5 nömrəli Respublika xüsusi internat məktəbində tədbir
Dekabrın 3-də Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində Beynəlxalq Əlillər Gününə həsr edilmiş tədbir keçirilib.
Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə həmçinin əməkdar mədəniyyət işçisi, mərhum tarzən Murtuz Mehdiyevin 75 illik yubileyi qeyd edilib.
Tədbirdə çıxış edən məktəbin direktoru İradə Vəzirova bildirib ki, sağlamlıq imkanları məhdud şəxslərə dövlət tərəfindən lazımi diqqət və qayğı göstərilir, onların problemlərinin həlli istiqamətində addımlar atılır.
İradə Vəzirova qeyd edib ki, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi 1936-cı ildən fəaliyyət göstərir və uşaqların tam orta təhsilini həyata keçirir. İnternat məktəbində 30 sinif komplektində 307 nəfər şagird təhsil alır. Onlardan 98 nəfəri qız, 209 nəfəri isə oğlandır. Onların təlim-tərbiyəsi ilə 34 nəfəri I qrup əlil olmaqla 97 nəfərdən ibarət pedaqoji heyət məşğul olur.
1980-cı ildə məktəbin şagirdlərinin musiqiyə olan həvəslərinin və xüsusi duyumlarının olduğunu nəzərə alaraq 38 nömrəli musiqi məktəbi təşkil olunub və Murtuz Mehdiyev məktəbin direktoru təyin edilib. İradə Vəzirova internatda təhsil alan sağlamlıq imkanları məhdud uşaqların həyatında bu məktəbin və Murtuz Mehdiyevin əvəzsiz rol oynadığını vurğulayıb. Direktor qeyd edib ki, hazırda musiqi məktəbində internat məktəbinin 150 şagirdi tar, kamança, qarmon, nağara, xanəndə, forte piano, skripka üzrə siniflərdə təhsil alır.
Məktəb kollektivinin əməyinin dövlət tərəfindən həmişə qiymətləndirildiyini deyən direktor bildirib ki, məktəbin rus dili müəllimi Afət Aşumova 2015-ci ildə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub.
Tədbirdə Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuş məktəbin riyaziyyat müəllimi Eldar Hacıyevə mükafat təqdim edilib.
Tarix: 4-12-2018, 09:28