Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycan müəllimlərinin 15-ci Qurultayının Qətnaməsi

 
Əlamətdar haldır ki, Azərbaycan müəllimlərinin 15-ci qurultayı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə təsadüf edir. Bu dövr, həm də, Azərbaycanın sosial-iqtisadi qüdrətinin artması, beynəlxalq reytinqlərdə mövqelərini əhəmiyyətli şəkildə yaxşılaşdırması, təhsil sahəsində davamlı islahatların intensiv xarakter alması, yeni əsrin çağırışlarına cavab verən insan kapitalının formalaşması istiqamətində əhəmiyyətli addımların atılması ilə xarakterizə olunur.  
Təbrik məktubunda təhsil sahəsində əldə edilmiş nailiyyətləri yüksək qiymətləndirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirərək, qurultay qeyd edir ki, bu, dövlət başçısının təhsilə və təhsil işçilərinə göstərdiyi böyük diqqət və qayğının parlaq təzahürü, təhsil sektorunun inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri kimi nəzərə alınmasının bariz nümunəsidir.
Qurultay hesab edir ki, Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramovun hesabat məruzəsində təhsilin inkişafı üzrə Dövlət Strategiyasında nəzərdə tutulan strateji istiqamətlər üzrə həyata keçirilən islahatlar və qazanılan yüksək nailiyyətlər obyektiv mövqedən işıqlandırılmış, təhsil sistemi qarşısında duran vəzifələr dəqiq müəyyənləşdirilmişdir.
Qurultay ötən müddətdə təhsilin inkişafı sahəsində mühüm addımların atıldığını, bütün pillə və səviyyələr üzrə təhsilin keyfiyyət göstəricilərinin yüksəldilməsi, uşaq və gənclərin təhsilalma imkanlarının genişləndirilməsi, müasir idarəetmə modellərinin tətbiqi, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi, ümumi təhsil müəssisələrinin pedaqoji və rəhbər kadrlarla təminatı, müəllim fəaliyyətinin qiymətləndirilməsi və stimullaşdırılması, dərslik və dərs vəsaitlərinin hazırlanması, infrastrukturun müasirləşdirilməsi, təhsil qanunvericiliyinin təkmilləşdirilməsi, şəffaflıq və obyektivliyin təmin edilməsi baxımından sistemli tədbirlərin həyata keçirilməsi və digər sahələrdə əhəmiyyətli nailiyyətlərin qazanıldığını, təhsil siyasətinin vacib göstəriciləri olan əhatəlilik, keyfiyyət, əlçatanlıq, bərabər imkanlar və səmərəlilik sahəsində müsbət dinamikanın əldə olunduğunu xüsusi vurğulayaraq, nazirin hesabat məruzəsini qənaətbəxş hesab edir.
Qurultay Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təbrik məktubunda öz əksini tapmış konseptual müddəaları, Azərbaycan Respublikası təhsil nazirinin hesabat məruzəsində, məruzə ətrafında çıxışlarda və plenar sessiyalarda irəli sürülən təklifləri nəzərə alaraq, aşağıdakı istiqamətləri əhatə edən qətnaməni qəbul edir:
uşaqların erkən yaş dövründən inkişaf etdirilməsinin vacibliyi nəzərə alınaraq, 5 yaşlıların məktəbəhazırlığının təmin olunması sahəsində tədbirlərin davam etdirilməsi, əhatəliliyin 2020-ci ildə 90 faizə, sonrakı mərhələdə isə 100 faizə çatdırılması;
istedadlı uşaq və gənclərin aşkara çıxarılması və inkişafı üzrə işin səmərəliliyinin artırılması, fənn olimpiadaları və bilik yarışları sahəsində qazanılan uğurların davamlılığının təmin edilməsi, istedadlı uşaq və gənclərin inkişafı üzrə yeni Proqramın  reallaşdırılmasına nail olunması;
bütün təhsil pillələri üzrə səriştə əsaslı məzmunun hazırlanması, xüsusilə müəllim hazırlığı üzrə yeni məzmunun tətbiqi, təcrübə komponentinin əhəmiyyətli şəkildə artırılması;
yeni kurikulumlara və İKT əsaslı təlim metodologiyasına uyğun olaraq ümumi təhsil pilləsində dərslik hazırlığının təkmilləşdirilməsi, ehtiyat dərsliklərin, eləcə də elektron resursların və təlim materiallarının hazırlanması sahəsində sistemli işlərin davam etdirilməsi;
