Azərbaycanın Milli Qəhrəmanları
Güləliyev Oqtay Güləli oğlu
1962-ci il noyabrın 10-da Laçın rayonunun Xaçınyalı kəndində anadan olmuşdu. 1982-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılmışdı. O, 1989-cu ildə Poltava Kooperativ İnstitutunun Bakı filialının iqtisadiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirərək, Laçın Rayon Daxili İşlər Şöbəsində pasport bölməsində baş inspektor, sonra isə polis rotasının komandiri təyin olunmuşdu. Məlum "Daşaltı əməliyyatı" zamanı rotası erməni işğalçılarının mühasirəsinə düşmüşdü. Oqtay 80 nəfər əsgərimizi təhlükəsiz zonaya çıxarmağa müvəffəq olmuşdu. 1992-ci il sentyabrın 19-da o, Laçın dəhlizində - əvvəlcə Hocaz kəndini, sonra isə "Nərgiz" yüksəkliyini ələ keçirmək planı hazırlayaraq, rotası ilə birlikdə düşmənin canlı və hərbi texniki qüvvəsini məhv etmişdi.
O. Güləliyev rotası ilə Sus və Qızılca kəndlərındən keçib Hocaz kəndinə dönərkən yenidən mühasirəyə düşmüşdü. O, yoldaşlarını bu çətin vəziyyətdən xilas edərək, təhlükəsiz yerə keçirsə də, özü qəhrəmancasına həlak olub.
Ailəli idi. İki övladı var.
Azərbaycan Respublikası Prezidentinin 11 may 1993-cü il tarixli 599 nömrəli Fərmanı ilə Güləliyev Oqtay Güləli oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub.
***
Hacıyev Əlif Lətif oğlu
1953-cü il iyunun 24-də Xocalı şəhərində anadan olmuşdu. 1970-ci ildə orta məktəbi bitirdikdən sonra sürücülük peşəsinə yiyələnmişdi. O, 1971-ci ildə ordu sıralarına çağırılmış və hərbi xidmətini Minsk şəhərində keçmişdi. 1974-1984-cü illərdə Belorusiya DİN-in və Azərbaycan SSR DQMV-nin daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışmışdı. Əlif 1976-cı ildə SSRİ DİN-in Frunze adına Xüsusi Orta Milis Məktəbinə daxil olmuş, 1979-cu ildə həmin məktəbi bitirmiş və 1981-ci ildə təhsilini SSRİ DİN-in Akademiyasında davam etdirmişdi. 1990-cı ildə o, Xocalı şəhər təyyarə limanı xətt daxili işlər bölməsinə rəis təyin olunmuşdu. 1991-ci ildə ona mayor rütbəsi verilmişdi.
Ə.Hacıyev 1992-ci il fevralın 26-da işğalçı erməni silahlı qüvvələrinin Xocalı şəhərinə hücumu zamanı qəhrəmancasına həlak olub.
Ailəli idi. İki övladı var.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 nömrəli Fərmanı ilə mayor Hacıyev Əlif Lətif oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub. Paytaxtın Nizami rayonundakı küçələrdən biri onun adını daşıyır.
***
Hacıyev Etibar Firudin oğlu
1971-ci il fevralın 5-də Qərbi Azərbaycanın Vardenis rayonunun Zod kəndində anadan olmuşdu. Orta məktəbi bitirdikdən sonra bir müddət sovxozda işləmişdi. Etibar 1988-ci ildə ailə üzvləri ilə birlikdə Kəlbəcər rayonuna pənah gətirmişdi. 1989-cu il iyunun 13-də əsgəri xidmətə çağırılmış və Perm şəhərində hərbi xidmətini başa çatdıraraq ailə üzvlərinin sonradan məskunlaşdığı Xanlar (Göygöl) rayonuna gəlmişdi. 1992-ci ildə E.Hacıyev könüllü olaraq Milli Ordu sıralarına yazılaraq, torpaqlarımızı erməni işğalçılarından müdafiəyə qalxmışdı. Böyük Canbar, Kiçik Canbar, Buzlaq, Erkəc kəndlərinin düşmən tapdağından azad edilməsində xüsusi fəallıq göstərmişdi.
E.Hacıyev 1992-ci il iyunun 15-də Goranboy rayonunda Ağcakənd kəndinin azad edilməsi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli 6 nömrəli Fərmanı ilə Hacıyev Etibar Firudin oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Xanlar (Göygöl) rayonundakı Şəhidlər xiyabanında dəfn olunub. Həmin rayonun Yeni Zod kəndindəki küçələrdən biri onun adını daşıyır.
Milli Qəhrəmanlar Beynəlxalq
İnformasiya Mərkəzinin materialları əsasında hazırladı:
Ədalət DAŞDƏMİRLİ
Tarix: 13-10-2017, 13:19