstələri qoyublar.
Sonra Horadiz şəhərində ucaldılmış “Aprel şəhidlərinə xatirə” abidəsi ziyarət edilib, şəhidlərin xatirəsi ehtiramla anılıb. Abidənin yaxınlığındakı ərazidə və Cocuq Mərcanlıya gedən yolun kənarında milli vətənpərvərlik musiqisinin sədaları altında aprel zəfərindən ötən hər gün üçün 1100 ağac əkilib. Qeyd edək ki, ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təqdim olunub.
Daha sonra tədbir iştirakçıları ön xəttə yollanıb, əsgərlərin xidmət şəraiti ilə tanış olublar. Əsgər və zabitlərlə görüş zamanı təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Milli Ordusunun 2016-cı ilin aprel ayında həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində strateji mövqelərə nəzarət bərpa olunub və ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində mühüm qələbə qazanılıb. Firudin Qurbanov Milli Ordumuzun şanlı tarixinə çevrilmiş aprel döyüşlərinin hər bir vətəndaşda qürur hissi yaratdığını qeyd edib.
Nazir müavini vurğulayıb ki, aprel döyüşlərində qazanılan qələbənin ildönümünün hər il qeyd olunması xalqımızın mübarizə ruhunu və yüksək vətənpərvərlik hissini bir daha nümayiş etdirir. Firudin Qurbanov işğal altındakı digər torpaqlarımızın da işğaldan azad ediləcəyinə əminliyini ifadə edib.
Əsgərlərlə söhbət zamanı Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, general-mayor Rasim Əliyev aprel şəhidlərinin şücaətindən söz açıb. Rasim Əliyev bildirib ki, 2016-cı ilin aprel ayında Azərbaycan ordusu düşməni tam məğlub etməyə hər zaman hazır olduğunu nümayiş etdirib. General-mayor Azərbaycan ordusunun işğal altındakı bütün torpaqlarımızı azad etməyə tam qadir olduğunu vurğulayıb.
Daha sonra təhsil nazirinin müavini Firudin Qurbanov və tədbir iştirakçıları Cəbrayıl rayonunun Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin şagird və müəllim kollektivi ilə görüşüb. Şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər. Məktəbə Təhsil Nazirliyi tərəfindən idman ləvazimatları hədiyyə olunub.
Sonda tədbir iştirakçıları Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissədə əsgər və zabitlərlə birgə nahar ediblər.
Tarix: 5-04-2019, 11:09