Azərbaycan maarifçilik hərəkatının, elmin və texnologiyanın unudulmaz siması Vaqif Mahmudov
Bəşər tarixinin bəxş etdiyi ən böyük, ən sarsılmaz sərvət nə torpağın dərinliklərindən çıxarılan qızıl, nə xəzinələrin parıltısı, nə də zamana meydan oxuyan uca sarayların əzəmətidir. İnsanlığın həqiqi, tükənməz xəzinəsi mənəviyyat bünövrəsini quran elm, dünyanı işıqlandıran bilik və bu müqəddəs işığı nəsildən-nəslə etibarlı bir körpü tək ötürən fədakar müəllimlərdir. Müəllim – cəmiyyətin görünməyən ruh memarı, bir xalqın mənəvi varlığını çiyinlərində daşıyan qoruyucu mələyi və gələcəyin dan ulduzudur. Tarixin tərəqqi salnaməsində elə simalar var ki, onların ömür yolu fərdi bir taleyi aşıb bütöv bir millətin maarifçilik dastanına çevrilir. Azərbaycan təhsilinin çoxəsrlik inkişaf tarixinə və qızıl səhifələrinə öz adını dərin ehtiram, ziyalı ləyaqəti və sonsuz sevgi ilə həkk etmiş belə parlaq şəxsiyyətlərdən biri Azərbaycan Respublikasının Əməkdar müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Vaqif Həsən oğlu Mahmudovdur.
Əməkdar müəllimin keçdiyi şərəfli ömür cığırı təbii bir bioqrafiya çərçivəsinə sığmır. Bu yol, müəllim adına göstərilən ali sədaqətin, elm məbədinə duyulan sonsuz məhəbbətin və ömrü Vətən amalı yolunda şam kimi əritməyin canlı, bədii təcəssümüdür. Vaqif müəllim bir pedaqoq kimi sadəcə sinif otaqlarında dərs demədi, illər boyu Azərbaycan məktəbinin ruhunu, vizyonunu və düşüncə tərzi üfüqlərini ilahi bir toxunuşla yenidən naxışladı.
1954-cü ilin şaxtalı bir qış günündə ,dekabrın 14-də qədimliyi ilə sirli, küləkləri ilə doğma olan Bakı şəhərində, köklü bir ziyalı ailəsində dünyaya göz açan Vaqif Mahmudov uşaqlıq illərindən kitabların sehrli dünyasına qapılmışdı. Abşeronun, Bakının qədim, köklü elmi-mədəni mühiti, böyük fəlsəfi söhbətlərin və ziyalı mülahizələrinin dolaşdığı ailə ocağı gənc Vaqifin mənəvi dünyasının ilk təməl daşı oldu.
O dövrün Bakısı tam fərqli bir nəfəs yaşayırdı, küçələrində dahi alimlərin, söz ustadlarının, unudulmaz maarifpərvərlərin kölgəsi gəzir, hər küncündən bir elm ruzgarı əsirdi. Belə bir estetik və elmi mühitdə böyümək gənc Vaqifin daxili dünyasında böyük amalların oyanmasına səbəb oldu. Məktəb illərində tay-tuşlarından iti məntiqi, dərin təfəkkürü, rəqəmlərin sirrini açmağa olan sonsuz həvəsi və riyazi qabiliyyəti ilə seçilir, müəllimlərinin qəlbində böyük bir gələcəyə ümid çırağı yandırırdı.1971-ci ildə gənc Vaqif Bakının köklü təhsil ocaqlarından olan 13 nömrəli orta məktəbi uğurla bitirdi. Həyatın yolları qarşısında açılarkən onun qəlbinin səsi tərəddüdsüz idi: taleyini Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakültəsinə bağladı. Bu seçim sadə bir peşə arzusu deyildi. Gənc Vaqif üçün riyaziyyat quru düsturlardan, soyuq rəqəmlərdən və rəngsiz tənliklərdən ibarət bəsit bir fənn deyildi. Gənc Vaqif, riyaziyyatın dərinliyində kainatın gizli harmoniyasını, yaradılışın ilahi məntiqini və mütləq gözəlliyini görürdü. Universitet illərinin gərgin elmi müzakirələri, professor-müəllim heyətinin zəngin təcrübəsi və ilk pedaqoji addımları onun gələcək böyük fəaliyyətinin sarsılmaz təməlinə çevrildi.
