“KİTABİ-DƏDƏ QORQUD” DASTANI VƏ HƏRB TARİXİMİZ
RƏFAİL ƏLİYEV,
Şirvan şəhəri S.Hüseynov adına
1 nömrəli tam orta məktəb- xüsusi
istedadlı şagirdlər liseyinin
hərbi rəhbərı, əməkdar müəllim
“Kitabi-Dədə Qorqud” qəhrəmanlıq dastanıdır, ona görə də bu dastanda hərb tariximizin izləri-oğuz igidlərinin zəfər tarixi bədii-obrazlı şəkildə öz əksini tapıb.
Azərbaycan tarixinin görkəmli araşdırıcılarından olan tarixçi alim Yaqub Mahmudov haqlı olaraq “Kitabi-Dədə Qorqud”u mötəbər tarixi mənbə kimi dəyərləndirərək yazır: “Kitabi-Dədə Qorqud” oğuz türklərinin, o cümlədən Azərbaycan xalqının tarixini öyrənmək üçün misilsiz mənbədir. Bu qəhrəmanlıq dastanı Azərbaycanın əsl tarixidir, düşmən əli dəyməmiş və saxtalaşdırılmamış tarixidir. ”Kitabi-Dədə Qorqud”da oğuz igidlərinin Azərbaycana hücum edən erməni və gürcü feodallarına, onların havadarları olan Bizansa, həmçinin gürcü hakimləri ilə ittifaqa girən qıpçaq türklərinə qarşı müharibəsi daha geniş və daha qabarıq əks olunmuşdur”.
Bu həqiqətə istinad edərək bu möhtəşəm abidəni şanlı hərb tariximizin də dəyərli və həqiqi mənbəyi hesab etmək olar. Unutmayaq ki, hər bir xalqın həqiqi tarixi, öncə onun hərb tarixi: hərbi yürüşlər, vətən uğrunda mübarizə tarixidir. Hərb tariximiz-vətənin bütövlüyü və toxunulmazlığı uğrunda mübarizə tariximizin izləri 12 boyluq dastanın əksər boylarında müşahidə edilir.
Dastanda bu günümüz üçün aktual olan bir fakt da diqqəti cəlb edir. Burada Gürcüstan ölkəsinin adı çəkilir, onun yaşayış məntəqələri xatırlanır, gürcü tacirləri ilə oğuz bəylərinin əlaqələrindən söz açılır, ancaq dastanda nə ermənilərin, nə də Ermənistanın adı çəkilir. Ermənilərin indi məskunlaşdığı torpaqlar isə oğuzların yurd yeri, yaylağıdır.
Dastanda erməni adı çəkilməsə də oğuzlara daim düşmən kəsilən, onlara qarşı həmişə savaş vəziyyətində olan qıpçaqların erməni soykökündəki rolu görünməkdədir. Dini mənsubiyyətinə görə xristian olan qıpcaqlar oğuzların əsas düşmənlərindəndir.
Dastandakı düşmən obrazları olan Şöklü Məlik və Qıpçaq Məlik bugünkü anlamda erməniləri təmsil edirlər. Əslində onlar qaçaq-quldur başçılarıdırlar, ona görə indiki xələfləri kimi oğuz igidləri ilə açıq döyüşə girə bilmir, müxənnətlik edir, yalnız fürsət düşəndə soyğunçuluq edir, onlardan “heyf almağa“ çalışır, nəticədə isə özləri məğlub olur, kəsilmiş başlarından təpə düzəldilir.
Bütün bu faktlara görə də Sovetlər dönəmində ermənilər “Kitabi-Dədə Qorqud” dastanlarının yasaq etdirilməsinə nail olmuşdular.
