Gəncə Dövlət Universitetində imtahan sessiyasi başlayıb
Yanvarın 3-dən Gəncə Dövlət Universitetində 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, imtahanlar Təhsil naziri Ceyhun Bayramovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 11 dekabr 2018-ci il tarixli əmrinə əsasən təşkil edilib.
Əmrdə ali və orta ixtisas təhsili müəssisələrində 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında keçirilməsi, təhsil müəssisələrində imtahan qərargahlarının yaradılması, bu qərargahlara daxil olan hər bir şikayətin qısa müddətdə çevik şəkildə araşdırılıb lazımi tədbir görülməsi, eyni zamanda imtahanlarda şəffaflığın təmin edilməsi üçün ictimaiyyətin və tələbələrin valideynlərinin iştirakına şərait yaradılması öz əksini tapıb.
Gəncə Dövlət Universitetində bu əmrin icrası ilə bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən sessiya başlamazdan öncə imtahanların şəffaf və obyektiv keçirilməsi məqsədilə fakültə dekanları, kafedra müdirləri qarşısında konkret vəzifələr qoyulub. Hazırda imtahanlar şifahi, yazılı, test və qabiliyyət formalarında aparılır. Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən asılı olaraq yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədi ilə Qərargah və onun nəzdində universitet üzrə “Qaynar xətt” yaradılıb. Payız imtahan sessiyasının gedişinə operativ nəzarət etmək məqsədilə təşkil edilmiş komissiyaların rəhbərləri və nümayəndələri fakültələr və tədris korpusları üzrə təhkim olunublar.
Eyni zamanda universitetin rektoru, professor Yusif Yusibov imtahan prosesini müşahidə edir, tələbələrin imtahanların gedişinə münasibəti ilə maraqlanır və zəruri tapşırıqlarını verir.
Yanvarın 3-dən etibarən imtahan kommissiyası rəhbəri və üzvləri imtahan prosesini müşahidə etməklə yanaşı, imtahan prosesinin gedişi ilə əlaqədar tələbələrin fikirlərini və onları maraqlandıran sualları dinləyib, müvafiq strukturların rəhbərlərinə göstəriş və tapşırıqlarını veriblər.
Tələbələr universitetdə imtahan zamanı obyektivliyin və şəffaflığın təmin olunması istiqamətində görülən işləri yüksək qiymətləndiriblər.
Qeyd edək ki, hər il olduğu kimi bu il də universitetdə imtahanlar ictimaiyyətə açıq keçirilir. İmtahan sessiyası dövründə universitetin İctimai Nəzarət Şurasının, valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Açıq qapı” günlərinin keçirilməsi də nəzərdə tutulub.
Tarix: 9-01-2019, 10:51