Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycanda kolleclərin perspektivləri və əmək bazarında rolu





İlqar Yusifov,
 Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin müəllimi
 

Müasir dövrdə ölkəmizin iqtisadi inkişafı peşəkar və ixtisaslı insan kapitalından  asılıdır. Bu baxımdan ali və orta ixtisas təhsil müəssisələri əmək bazarının ehtiyaclarını ödəyən əsas təhsil pillələri  hesab olunur. Sözsüz ki, istər  dövlət, istərsə də özəl sektorda ali təhsilli  şəxslər daha çox üstünlük qazanır. Bu bir  reallıqdır və fakt olaraq qalır. Bəs orta ixtisas təhsil müəssisələrini bitirən məzunlarla bağlı məsələlər nə yerdədir?

Azərbaycanda son illər təhsil sistemində  müxtəlif islahatlar aparılsa da, kolleclərin əmək bazarına uyğun kadr  hazırlığı, məzunların məşğulluğu və tədrisin keyfiyyəti ilə bağlı müəyyən problemlər  qalmaqdadır. Respublikamızda səhiyyə, informasiya texnologiyaları, turizm, logistika, kənd  təsərrüfatı, xidmət və sənaye sahələrində  orta ixtisaslı kadrlara ehtiyac yaranır. Bunun üçün kolleclər düzgün  inkişaf etdirilməklə əmək bazarında kadr  təmsilçilərinə çevrilə bilərlər, lakin bir sıra hallarda məzunların əldə etdiyi bilik və bacarıqlar işəgötürənlərin tələbləri ilə tam  uyğun gəlmir. Nəticədə məzunların bir hissəsi ya ixtisas üzrə işləyə bilmir, ya da  öz təcrübələrini artırmaq üçün ali təhsil  almağa üstünlük verirlər.

Kollec məzunlarının iş tapmaqda qarşılaşdığı çətinliklər və əmək bazarında məşğulluğa təsir edən əsas problemlər  hansılardır?
- Tədrisdə nəzəri biliklərin praktikadan üstün olması və yaxud praktik təcrübənin  az olması.
- Müasir laboratoriya və avadanlıqların  kolleclərdə kifayət qədər olmaması, maddi-texniki bazanın köhnəlməsi.
- İşəgötürənlərlə əməkdaşlığın zəif  qurulması.
- İstehsalat təcrübəsinin qısa və səmərəsiz  təşkili.
- Xarici dil və rəqəmsal bacarıqların kifayət qədər inkişaf etdirilməməsi. 
- Karyera mərkəzlərinin fəaliyyətinin məhdud olması və yaxud olmaması.
Məhz bu səbəblər məzunlara əmək bazarında rəqabət aparmaqda çətinliklər yaradır.
 
Bəs kolleclərin inkişaf etdirilməsi üçün hansı tədbirlər görülməlidir?
 
Kolleclərin fəaliyyətinin daha səmərəli olması üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi məqsədəuyğundur:
  1. Tədris proqramları əmək bazarının  tələblərinə uyğun mütəmadi yenilənməlidir.
  2. Özəl sektor və dövlət müəssisələri ilə  əməkdaşlıq genişləndirilməli, dual təhsil  modeli tətbiq edilməlidir.
  3. Tələbələrin istehsalat təcrübəsi real  müəssisələrdə təşkil olunmalıdır.
  4. Sahibkarlıq, layihələrin idarə  olunması, süni intellekt, rəqəmsal savadlılıq və xarici dil bacarıqlarına xüsusi önəm  verilməlidir.
  5. Müasir laborotoriyalar və rəqəmsal  texnologiyalarla təminat gücləndirilməlidir.
  6. İşəgötürənlərin iştirakı ilə məzunların bacarıqlarının qiymətləndirilməsi sistemi  formalaşmalıdır.
  7. Karyera mərkəzləri yaradılmalı, tələbələr vakansiyalar və təcrübə proqramları  barədə məlumatlandırılmalıdır.
 
Sonuncu təkliflə bağlı bildirmək istəyirəm  ki, müəllif olaraq Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində karyera mərkəzinin yaradılması ilə bağlı layihəni bu ilin aprel ayının pedaqoji şurasına  təqdim etmişəm.


Azərbaycanda kolleclərin gələcəyi onların əmək bazarının real tələblərinə uyğun inkişaf etdirilməsindən çox  asılıdlr. Kolleclər yalnız diplom verən  deyil, praktik  bacarıqlara malik mütəxəssislər yetişdirən təhsil müəssisələrinə çevrilməlidir.


 Dövlət, təhsil müəssisələri və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi həm  məzunların məşğulluğunu artıracaq, həm də ölkənin iqtisadi inkişafına töhfə  verə bilər. Bu istiqamətdə həyata  keçiriləcək islahatlar kolleclərin nüfuzunu yüksəldəcək və gənclərin peşə təhsilinə  marağını artıracaq. 


Tarix: Bu gün, 12:00

Xəbəri paylaş