Azərbaycanlı müəllimlər Lester Universitetində səfərdə olublar
Ölkənin ümumtəhsil məktəblərini təmsil edən 15 nəfər müxtəlif fənn müəllimi Böyük Britaniyanın Lester Universitetində səfərdə olub.
Səfərin məqsədi seçilmiş müəllimlərin peşəkarlıq səviyyəsini və mentorluq bacarıqlarını artırmaq, qabaqcıl təcrübələri Azərbaycanda təbliğ etməkdir.
Səfər proqramına müəllimlərin tədris fəaliyyətinin mövcud vəziyyətini təhlil etmək, təlim prosesini düzgün planlaşdırmaq, formativ qiymətləndirmə vasitələrindən istifadə, ölçüləbilən təlim məqsədlərini müəyyənləşdirmək, şagirdlərlə səmərəli əks-əlaqənin təmini, dərs müşahidəsi zamanı müəllimlərin dəstəkləyici əks-əlaqəsinin təşkili kimi məsələlər daxil olub.
Müəllimlər Böyük Britaniya məktəblərində istifadə edilən mövcud yanaşmalar, müasir təhsil nəzəriyyələri və metodik tövsiyələrlə tanış olublar.
Təlimin sonunda müəllimlər həmin proqram əsasında həmkarları ilə aparacaqları işləri əks etdirən fəaliyyət planı hazırlayaraq dəyərləndirmə üçün Lester Universitetinin nümayəndələrinə təqdim ediblər.
Tarix: 11-02-2019, 13:10