Azərbaycanın Milli Qəhrəmanları
Hacıyev Fikrət Əli oğlu
1964-cü il mayın 19-da Goranboy rayonunun Qızılhacılı kəndində anadan olmuşdu. 1978-ci ildə kəndlərindəki məktəbin səkkizinci sinfini bitirərək, Gəncə şəhərindəki texniki peşə məktəbində elektrik çilingəri sənətinə yiyələnib. Fikrət 1982-ci ildə Goranboy Rayon Hərbi Komissarlığı tərəfindən əsgəri xidmətə çağırılıb. Hərbi xidmətini Ufa şəhərində başa çatdıraraq Vətənə dönmüşdü. O, Bakı Kooperativ Texnikumuna daxil olaraq, təhsilini uğurla başa çatdırmışdı.
1991-ci ilin sonlarında könüllü olaraq Qarabağa - cəbhəyə yollanmışdı. Goranboy özünümüdafiə batalyonunun tərkibində Şəfəq, Zeyvə, Qaraçinar və digər məntəqələrin erməni işğalçılarından müdafiəsində fəal iştirak etmişdi.
F.Hacıyev Goranboy döyüşlərində igidliklə vuruşub və 1992-ci il mayın 5-də qəhrəmancasına həlak olub.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 nömrəli Fərmanı ilə Hacıyev Fikrət Əli oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Goranboy rayonunun Qızılhacılı kənd qəbiristanlığında dəfn olunub. Ballıqaya kənd orta məktəbi onun adını daşıyır. Büstü qoyulub.
Həbibov Rəfael Hacı Şərafət oğlu
1964-cü il aprelin 20-də Əli Bayramlı (indiki Şirvan) şəhərındə anadan olmuşdu. 1981-ci ildə şəhər 14 nömrəli orta məktəbi bitirdikdən bir il sonra hərbi xidmətə çağırılmışdı. 1984-cü ildə Baltik qoşunlarında hərbi xidmətini başa çatdıraraq, Kaunas Gizirlər Məktəbinə daxil olmuşdu. Məktəbi bitirdikdən sonra Kutaisi ətrafındakı hərbi hissələrdən birinə göndərilmişdi. O, 1988-ci ildə Bakıya dönmüşdü. 1992-ci ildə Milli Ordunun ilk zabitlərindən olmuşdu. Rəfael 1992-ci il mayın 23-də bir leytenant kimi Qarabağa - döyüş bölgəsinə göndərilmişdi. Təzəkənd, Narıştar, Zod, Ala Qaya, Çərəktar, Ağdaban, Çapar kəndləri ugrunda gedən döyüşlərdə fəal iştirak etmişdi.
R.Həbibov Kəlbəcər uğrunda gedən döyüşlərdə böyük igidlik göstərərək, 1992-ci il iyulun 7-də qəhrəmancasına həlak olub.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 nömrəli Fərmanı ilə leytenant Həbibov Rəfael Hacı Şərafət oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Əli Bayramlı şəhər qəbiristanlığında dəfn olunub. Təhsil aldığı 14 nömrəli orta məktəb onun adını daşıyır. Büstü qoyulub.
Həsənov İlham Gülbala oğlu
1976-cı il mayın 6-da Ağstafa rayonunun Xətai kəndində anadan olmuşdu. 1993-cü ildə Yenigün kənd orta məktəbini bitirdikdən sonra Bakı Yüngül Sənaye Texnikumunun Ağstafa filialına daxil olmuşdu. 1994-cü ilin sentyabrında Milli Ordu sıralarına çağırılmışdı. İlham 6 ay hərbi təlim keçdikdən sonra Qarabağa - cəbhə bölgəsinə yollanmışdı.
1995-ci il martın 13-də Azərbaycanda dövlət çevrilişinə cəhd edən silahlı dəstənin zərərsizləşdirilməsində xüsusi rolu olmuş, martın 17-də qiyamçı dəstənin tamamilə tərk-silah olunmasında yaxından iştirak etmişdi.
İ.Həsənov həmin gün vətən borcunu yerinə yetirərkən qarşı tərəfin atdığı güllədən həlak olub.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Həsənov İlham Gülbala oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Ağstafa şəhərindəki Şəhidlər xiyabanında dəfn olunub. Ağstafa rayonunda adına küçə var.
Həsənov Eldar İsfəndiyar oğlu
1965-ci il dekabrın 26-da Cəlilabad rayonunun Lallar kəndində anadan olmuşdu. 1983-cü ildə Xanəgah kənd orta məktəbini bitirmişdi. Bir il sonra ordu sıralarına çağırılmış və 1986-cı ildə hərbi xidmətini başa çatdıraraq doğma kəndlərinə qayıtmışdı. Eldar 1990-cı ildə xüsusi təyinatlı polis dəstəsinə üzv yazılmışdı. 1991-ci ildə isə Polis Akademiyasına daxil olmuşdu. 1994-cü ilin yanvarında onun ikinci cəbhə həyatı başlanmışdı. O, döyüşlərdə əsl igidlik nümayiş etdirmişdi. Elə buna görə də ermənilər onun başına 50 min ABŞ dolları qiymət qoymuşdu.
E.Həsənov 1994-cü il mayın 12-də Horadiz qəsəbəsi uğrunda gedən ağır döyüşlərin birində qəhrəmancasına həlak olub.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 nömrəli Fərmanı ilə Həsənov Eldar İsfəndiyar oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Cəlilabad rayonunun Lallar kəndində dəfn olunub. Cəlilabad Rayon Polis Şöbəsi yerləşən binanın həyətində büstü qoyulub.
Milli Qəhrəmanlar Beynəlxalq
İnformasiya Mərkəzinin materialları əsasında hazırladı:
Ədalət DAŞDƏMİRLİ
Tarix: 11-12-2017, 13:31