Ali təhsilini 1975-ci ildə uğurla başa vuran gənc riyaziyyatçı taleyin ilk ciddi sınağı və eyni zamanda ən böyük hədiyyəsi ilə qarşılaşdı.Vaqif müəllim təyinatla şəhər mühitindən uzaq olan Abşeron rayonunun Şuraabad kənd orta məktəbinə göndərildi. Gənc bir şəhər ziyalısı üçün Şuraabad sadəcə bir iş yeri deyil, əsl həyat və mənəviyyat məktəbinə çevriləcəkdi.
Məktəbə qədəm qoyduğu o ilk unudulmaz gün, sinif otağının qapısını açanda qarşısında oturan kənd uşaqlarının günəşdən qaralmış çöhrələrində, parıldayan saf gözlərində Vaqif müəllim gələcəyin böyük alimlərini, mühəndislərini, vətənpərvər şəxsiyyətlərini görürdü. O ,dərk edirdi ki, müəllimin dodaqlarından qopan hər bir kəlmə, qara lövhəyə yazılan hər bir cizgi bir insan taleyinin memarlıq eskizidir. Təbaşirlə yazılan hər düstur gələcəyin təməlinə qoyulan bir kərpic idi. Müəllimlik onun üçün peşə statusunu çoxdan aşmışdı,bu, insan ruhunu cilalamaq sənəti, insan yetişdirmək fəlsəfəsi idi. Tezliklə ,bu fədakarlıq öz bəhrəsini verdi, gənc müəllim təmənnasız sevgisi, sonsuz səbri və dərin elmi ilə təkcə şagirdlərin deyil, valideynlərin və bütün Abşeron pedaqoji mühitinin sevimlisinə, mənəvi dayağına çevrildi.
Zaman su tək axdıqca Vaqif Mahmudovun daxilindəki tükənməz enerji və təşkilatçılıq istedadı daha geniş üfüqlərə can atdı. O, regional çərçivələri qıraraq respublika miqyaslı təhsil islahatçısına çevrilməyə başladı. Abşeron Rayon Təhsil Şöbəsində metodist kimi çalışanda məktəblərdə tədrisin ruhunu dəyişdi, canlandırdı. Daha sonra Azərbaycan Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutunda, Azərbaycan Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunda, Azərbaycan Müəllimlər İnstitutunda daşıdığı məsul vəzifələr onun milli təhsil sistemimizin idarəetmə sütunlarından birinə çevrilməsini təmin etdi. Onun fəaliyyət coğrafiyası artıq fərdi məktəb divarlarını keçib milli təhsilin strategiyasını quran, ona istiqamət verən uzaqgörən bir maarifçi hərəkatın rəhbəri idi.
XX əsrin sonlarında bəşəriyyət yeni, fərqli və sirli bir epoxanın, rəqəmsal dünyanın astanasında dayanmışdı. İnformasiya texnologiyaları və kompüterlər qlobal müstəvidə həyatın axarını dəyişdirirdi. Hələ heç kimin rəqəmsallaşmadan bəhs etmədiyi, kompüterin bir çoxları üçün əlçatmaz və anlaşılmaz sehrli bir qutu hesab olunduğu 1985-ci ildə Vaqif Mahmudov böyük bir vizyoner uzaqgörənliyi ilə hərəkətə keçdi. İlk fərdi kompüterlərin və müasir videoqurğuların Azərbaycanın təhsil müəssisələrinə gətirilməsi, müəllimlərə bu texnologiyanın dilinin öyrədilməsi birbaşa onun adı və fədakar əməyi ilə bağlıdır. O, bu soyuq metal qurğularda gələcəyin humanist və qlobal təhsil modelini görürdü. Bu gün ölkəmizin ən müasir məktəblərində şagirdlərimiz dünya təhsilinə inteqrasiya edirsə, bu rəqəmsal təməlin ilk toxumlarını vaxtilə böyük cəsarətlə səpən məhz Vaqif müəllim kimi dahilər olmuşdur.
Həqiqi ziyalı öyrətdikcə öyrənən, elmin sonsuz ümmanında daim yeni sirlər arxasınca qaçan qəvvasdır. 1991-ci ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasını müvəffəqiyyətlə bitirməsi Vaqif Mahmudovun elmi fəaliyyətində parlaq bir səhifə açdı. İllərlə sinif otaqlarında topladığı zəngin təcrübəni, metodik axtarışlarını və elmi qənaətlərini sistemləşdirərək, 2010-cu ildə pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazandı. Elmlə təcrübənin bu möhtəşəm vəhdəti onun imzasını daha da bənzərsiz etdi.
