Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

"Lego Education" təhsil robotlarından istifadə üzrə təlimlər

 

Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən 15 ümumi təhsil müəssisəsinə "Lego Education" təhsil robotlarının paylanılmasına başlanılıb. Bununla əlaqədar “Lego Education” şirkətindən dəvət olunmuş xarici mütəxəssislər tərəfindən müəllimlər üçün təlimlər keçirilib.
Təlimlərdə Bakı, Sumqayıt, Lənkəran və Mingəçevir şəhərlərindən 70 müəllim iştirak edib. İnformatika və fizika müəllimləri “Mindstorms EV3”, ibtidai sinif müəllimləri isə “WeDo 2.0” model Lego robotlarından istifadə qaydaları, onların tədris prosesində tətbiq olunması üzrə təməl biliklərə yiyələniblər. Təlim proqramının sonunda müəllimlər “Lego Education” təlimçi sertifikatı ilə təltif olunublar.
Robot dəstləri robotun “beyni” hesab olunan və proqramlaşdırıla bilən “Brick” kontroller çipi, Lego konstruktorlar və xüsusi blok əsaslı proqram təminatı hissələrindən ibarətdir. Şagirdlər konstruktor hissələrdən istifadə edərək onlara lazım olan modelləri hazırlayır və modelin hərəkətə gəlib verilən tapşırıqları yerinə yetirməsi üçün “Brick” çipini proqramlaşdırırlar. Məktəblərə “Midstorms EV3” əsas dəstdən başqa, daha böyük və müxtəlif fənlər üzrə spesifik tapşırıqların yerinə yetirilməsi üçün “Expansion”  dəsti də paylanılır.
Robot texnologiyasından istifadə məktəb həyatına innovasiya və yaradıcılıq gətirir, müəllimlər üçün unikal həllər təklif edir. Dərslərdə diqqət robotların dizayn olunması və proqramlaşdırılmasına yönəlir. Şagirdlərin Lego konstruktorları ilə qarşılıqlı fəaliyyəti yalnız fiziki fəaliyyətlə məhdudlaşmır, həm də rəqəmsal texnologiyalardan istifadə ilə ənənəvi tədris metodlarından kənara çıxır. Bununla da şagirdlər qərar vermək, öz seçimləri üzərində düşünmək imkanı əldə edir və həmyaşıdları ilə komanda şəklində işləyərək nəticələri əldə etmək qabiliyyətlərini inkişaf etdirirlər.


Tarix: 13-11-2018, 09:51

Xəbəri paylaş