ölkəmizin beynəlxalq qiymətləndirmə tədqiqatlarında və beynəlxalq reytinqlərdə nəticələrinin yaxşılaşdırılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi;
ümumi təhsildə təmayülləşmənin tətbiqi vəziyyətinin təhlili, təmayül sinifləri üçün yeni proqram və dərsliklərin hazırlanması, peşəkar və səriştəli müəllimlərin cəlb edilməsi, təmayülləşmənin daha erkən yaşlardan tətbiqi, xüsusilə riyaziyyat, informatika, təbiət fənləri, mühəndislik, o cümlədən robototexnika, süni intellekt, nano-texnologiyalar və bu kimi innovativ məzmunun tətbiqi ilə bağlı tədbirlərin həyata keçirilməsi;
bütün təhsil pillələri üzrə sağlamlıq imkanları məhdud şəxslərin inklüziv təhsilinin təşkili, bununla əlaqədar yeni məzmun və təlim texnologiyalarının hazırlanması və tətbiqi
İKT əsaslı infrastrukturun və elektron idarəetmə sisteminin yaradılması, rəqəmsal bacarıqların inkişafı, elektron tədris resurslarından istifadənin genişləndirilməsi, bu sahədə pedaqoji və inzibati heyətin potensialının gücləndirilməsi;
ümumi təhsil müəssisələrində çalışan müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi yolu ilə əməyinin stimullaşdırılması və müəllim nüfuzunun yüksəldilməsi sahəsində son illərdə qazanılmış təcrübənin davam etdirilməsi;
təhsil müəssisələrində tərbiyə işinin sistemli təşkili, Azərbaycançılıq ideologiyasının təbliği, Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə, mədəniyyətinə məhəbbət, milli-mənəvi dəyərlərə hörmət hissinin aşılanması, Vətənə sədaqət, vətəndaşlıq mövqeyinin formalaşdırılması, vətənpərvərlik tərbiyəsi və bu kimi sistemli tədbirləri özündə ehtiva edən “Milli tərbiyə konsepsiyası”nın hazırlanması;
“Peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan hədəflərə nail olunması istiqamətində əmək bazarının tələblərinə uyğun olaraq biznes subyektləri və işəgötürənlərlə səmərəli əməkdaşlıq münasibətlərinin qurulması və birgə proqramların həyata keçirilməsi, qeyri-formal və informal yolla əldə edilmiş səriştələrin qiymətləndirilməsi və tanınması mexanizminin hazırlanması və tətbiqi;
ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması  üzrə Dövlət Proqramına uyğun olaraq məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları və xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirilməsi, yeni akademik mühitin yaradılması, ölkəmizin ali təhsil müəssisələrinin akademik potensialının gücləndirilməsi məqsədi ilə xaricdə doktorantura səviyyəsində təhsilin təşkili;
keyfiyyətin təminatı sistemi kimi akkreditasiya mexanizmlərinin təkmilləşdirilməsi, o cümlədən beynəlxalq akkreditasiyadan keçmiş ali təhsil proqramlarının sayının artırılması, ali təhsil sahəsində tədqiqatlar, innovasiyalar və inkişaf tədbirlərinin, habelə tələbə-sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi.
Qurultay böyük inam və nikbinliklə bəyan edir ki, müstəqil Azərbaycanın  müəllimləri və bütövlükdə təhsil işçiləri əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan milli təhsil quruculuğu prosesini Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirəcək, müasir dövrün çağırışlarına, təhsilin inkişafı üzrə Dövlət Strategiyasına və ölkəmizin inkişaf konsepsiyasına uyğun olaraq növbəti illərdə Azərbaycan təhsili keyfiyyət göstəricilərinə, əhatəliliyinə və rəqabətqabiliyyətliliyinə görə aparıcı təhsil sistemlərindən birinə çevriləcəkdir.


Tarix: 29-11-2018, 10:44

Xəbəri paylaş