Onun qələmindən çıxan 30-dan çox kitabça, fundamental metodik vəsait və yüzlərlə elmi-publisistik məqalə təhsil ictimaiyyətinin stolüstü bələdçisinə çevrildi. Respublikada riyaziyyat və informatika fənləri üzrə ilk milli test kitablarının yaradıcılarından biri olması onun adını təhsil tariximizə sarsılmaz daxili intizam və yenilikçilik rəmzi kimi həkk etdi. O, həm də dünya təhsilinin nəbzi ilə nəfəs alırdı.
Vaqif Mahmudov və həmmüəlliflərin hazırladığı “Praktik riyaziyyat” metodik vəsaiti də məhz bu həqiqəti oxucuya aşılayan qiymətli elmi-pedaqoji əsərlərdən biridir.
Böyük fransız alimi Blez Paskal yazırdı: “Riyaziyyat fənni o qədər ciddidir ki, onu bir qədər əyləncəli etmək imkanından istifadə etmək faydalı olar.” Kitabın ilk səhifələrindən hiss olunur ki, müəlliflər məhz bu prinsipi rəhbər tutmuşlar. Burada riyaziyyat quru nəzəriyyə kimi deyil, maraqlı tapmacalar, məntiqi oyunlar, həyatla bağlı situasiyalar və düşündürücü məsələlər vasitəsilə təqdim edilir.
Əslində, həyatın özü böyük bir riyazi modeldir. Saatın əqrəblərinin hərəkətindən tutmuş qatarların sürətinə, körpülərin quruluşundan tutmuş kosmik gəmilərin trayektoriyasına qədər hər yerdə riyaziyyatın izi görünür. İnsan bəzən bunun fərqində olmur, lakin hər addımında rəqəmlərin müşayiəti ilə yaşayır. “Praktik riyaziyyat” kitabında verilən yaş, hərəkət, zaman, qayıq, qatar və situasiya məsələləri də məhz gündəlik həyatla riyazi təfəkkür arasında körpü yaradır.
Kitabın ən maraqlı xüsusiyyətlərindən biri riyaziyyatın əyləncə ilə vəhdət təşkil etməsidir. Burada şagird yalnız cavab tapmağa deyil, düşünməyə, araşdırmağa və nəticə çıxarmağa sövq olunur. Məsələn, sadə görünən bir tapmaca insanı məntiqi mühakimələr aparmağa məcbur edir, qeyri-adi suallar isə düşüncənin sərhədlərini genişləndirir. Belə məsələlər təkcə riyazi bilik deyil, həm də həyat problemlərini həll etmək bacarığı formalaşdırır.
Riyaziyyatın gözəlliyi onun universallığındadır. Dünyanın bütün xalqları müxtəlif dillərdə danışsalar da, riyaziyyatın dili hamı üçün eynidir. İki ilə ikinin cəmi hər yerdə dörddür. Bu səbəbdən riyaziyyat bəşəriyyətin ortaq elmi irsi hesab edilir. Kitabda say sistemlərinin tarixi, qədim hesablama üsulları və müxtəlif say sistemləri haqqında verilən məlumatlar oxucunu minilliklərin dərinliklərinə aparır, insan zəkasının inkişaf yolunu izləməyə imkan yaradır.
Müasir dövrdə isə riyaziyyat informasiya texnologiyalarının təməl sütununa çevrilmişdir. Kompüterlər, süni intellekt, proqramlaşdırma və rəqəmsal texnologiyalar riyazi qanunlar üzərində qurulmuşdur. Kitabın geniş bir hissəsinin Python proqramlaşdırma dilinə həsr olunması da təsadüfi deyil. Bu gün proqramlaşdırma yalnız peşə deyil, həm də gələcəyin dili hesab olunur. Riyazi təfəkkürə malik gənclər informasiya cəmiyyətinin qurucularına çevrilirlər.
Müasir dünyanın sürətlə dəyişən mənzərəsində bilik ən böyük sərvət, tədqiqat isə həmin sərvətə aparan ən etibarlı yol hesab olunur. Elm və texnologiyanın inkişaf etdiyi, süni intellektin həyatımızın ayrılmaz hissəsinə çevrildiyi XXI əsrdə cəmiyyətlərin tərəqqisi artıq təbii ehtiyatlarla deyil, insan kapitalı və elmi potensialla ölçülür. Bu səbəbdən də tədqiqatçılıq mədəniyyətinin formalaşdırılması müasir təhsilin əsas prioritetlərindən biri kimi çıxış edir.
