Böyüklüyün, ucalığın, əbədiyaşarlığın ünvanı – Hüseyn Cavid
Gəncə Dövlət Universitetində böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının 136 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib.
Universitetin mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Hüseyn Cavidin həyat və yaradıcılığına həsr olunmuş video çarxı izləyiblər.
Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva bildirib ki, Hüseyn Cavidin yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan ibarət olub.
G.Fətəliyeva yeni nəslin düşüncəsində, dünyagörüşündə Cavid obrazının canlanmasında, onun müasirimizə çevrilməsində ulu öndər Heydər Əliyevin böyük xidmətləri olduğunu xatırladıb. Ümummilli Liderin təşəbbüsü ilə 1982-ci ildə dramaturqun nəşinin Azərbaycana gətirilərək doğulduğu Naxçıvan torpağında dəfn edilməsinin ədəbiyyatımız, mədəniyyətimiz, xalqımız üçün əlamətdar hadisə olduğunu bildirib. Məhz Heydər Əliyevin şəxsi təşəbbüsü və himayəsi ilə 1996-cı ildə Hüseyn Cavid məqbərəsi tikilib, Bakıda Hüseyn Cavidin ev-muzeyi açılıb.
Ulu öndər Heydər Əliyevin ədibin irsinə daim yüksək dəyər verdiyini deyən Gülsüm Fətəliyeva bu diqqətin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini, görkəmli dramaturqun 135 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsinə dair Sərəncamın Hüseyn Cavid irsinə diqqətin göstəricisi olduğunu bildirib.
Dramaturqun həyat və yaradıcılığından danışan alimlər onun fəaliyyətə şeirlə başladığını, ilk pyesi “Ana”nı 1910-cu ildə yazdığını bildiriblər. Qeyd edilib ki, 1937-ci ilədək 20-dən çox pyes yazan Cavid Azərbaycan ədəbiyyatında mənzum dramın əsasını qoyub. Onun yaradıcılığındakı fəlsəfi və tarixi faciələr Azərbaycan dramaturgiyasında yeni mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da təsir göstərib. Çıxışçılar sənətkarın ədəbiyyatımızda mühüm rolundan, şair, dramaturq və istedadlı pedaqoq kimi yaradıcılığından söz açaraq, “İblis”, “Peyğəmbər”, “ŞeyxSənan” və digər əsərləri ilə Azərbaycan ədəbiyyatında özünə məxsus yer tutduğunu vurğulayıblar.
Milli poeziyamızda fəlsəfi lirikanın təkrarsız nümunələrini yaratmış Hüseyn Cavid mənzum faciələri və tarixi dramları ilə Azərbaycan dramaturgiyasında yeni mərhələ açıb. Onun yaradıcılığı Şərqin estetik fikir tarixi və dünya romantizm ənənələri ilə sıx bağlı olub.Dahi sənətkarın zəngin irsinə “Keçmiş günlər”, “Bahar şəbnəmləri” şeirlər silsiləsi, “Azər”, “Korneyzən” poemaları, “Ana”, “Maral”, “Şeyx Sənan”, “İblis”, “Şeyda”, “Uçurum”, “Afət”, “Peyğəmbər, “Topal Teymur”, “Knyaz”, “Səyavuş”, “Xəyyam”, “İblisin intiqamı” dramları, ədəbi, elmi, ictimai baxışlarını əks etdirən məqalələri, məktubları daxildir. “Atilla” (Gözəl Eyida), “Çingiz”, “İblisin ilhamı”, “Telli saz”, “Şəhla”, “Koroğlu” adlı əsərləri isə müsadirə olunub.
Bildirilib ki, “Mənim Tanrım gözəllikdir, sevgidir” – deyən Hüseyn Cavid dramaturq olmazdan öncə romantik şair, sevgi və gözəllik aşiqi kimi tanınıb. Onun poeziyasında dərin həyat fəlsəfəsi, sağlam məntiq, insan kamalına möhkəm inam öz əksini tapıb.
Diqqətə çatdırılıbki, Cavid 20-ci əsrdə Azərbaycanda türkçülük məfkurəsini daha yüksək zirvəyə qaldıran böyük ideoloq və bu ideyaları ədəbiyyata gətirən dahi şəxsiyyət olub. HüseynCavid son dərəcə dərin məzmunlu yaradıcılığı ilə çoxəsrlik Azərbaycan ədəbiyyatı xəzinəsinə tarixi-mədəni dəyərlər bəxş etmiş qüdrətli söz sənətkarıdır. O, Şərqin zəngin fəlsəfi-poetik iris zəminində yüksələrək və dünya romantizm ənənələrindən uğurla bəhrələnərək Azərbaycan xalqının ədəbi-bədii fikir salnaməsinə parlaq səhifələr yazıb. Mütəfəkkir sənətkarın neçə-neçə oxucu və tamaşaçı nəslinin estetik zövqünü müəyyənləşdirən əsərləri bu gün də öz monumentallığını və yüksək təsir gücünü qorumaqdadır.
Tədbirin sonunda Hüseyn Cavidin əsərləri əsasında tələbələr tərrfindən hazırlanmış bədii hissə təqdim olunub.
Tarix: 11-01-2019, 10:51