Oğuzların hərb tarixini ümumtürk kontekstindən kənarda araşdırmaq düzgün olmazdı. Bu baxımdan Doktor Cavad Heyətin “Türklərin tarix və mədəniyyətinə bir baxış” adlı kitabında verilmiş araşdırma maraq doğurur. Müəllif türk xalqlarının ordu quruculuğu və ordunun döyüş qabiliyyəti və fəaliyyəti haqqında yazır: “Türk ordusu atlılardan ibarət idi...Ordu və ailə türk cəmiyyətinin əsas dayağını təşkil edirdi...Türk atlıları savaşda atlarının rənginə görə sıraya düzülərdilər... Atlı olduqları üçün hərəkət qüdrəti və sürətləri də çox olub, əksəriyyətini piyada və ağır arabalar təşkil edən düşmənlərinə birdən hücum edir və az müddətdə düşmənə qalib gəlirdilər.”
Doktor Cavad Heyət türklərin savaş taktikası və strategiyasına da aydınlıq gətirmişdir: “Türklər uzaqdan savaşı üstün tutub at üstündə 700 metrdən çox ox atardılar... Yaxından savaşmaq üçün nizə, qalxan işlədərdilər...
Uzun çəkən savaşlarda turan taktikasını işlədərdilər. Turan taktikası geriyə çəkilmə və pusqudan ibarət idi. Buna “qurd oyunu” deyirlərdi. Ordu düşmən qarşısında qaçar kimi görünüb, düşməni dalına salıb münasib bir yerə gətirir və birdən ona hər tərəfdən hücum edib qırardılar”.
Oğuz igidləri də mükəmməl döyüş üsullarına, döyüş taktikasına malikdirlər. Daha çox “qurd oyunu”na bənzər hərtərəfli hücum taktikasından (sağdan, soldan, öndən intensiv hücum) istifadə etməklə düşmənə aman verməyərək mütləq qələbəyə nail olurlar. Onlar hücum döyüşünün tələblərinə dövrə uyğun şəkildə ciddi əməl edirlər, ona görə də layiqli qələbə çalırlar.
Dastandakı döyüş səhnələri, oğuzların döyüş silahlarından istifadə bacarığı, mükəmməl döyüş hazırlığı, nəhayət onların qələbə gətirən döyüşləri hərb tariximizin şanlı səhifələridir.
Daş Oğuz bəyləri ilə Dəli Dondaz sağdan, cəsur igidlərlə Qaragünə oğlu Dəli Budaq sol yandan hücum etdi. İç Oğuz bəyləri ilə Qazan mərkəzdə düşmənlərin topasına hücum etdi. Şöklü Məlikə çatdı, böyürdüb atdan yerə saldı,qəfilcə tutub başını kəsdi. Bir zərbə ilə al qanını yer üzərinə tökdü. Sağ tərəfdə Qara Tükən Məliklə Qıyan Səlcik oğlu Dəli Dondaz qarşılaşdı. Sağ yanını qılınclayıb yerə saldı. Sol tərəfdə Buğacıq Məliklə Qaragünə oğlu Dəli Budaq qarşılaşdı. Altı pərli gürz ilə təpəsinə möhkəm zərbə vurdu. Dünya-aləm Buğacıq Məlikin gözündə qaraldı: atının boynunu qucaqlayıb yerə düşdü.
Qazan bəyin qardaşı kafirin bayrağını qılınclayıb yerə saldı. Dərələrdə, təpələrdə kafirlərə qırğın düşdü, leşlərinə quzğun toplaşdı...
Oğuz igidlərinin cəmiyyətdəki mövqeyi, xan divanındakı tutduğu yer onların o dövr üçün qəbul edilmiş igidlik göstəriciləri ilə müəyyən olunur.
Dastanın IV boyunda Qazan xan divanında bəylərə baxıb sevinir, oğlu Uruza baxıb ağlayır. Bunun səbəbini soruşan oğluna deyir:
...On altı yaşın oldu
Bir gün ola, düşüb öləm, sən qalarsan-
Yay çəkməyibsən, ox atmayıbsan,
Baş kəsməyibsən, qan tökməyibsən,
Qanlı Oğuz yurdunda bir mükafat
almayıbsan
Oğuz cəmiyyətində kişilik-ərliyin meyarı “baş kəsmək, qan tökmək, acı doydurmaq, çılpağı geyindirmək” kimi ifadə olunur.