Tədqiqat insanın bilmədiyini öyrənmək, görünməyəni görmək, eşidilməyəni eşitmək cəhdidir. Tədqiqat, sadəcə məlumat toplamaq deyil, faktları təhlil etmək, nəticələr çıxarmaq və yeni biliklər yaratmaq prosesidir. Hər bir böyük kəşf əvvəlcə bir fərziyyə, bir maraq, bir müşahidə kimi doğulur. Sonra həmin fikir zəhmətin, axtarışın və yaradıcılığın süzgəcindən keçərək elmi həqiqətə çevrilir.Təhsil Nazirliyi və Həmkarlar Təşkilatının xətti ilə Fransa və Rusiya başda olmaqla dünyanın 26 fərqli ölkəsinə, inkişaf etmiş regionuna elmi ezamiyyətlər etdi, qlobal pedaqoji trendləri dərindən mənimsədi. Vaqif müəllim xaricdə gördüyü yenilikləri kor-koranə köçürmədi, Avropanın fəal təlim modellərini, rəqəmsal tədris metodlarını milli dəyərlərimizin, Azərbaycan məktəbinin genetik koduna uyğunlaşdıraraq tətbiq etdi.
Vaqif Mahmudovun milli fəaliyyətinin ən ülvi zirvəsi onun “Öyrədənlərin öyrədəni” missiyasıdır. O, təkcə uşaqlara riyaziyyat öyrətmədi, müəllimlərə müəllimlik sənətinin, dərsi sevdirməyin elmini keçdi. Onun rəhbərlik etdiyi innovativ proqramların xronologiyası Azərbaycan təhsilinin modernləşmə salnaməsidir.
1999-cu ildə Versal Akademiyasının müəllim hazırlığı institutu ilə müştərək həyata keçirilən “Fransada fasiləsiz təhsil” proqramı. Bu model sayəsində təhsilin yalnız müəyyən yaş dövrü ilə məhdudlaşmadığı, insanın son nəfəsinə qədər davam edən mənəvi təkamül prosesi olduğu fikri ölkəmizdə rəsmiləşdi.
2003–2004-cü illər: “Fəal və interaktiv təlim-tədris metodları” hərəkatı -Vaqif müəllimin canlandırdığı bu model şagirdi passiv dinləyici, dilsiz-ağızsız tamaşaçı statusundan çıxarıb dərsin real qurucusuna, fikirləri ilə elmi yaradan fəal iştirakçıya çevirdi. Müəllim artıq mühazirə oxumurdu, dərsi bir teatr əsəri kimi, bir kəşf laboratoriyası kimi canlandırırdı.
2007-ci il: “INTEL Gələcək üçün təhsil” layihəsi – Bu addımla təhsildə texnoloji intibahın əsası qoyuldu. Rəqəmlər lövhədən ekrana köçdü, müasir simulyasiyalar dərsin ayrılmaz hissəsi oldu.
2009–2011-ci illər: Rəsmi baş təlimçi statusu ilə fəaliyyətini genişləndirən pedaqoq“Dymo–Mimio” interaktiv texnologiyalarını ölkəyə gətirərək sinif otaqlarının fiziki divarlarını sındırdı və dünya ilə vizual əlaqə qurdu. Sonda beynəlxalq dərslik qiymətləndirmə kursları ilə bütün bu nəzəriyyələri mükəmməl bir sistem halına gətirdi.
Vaqif müəllimin elmi-publisistik yaradıcılığı isə bədii təfəkkürün və elmi zəkanın möhtəşəm simfoniyasıdır. Əməkdar müəllimin yazılarında quru, sıxıcı, akademik dildən əsər-əlamət yoxdur. Qələmindən çıxan hər bir cümlədə sinif otağının müqəddəs nəfəsi, təbaşirin o doğma, lövhədə burulub qalan sakit tozu, şagird düşüncəsinin işıqlı sükutu hiss olunur.Vaqif müəllim, riyaziyyatı formul yığını kimi yox, düşüncənin bədii ritmi, informatikanı isə müasir sivilizasiyanın ortaq dili kimi təqdim edirdi. Onun yazılarında müəllim ,sadəcə fənn tədris edən robot deyil, şagirdin ruhuna toxunan bələdçi, dərsi naxışlayan mühəndis və insan mənəviyyatını formalaşdıran böyük sənətkardır.
Dövlət və xalq öz fədakar, uzaqgörən ziyalısını heç vaxt unutmur, onu zamanın yaddaşına qızıl hərflərlə həkk edir. Vaqif Mahmudovun ömrünü maarifə sarsılmaz bağlarla bağlaması hər zaman ən ali mükafatlara layiq görülüb. “Baş müəllim”, “SSRİ Maarif Əlaçısı”, “Azərbaycan SSR Xalq Maarifi Əlaçısı”, “Qabaqcıl Təhsil İşçisi” adları, “Akademik M. Mehdizadə diplomu”, “Azərbaycanın Tanınmış Maarifçiləri” beynəlxalq müsabiqəsinin baş mükafatı onun şərəfli əməyinə verilən memar qiymətidir. 2019-cu ildə Prezident sərəncamı ilə layiq görüldüyü “Əməkdar müəllim” fəxri adı isə bu fədakarlıq zirvəsinin ən parlaq tacı oldu. Sözu, qələmi sənət əsərinə çevrilən alimin publisistik fəaliyyəti 2020-ci ildə media dünyasını sarsıdaraq ona fəxrlə daşıdığı “Azərbaycan bayrağı” və “Qızıl qələm” mükafatlarını qazandı.
