2018-ci ilin təhsil nailiyyətləri
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” təsdiq edilib
Azərbaycan Respublikasının Prezidenti tərəfindən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” təsdiq edilib. Proqramda beynəlxalq ikili diplom proqramlarının tətbiqi, doktorantura təhsilinin beynəlxalq standartlar əsasında qurulması və xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsi nəzərdə tutulur.
41 minə yaxın abituriyent tələbə adını qazanıb
2018-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında ən yüksək sayda - 41 minə yaxın abituriyent tələbə adını qazanıb.
29 tələbə 700 bal toplayıb, 3127 nəfər isə 600 baldan yuxarı nəticə göstərib
2018-ci ildə universitetlərə qəbul olunan 29 tələbə 700 bal toplayıb. 3127 nəfər isə 600 baldan yuxarı nəticə göstərib.
844 SABAH tələbəsi məzun olub
2017-2018-ci tədris ilində 844 SABAH tələbəsi məzun olub. Məzunların 37 faizi Azərbaycanda, 17 faizi xaricdə ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbul olunub.
SABAH qrupları 12 ali təhsil müəssisəsində fəaliyyət göstərir
Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsində 39 ixtisas üzrə 2300-dən çox tələbəni əhatə edir.
Tələbələrin qurultayı keçirilib
Azərbaycan tələbələrinin II qurultayı keçirilib.
48 tələbə ilə təhsil krediti müqaviləsi imzalanıb
2018-ci ildə “Maarifçi” Tələbə Kredit Fondu universitetlər tərəfindən təqdim olunmuş yerlərin sayına əsasən, seçim meyarlarına uyğun gələn 48 tələbə ilə təhsil krediti müqaviləsi imzalayıb.
3269 sənədin icrası başa çatdırılıb
2018-ci ildə xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) məqsədi ilə 3366 müraciət daxil olub. Əvvəlki illərdən icrası başa çatdırılmayan müraciətlər də daxil olmaqla, cari ildə ümumilikdə 3269 sənədin icrası yekunlaşdırılıb. Onlardan 2365 müraciət müsbət cavablandırılıb.
535 nəfər azərbaycanlı tələbə hökumətlərarası sazişlərə əsasən təhsil alır
Hazırda ümumilikdə 535 nəfər azərbaycanlı tələbə ayrı-ayrı ölkələrlə imzalanmış hökumətlərarası sazişlərə əsasən təhsil alır.
86 ölkədən 6000 nəfərdən çox əcnəbi tələbə
2018-2019-cu tədris ilində Azərbaycanda ali təhsilin bütün səviyyələri üzrə 86 ölkədən 6000 nəfərdən çox əcnəbi tələbə təhsil alır.
Nəşr aktivliyinin son 3 il üzrə artım dinamikasına görə Azərbaycan regionda birinci yerə çıxıb
Təhsil Nazirliyinin “Clarivate Analytics” şirkəti ilə əməkdaşlığı nəticəsində Azərbaycan 2017-ci il üzrə “Web of Science” elmi bazasında ilk dəfə nəşr aktivliyinin son 3 il üzrə artım dinamikasına görə regionda birinci yerə çıxıb. “Web of Science” elmi bazasında 2017-ci ildə Azərbaycandan 1160 elmi tədqiqat işi qeydə alınıb ki, bu da son 25 ildə ölkə üzrə nəşr sayında ən yüksək göstərici hesab olunur.
“Clarivate Analytics” şirkəti ilə yeni əməkdaşlıq müqaviləsi imzalanıb
Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti arasında 2019-2021-ci illəri əhatə edən əməkdaşlığa dair müqavilə imzalanıb.
Tarix: 4-01-2019, 10:03