Dastanın müqəddiməsində də bu fikirlər öyüd-nəsihət kimi öz əksini tapıb:
“...Böyük, iti polad qılıncı çalmayınca
döyüş bitməz.
Kişi malına qıymayınca adı çıxmaz...
Oğul atadan görməyincə süfrə çəkməz...
Dastanın bu meyarlara sadiq qalan hər qəhrəmanı öz döyüş şücaəti ilə bir qəhrəmandır, hətta qadınlar da!
“...Qanturalı gözünü açdı, göz qapaqların qaldırıb baxdı. Gördü gəlin at üzərində geyinmiş, süngüsü də əlində...
Selcan xatın at oynatdı. Qanturalının önünə keçdi. Qanturalı dedi: “Gözəlim, hara gedirsən?” Dedi: “Bəy igid, baş salamat olsa, papaq tapılmazmı? Bu gələn düşmən güclü düşməndir. Vuruşaq, döyüşək: ölənimiz ölsün, diri qalanımız evə gəlsin!”.
Oğuz igidləri ədalətli, rəhimlidirlər. Onlar dinc insanlara zərər vermir, aman diləyəni bağışlayırlar. Ancaq onlar xəyanətə, namərdliyə, satqınlığa qarşı barışmazdırlar.
Dastanın sonuncu boyunda oğuz tayfaları: iç oğuz və daş oğuz arasında düşmənçilik yaranır; Aruz qoca Bamsı Beyrəyi xəyanətlə öldürür. Qazan xan da bu xəyanətə cavab olaraq dayısı Aruzu qətlə yetirir.
Oğuzlar sülhsevərdirlər; heç kimin ərazisini işğal etmir, yalnız namərd düşmənə layiqli cavab verirlər.
...Gumbur-gumbur nağaralar döyüldü. Bir qiyamət savaş oldu, meydan dolu baş oldu.
Şöklü Məliki bögürdüb Qazan bəy atdan yerə saldı. Qara Təküri Dəli Dondar qılınclayıb yerə saldı. Qara Arslan Məliki Qarabudaq yerə saldı.
Dərələrdə kafirə qırğın düşdü. Yeddi kafir bəyi qılıncdan keçirildi.
Oğuz igidi mərddir, mübarizdir, vətən naminə hər şeyə hazırdır; öz eli, obası üçün canını da əsirgəmir, namərd düşmənə qan uddurur, ancaq qəddar deyil, ədalətlidir, mərhəmətlidir, bağışlayandır, aman diləyəni öldürməz, basdığını da kəsməz!
...Dərələrdə, təpələrdə kafirlərə qırğın düşdü, leşinə quzğun toplaşdı. On iki min kafir qılıncdan keçdi. Beş yüz oğuz igidi şəhid oldu. Qazan bəy qaçanı qovmadı, “aman” deyəni öldürmədi.
Yalançı oğlu gördü ki, yanır, qamışlıqdan çıxdı. Beyrəyin ayağına yıxıldı, qılıncının altından keçdi. Beyrək də günahından keçdi.
Oğuz igidinin hər bir döyüşü zəfər döyüşüdür, bu döyüşün hədəfi isə kəmfürsət namərd düşməndir. Oğuz igidi namərd düşmənə qarşı amansızdır, döyüşə inamla atılır.
...Sakitcə, gözlənilmədən kafirin üstünə at saldılar, qılınc çaldılar. Gumbur-gumbur nağaralar döyüldü. Burması qızıl tunc borular çalındı.
...O gün müxənnətlər gizlənməyə yer axtardı. O gün bir qiyamət savaş oldu, meydan dolu baş oldu; başlar kəsildi top kimi. Şahanə atlar qaçanda nalı düşdü. Böyük-uzun nizələr sancılıb süstəldi. Böyük, iti qılınclar çalındı, tiyəsi korşaldı. Üç lələkli qayın oxlar atıldı, dəmir ucluğu düşdü. O gün elə bil, qiyamətin bir günü idi. Bəy nökərindən, nökər bəyindən ayrıldı.
