Azərbaycanın Milli Qəhrəmanları
Əsgərova Gültəkin Məlik qızı
1960-cı il noyabrın 20-də Bakı şəhərində anadan olmuşdu. 1978-ci ildə paytaxtın Nərimanov rayonundakı 200 nömrəli orta məktəbi əla qiymətlərlə bitirmişdi. O, 1983-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutuna qəbul olmuş, 1989-cu ildə təhsilini uğurla başa çatdırmışdı. 1992-ci il aprelin 4-də Gültəkin könüllü olaraq Qarabağa - cəbhə bölgəsinə yollanmışdı. Əvvəlcə Turşsuda, sonra Şuşa, Laçın və Qubadlıda erməni işğalçılarına qarşı gedən döyüşlərdə fədakarlıqla iştirak etmişdi.
G.Əsgərova 1992-ci il iyunun 20-də Aranzəmin - Naxçivanik istiqamətində gedən ağır döyüşdə öz xidməti borcunu yerinə yetirərkən həlak olub.
Ailəli idi. Bir övladı var.
Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 1993-cü il tarixli 31 nömrəli Fərmanı ilə Əsgərova Gültəkin Məlik qızı ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Bakıda Şəhidlər xiyabanında dəfn olunub. Təhsil aldığı 200 nömrəli orta məktəbə Milli Qəhrəmanın adı verilib, orada büstü qoyulub. Xəzər dənizində üzən gəmilərdən biri onun adını daşıyır, gəmidə muzeyi yaradılıb.
Əsgərova Salatın Əziz qızı
1961-ci il dekabrın 16-da Bakıda ziyalı ailəsində anadan olmuşdu. 1979-cu ildə Bakının Yasamal rayonundakı M.Müşfiq adına 18 nömrəli orta məktəbi bitirmişdi. O, həmin il Azərbaycan Neft və Kimya İnstitutuna qəbul olmuşdu. Amma Salatın jurnalist kimi fəaliyyət göstərmişdi. Elə Qarabağın döyüş bölgələrinə də bir jurnalist kimi getmişdi. 1991-ci il yanvarın 9-da Laçından Şuşaya gələrkən Qaladərəsi kəndi yaxınlığında Salatının getdiyi maşın ermənilər tərəfindən yaxın məsafədən aramsız atəşə tutulmuşdu. Həmin gün tanınmış jurnalist, "Molodyoj Azerbaydjana" qəzetinin əməkdaşı S.Əsgərova erməni faşistləri tərəfindən vəhşicəsinə qətlə yetirilmişdi.
Ailəli idi. Bir övladı var.
Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 nömrəli Fərmanı ilə Əsgərova Salatın Əziz qızı ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Bakıda Şəhidlər xiyabanında dəfn olunub. Bakı şəhərində adına küçə var. Bakı buxtasındakı gəzinti kateri onun adını daşıyır. Yaşadığı binaya barelyefi vurulub. Yaxınlığında həlak olduğu Qaladərəsi kəndi indi "Salatınkənd" adlanır.
Əhədov Elşad Saday oğlu
1968-ci il martın 4-də Masallı rayonunun Təzə Alvadı kəndində anadan olmuşdu. 1982-ci ildə kənddəki orta məktəbin yeddinci sinfini bitirmiş, C.Naxçıvanski adına hərbi liseyə daxil olmuşdu. Elşad sonra Ukraynanın Kamenets-Podolsk Ali Komandirlər Məktəbində təhsilini davam etdirmişdi. O, 1989-cu ildə baş leytenant rütbəsi almış və təyinatla Volqoqraddakı hərbi hissələrdən birinə rota komandiri təyin edilmişdi. Bir müddət sonra Vətənə dönərək əvvəlcə Bakının Güzdək qəsəbəsində, sonra isə Lənkəran rayonunda rota komandiri kimi fəaliyyət göstərmişdi. Erməni işğalçılarının doğma Qarabağımıza hücumları zamanı Füzuli, Daşburun, Nərgiztəpə, Aşağı Veysəlli, Şişqaya və Beyləqanda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşmuşdu.
E.Əhədov 1993-cü il dekabrın 11-də "Ağdaş" yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub.
Ailəli idi. İki övladı var.
Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 1993-cü il tarixli Fərmanı ilə Əhədov Elşad Saday oğlu ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib, 16 sentyabr 1994-cü il tarixli 203 nömrəli Fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Təzə Alvadı kəndində dəfn olunub. Təzə Alvadı kənd orta məktəbi və park onun adını daşıyır.
Əhmədov Əsəd Cəlal oğlu
1970-ci il iyulun 15-də Qərbi Azərbaycanın Pəmbək mahalının Saral kəndində anadan olmuşdu. Doğulduğu kənddə orta məktəbi bitirdikdən sonra Bakıdakı 5 nömrəli texniki peşə məktəbində oxumuşdu. 1989-cu ildə hərbi xidmətə çağırılan Əsəd Almaniyada tank qoşunlarında qulluq etmişdi. Əsgəri xidmətini başa çatdırdıqdan sonra Vətənə qayıdaraq Bakıda tikinti idarələrindən birində çalışmışdı. O, erməni təcavüzkarlarının doğma Qarabağımıza hücumlarına dözə bilməmiş, 1992-ci ildə könüllü olaraq Milli Ordu sıralarına qoşulmuşdu. Əsəd Şuşanın Zarıslı, Salatınkənd, Turşsu məntəqələrındə, Laçın ətrafında, Ağdam rayonunun Şelli, Abdal-Gülablı, Güllücə, Papravənd, Naxçıvanik kəndlərı uğrunda döyüşlərdə iştirak etmişdi.
Ə.Əhmədov 1992-ci il iyulun 31-də Papravənd kəndi ətrafında gedən döyüşdə qəhrəmancasına həlak olub.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 nömrəli Fərmanı ilə Əhmədov Əsəd Cəlal oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Bakıda Şəhidlər xiyabanında dəfn olunub. Paytaxtın Yasamal rayonundakı küçələrdən biri onun adını daşıyır.
Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya
Mərkəzinin materialları əsasında
hazırladı: Ədalət DAŞDƏMİRLİ
Tarix: 8-05-2017, 12:46