Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

"İnklüziv təhsildə müəllim səriştəsi" mövzusunda elmi-praktik konfrans

 

Dekabrın 1-də Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (TİPİİ) təşkilatçılığı ilə "İnklüziv təhsildə müəllim səriştəsi" mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransın məqsədi “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi istiqamətində müəllimlərin üzərinə düşən vəzifələrin müəyyənləşdirilməsi, müzakirəsi və bu istiqamətdə nəzəri-praktik  məsələlərin öyrənilməsidir.
Konfransda təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin, YUNİSEF-in Azərbaycan nümayəndəliyinin əməkdaşları, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Sumqayıt Dövlət Universitetinin müəllimləri, “Birgə və Sağlam” İctimai Birliyinin nümayəndəsi iştirak edib.
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva inklüziv təhsilin inkişafı ilə bağlı Azərbaycanda görülən işlərdən və konfransın müəllimlər üçün praktik əhəmiyyətindən danışıb. Nazir müavini qeyd edib ki, bu sahədə müəllimlərin peşə səriştəsinin artırılması ümumilikdə təhsilimizin humanistləşdirilməsinə və onun keyfiyyətinin artırılmasına xidmət edəcək. Məhəbbət Vəliyeva sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlb olunması ilə bağlı əhali arasında məlumatlandırma işinin təşkil edilməsində müəllimlərin   əvəzsiz rol oynadığını vurğulayıb.
Tədbirdə qeyd olunub ki, Dövlət Proqramının qəbulundan keçən müddət ərzində Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən ibtidai sinif müəllimləri üçün “İnklüziv siniflərdə təlimin təşkili” mövzusunda 36 akademik saatlıq ixtisasartırma təhsili proqramı hazırlanıb, həmçinin məktəb rəhbərlərinin bu istiqamətdə məlumatlandırılması məqsədilə “İnklüziv məktəb” mövzusunda seminarlar təşkil edilib. Cari dərs ilinin sonunadək Bakı şəhərində fəaliyyət göstərən bütün  ümumtəhsil məktəblərinin direktorlarının həmin seminarlarda iştirakı planlaşdırılır. Gələn dərs ilindən seminarlar digər regionları da əhatə edəcək.
TİPİİ həmçinin Avropa İttifaqının qrantını qazanmış iki böyük təşkilatın – Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi və YUNİSEF-in Azərbaycan nümayəndəliyinin Azərbaycanda inklüziv təhsil mədəniyyətinin genişləndirilməsinə yönəlmiş  layihələrinin fəal tərəfdaşıdır.
Konfrans ADA Universitetinin baş müəllimi Ülviyyə Mikayılovanın “İnklüziv təhsilin nəzəri məsələləri" mövzusunda məruzəsi və məruzə ətrafında müzakirələrlə davam edib.
Panel müzakirələrdə mütəxəssislər Nərmin Rəhimlinin “Autizm sindromlu uşaqlarla işin təşkili” və Vüsalə Həsənovanın "İnklüziv siniflərdə istifadə olunan interaktiv təlim üsulları" mövzularında çıxışları dinlənilib.
Xatırladaq ki, “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın məqsədi sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etməkdən və onların təhsili üçün maneəsiz mühit yaratmaqdan ibarətdir.


Tarix: 3-12-2018, 10:28

Xəbəri paylaş