Oğuzlarda döyüş qabiliyyətinin formalaşdırılması ovdan başlanır. Burada sosial fərqlər də aradan qalxır; varlı da, kasıb da, qız da, oğlan da o dövr üçün qoyulan tələblərə: at çapmaq, qılınc çalmaq, nizə və kürz işlətmək, güləşmək kimi bacarıqlara malik olmalıdır.
Dastanda oğuzlar soyuq silahlardan: qılınc, ox, nizə, gürz və sapanddan istifadə edirlər.
Qədim türklərin silahları haqqında da məlumat verən Cavad Heyət yazır: “Türklərin ən mühüm silahları ox və yay olub, başqa silahları da vardı. Məsələn: qıpçaqlar neftli güllələri mancanaqla atırdılar.”
Dastanda adıçəkilən sapand Qaraca çobanın işlətdiyi xüsusi silah növüdür. Bu silahdan daş və digər ağır şeylər atmaq üçün istifadə edilirdi.
Güman etmək olar ki, sapand mancanağın sələfi olub, eyni prinsiplərlə işləyirmiş.
Dastanda bu silahdan yalnız Qaraca çoban istifadə edir və düşmənə qalib gəlir:
...Qaraca çoban sapandının ağzına daş qoydu, atdı. Birini atanda ikisini-üçünü yıxdı. İkisini atanda üçünü-dördünü yıxdı. Kafirlərin gözünə qorxu düşdü. Qaraca çoban kafirin üç yüzünü sapand daşı ilə yerə yıxdı... Çobanın daşı tükəndi; qoyun demir, keçi demir, sapandın ağzına qoyub atır, kafiri yıxırdı...
Özünü vətən qarşısında borclu bilən oğuz igidi yalnız bu bacarıqlara yiyələndikdə cəmiyyətdə mövqe qazanır, özünü təsdiq edir. Əks halda ona heç kim hörmət etmir, onu heç kim saymır.
Oğuz igidləri evlənmək üçün qız seçəndə bu bacarıqları əsas meyar hesab edir və döyüşkən ruhlu qızla ailə qurmaq arzularını dilə gətirirlər. Dastanın əsas qəhrəmanlarından olan Bamsı Beyrək və Qanturalı onlara qız axtarmaq istəyən atalarının:
─ Oğul, sən necə qız istərsən? ─ sualına belə cavab verirlər:
─ Ata, mənə bir qız alıb ver ki, mən yerimdən durmadan ol durmuş olsun! Mən qaracıq atıma minmədən ol minmiş olsun! Mən düşmən üzərinə getməmiş o getmiş, mənə baş gətirmiş olsun!
Dastanda maraq doğuran cəhətlərdən biri də oğuzların tərbiyə sistemidir. Bu sistemin əsas silsiləsini isə oğuzların vətənpərvərlik tərbiyəsi, onun mühüm qolu olan hərbi-vətənpərvərlik tərbiyəsi təşkil edir. Dastanda bu cəhətə daha çox önəm verilməsini professor Pənah Xəlilov belə əsaslandırır: “...“Dədə Qorqud” qəhrəmanlıq dastanıdır və gənclərin təhsil zamanı göstərdiyi səyi, istedadı təsvir etməkdən daha çox onun igidliyi, şücaəti, döyüş məharəti, alplıq hünəri, alpların məşqləri, güləşləri, bir-birini sınamaları təsvir və tərənnüm üşün tipik sayılır”.
Hər cür tərbiyə, o cümlədən də hərbi-vətənpərvərlik tərbiyəsi cəmiyyət qarşısında ailənin ən mühüm vəzifəsi hesab edilir.
Hətta oğuz gənclərinin adqoyma mərasimi də onların igidliyi, göstərdiyi hünərlə bağlıdır. Oğuz adətlərinə görə, oğuz gənclərinə göstərdiyi hünərə görə el ağsaqqalı Dədə Qorqud ad verir.
“Dirsə xan oğlu Buğac xan” boyunda Dirsə xanın oğluna buğaya qalib gəldiyi üçün Buğac adı verən Dədə Qorqud Dirsə xana üz tutaraq deyir:
Hey Dirsə xan! Oğluna bəylik ver,
Taxt ver,─güclüdür, ərdəmlidir...
Bu oğlan Bayındır xanın uca meydanında vuruşmuşdur. Sənin oğlun bir buğa öl-dürmüşdür, qoy adı “Buğac” olsun..
Dastanda igidlik, cəsurluq, ilk öncə, ov zamanı tərbiyə edilir. Atalar oğulları əvvəlcə ova, sonra da döyüş meydanına apararaq onlara igidlik, cəsurluq dərsi keçirlər.
“Qazan xanın oğlu Uruz bəyin dustaq olduğu boy “bu cəhətdən daha çox maraq doğurur. Boyun əvvəlində oğlu Uruzu “baş kəsib qan tökməməkdə... hünər göstərməməkdə” qınayan Qazan xana oğlu belə cavab verir:
...Hünəri oğul atadanmı görər, öyrənər,
Yoxsa atalar oğuldanmı öyrənir?
Sən məni götürüb haçan kafir sərhədinə çıxardın, qılınc çalıb baş kəsdin ?
Mən səndən nə gördüm, nə öyrənim?-dedi.
Uruzun haqlı iradına cavab olaraq, Qazan xan oğlunu götürüb uca dağlar üzərinə ova çıxır, oğluna ov ovlamağı, quş quşlamağı, döyüşməyi: baş kəsib qan tökməyi, hünər göstərməyi öyrədir.
Burada düşmənlə qarşılaşan Qazan xan ilk dəfə düşmən görən oğluna hərbi anlayışlar haqqında maraqlı izah verir, sanki hərbi hazırlıq dərsi keçir.
Uzaqdan gələn düşməni maraqla seyr edən Uruz atasına suallar verir:
Dəniz kimi qaralıb gələn nədir?
Od kimi işarıb, ulduz kimi parlayan nədir?
Qazan oğlunun maraq dolu suallarına belə cavab verir:
Böyük dəniz kimi yayxanıb gələn
kafirin qoşunudur.
Gün kimi parlayıb gələn kafirin
papağındakı işıqdır.
Ulduz kimi parlayıb gələn kafirin
nizəsidir.
Azğın dinli yağıdır, düşməndir, oğul!
Oğlunun: - “Yağı” deyəndə nəyə deyərlər? sualına da Qazan xan maraqlı bir açıqlama verir:
Oğul, ona görə yağı deyərlər ki, biz onlara yetsək, öldürərik; onlar bizə yetsə öldürərlər”...
...O kafirin oxçusu var, atdığı üç oxdan biri boşa çıxmaz.
“Hi!” demədən başlar kəsən cəlladı var,
Adam ətindən qovurma edən aşpazı var.
Qeyd: Göründüyü kimi, dastanda “düşmən”, “yağı”, “kafir” sözləri sinonim kimi işlənmişdir. “Yağı” sözündən əmələ gəlmiş “yağmalamaq” sözü dastanda iki mənada işlənib; həm düşmən tərəfindən edilən talançılıq, həm də könüllü talandırmaq mənalarında. Şöklü Məlik Qazan xanın ev-eşiyini, mal-mülkünü düşmən kimi talan edir, ya da Qazan xan ildə bir dəfə xanımının əlindən tutub evindən çıxır mal-mülkünü oğuzların könüllü talan etmələrinə icazə verərdi.
Qazan xan düşmən üstünə getmək istəyən oğlunu yayındırmaqla, döyüş bacarıqlarını göstərməklə ona təlim vermək istəyərək deyir:
...Böyük, iti polad qılıncı mən çalım,
Kafir azğın dinlidir, başların kəsim.
Dönə-dönə savaşım, dönə-dönə döyüşüm.
Qılınc çalıb baş kəsməyi gör,öyrən,
Başın bəlaya düşsə,gərəyin olar...
Qazan ocağında vətənpərvərlik ruhunda tərbiyə almış, dövrün etik normalarını mənimsəmiş Uruz özünün mərdliyini, igidliyini, vətənpərvərliyini, oğulluq borcunu belə ifadə edir:
...Ata oğul qazanar ad üçün.
Oğul da qılınc qurşanar ata qeyrəti üçün.
Mənim də başım qurban olsun səninçün.
Dastanda mərdlik, igidlik dərslərini təkcə oğlanlar deyil, qızlar da keçirlər. Dastandakı qadın qəhrəmanlar da at minməyi, ox atmağı, qılınc qurşanmağı, güləşməyi bacarır, lazım gəldikdə döyüşə də girərək mərdliklə vuruşaraq düşmənə qalib gəlirlər. Dastanın əsas qadın qəhrəmanları: Dirsə xanın xatunu, Burla xatun, Banuçiçək, Selcan xatun belə qadınlardandır.
Vətənpərvərlik, döyüş ənənələri, cəsurluq, cilasunluq dastanın bütün ruhuna hakimdir. Gənclərin tərbiyəsində başlıca prinsip vətənə məhəbbət, düşmənə nifrət hissinin aşılanması, döyüş silahlarından istifadə qabiliyyətinin formalaşdırılması və fiziki tərbiyədir. Polad biləkli, şir cüssəli, cilasun oğuz igidləri nəinki düşmənə, hətta vəhşi heyvanlara da qalib gəlirlər: həm gücləri, həm də ağıl və düşüncələri ilə!
“Qanlı Qoca oğlu Qanturalı boy”unda Qanturalı Sarı donlu Selcan xatunu almaq üçün buğa, aslan və dəvəyə qalib gələrək onları öldürür, düşmənin sınağından qalib çıxır.
...Buğanın alnına elə bir yumruq vurdu ki, dalı üstə çökdürdü... Buğanın qabağından qaçdı, buğa buynuzu üstündə qalxdı. Qanturalı buğanı quyruğundan tutub, üç dəfə yerə vurdu. Buğanın sümükləri sındı. Basıb boğazladı. Bıçaq çıxarıb dərisini soydu.
...Aslanın alnını gözləyib elə bir yumruq vurdu ki, yumruq heyvanın çənəsinə dəyib parçaladı. Boynundan tutub belin üzdü.
...Dəvəyə çiyni ilə bir zərbə vurdu, dəvə bağırdı. Bir də vurdu, dəvə ayaq üstə dura bilmədi, yıxıldı. Qanturalı dəvəni basıb, iki yerdən kəsdi,doğradı. Arxasından iki qayış çıxartdı, təkurun qabağına tulladı...
Dastanda atalar oğulları üçün hədiyyə alanda da yüyürək at və döyüş silahları aldırmağa üstünlük verirlər.
“Baybörənin oğlu Bamsı Beyrək boyu”ndakı epizod bu cəhətdən xarakterikdir:
Baybörə bəy tacirlərini yanına çağırıb əmr etdi: ”Ay tacirlər, allah mənə bir oğul verdi. Oğluma görə Rum elinə gedin, oğlum böyüyüncə yaxşı hədiyyələr gətirin!”- dedi.
Tacirlər gecə-gündüz yol getdilər. İstanbula gəldilər. Danışıq aparıb yaxşı hədiyyələr aldılar. Baybörənin oğlu üçün bir dəniz qulunu, boz ayğır aldılar. Dəstəyi ağ tozlu bir möhkəm yay aldılar, bir də altı pərli gürz aldılar...
Dastanın müqəddiməsində işlənmiş “Qarı düşmən dost olmaz!” deyimi də oğuzların düşmənə qarşı nə qədər barışmaz olduğundan xəbər verir.
Bugünkü gəncliyin hərbi-vətəpərvərlik tərbiyəsi, ata-babalarımızın döyüş ənənələrini öyrətmək üçün “Kitabi-Dədə Qorqud” dastanları ən dəyərli nümunələrdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi, “zəngin tariximiz, qədim mədəniyyətimiz və milli-mənəvi dəyərlərimizlə fəxr etməyə haqqımız vardır”.
Tarix: 19-09-2017, 12:11