Lakin onun üçün dünyanın ən böyük, ən ali mükafatı, toxunduğu insan qəlbləri və 1983-cü ildən bəri müqəddəs bir ibadətgah kimi qoruduğu ailə ocağıdır. Bir oğlu, bir qızı və mənəvi dünyasının bəzəyi olan nəvəsi ilə bərabər sürdüyü bu nurlu ömür onun ən böyük sərvətidir. Bu gün Azərbaycanın ən müasir dövlət strukturlarında, elmi laboratoriyalarında, beynəlxalq şirkətlərində uğurla çalışan yüzlərlə, minlərlə Vaqif yetirməsi var. Onların qazandığı hər bir qələbədə, dövlətimizə verdiyi hər bir töhfədə Vaqif müəllimin sinif otağında yandırdığı o ilk ziyalı işığının şöləsi var.
Təhsil tükənməyən bir ümmandır,burada hər bir fəth olunmuş zirvə əslində yeni bir sabahın, daha böyük bir gələcəyin başlanğıcıdır. Bizim yaşadıb qurduğumuz bu rəqəmsal dövrdə riyazi təfəkkür artıq sadəcə kağız üzərindəki statik formullar deyil,onlar süni intellektin, böyük verilənlərin (Big Data), mürəkkəb alqoritmlərin və qlobal rəqəmsal sistemlərin döyünən qəlbidir. Süni intellekt bu gün təhsil sisteminə sürətlə inteqrasiya olunur. O, müəllimi əvəz etmək üçün gəlməyib, əksinə, müəllimin yaradıcı imkanlarını sonsuzluğa qədər genişləndirmək, təlimi fərdiləşdirmək üçün gəlib.Gənc Vaqifin qəlbində elmə olan sonsuz maraqla yanaşı, musiqiyə qarşı da xüsusi bir həssaslıq var idi. Bu həvəs onu Azərbaycan musiqi mədəniyyətinin ən müqəddəs məbədlərindən birinə Asəf Zeynallı adına Musiqi Məktəbinə gətirib çıxardı. Burada Vaqif müəllim Azərbaycanın görkəmli bəstəkarı və tarzəni, xalq musiqimizin qoruyucusu Səid Rüstəmovun tar sinfində sənətin sirlərinə yiyələndi.
Tarın kövrək, lakin eyni zamanda qürurlu səsini qəlbinə köçürən gənc Vaqif, simlər üzərində gəzdiriyi barmaqlarının yaratdığı sehrli ahəngi sonralar lövhə qarşısında yazacağı mürəkkəb riyazi tənliklərə də daşıyacaqdı. Onun üçün bir tərəfdə rəqəmlərin məntiqi, digər tərəfdə isə xalqın minillik musiqi yaddaşı eyni paralel üzrə hərəkət edirdi.
Vaqif Mahmudovun musiqi sevdası heç vaxt müvəqqəti bir hobbi olaraq qalmayıb. O, musiqini həyatının ayrılmaz bir parçası, nəfəs aldığı mühit statusuna qaldırıb. Alimin yaradıcılıq diapazonu olduqca genişdir, yalnız tar deyil, həm də gitara, saz və sintezator kimi fərqli xarakterli alətlərdə eyni dərəcədə məharətlə ifa etməyi bacarır. Bu, onun musiqi duyumunun polifonik (çoxsəsli) zənginliyindən xəbər verir.
Bu gün müasir internet və media platformalarında Vaqif Mahmudovun yerləşdirdiyi yüzlərlə ifa və iki yüzdən artıq mahnının sözləri, musiqi tərtibatları gələcək nəsillərə qalan böyük bir mədəni mirasdır. Vaqif Mahmudov irsi , bizə sübut edir ki, insan özünü yalnız bir sahəyə həsr etməklə məhdudlaşdırmamalıdır. Elm bəşəriyyətin ağlıdırsa, incəsənət onun qəlbidir. Ağlı ilə qəlbini eyni dərəcədə uca tutan, riyaziyyatın zirvəsindən musiqinin dərinliyinə körpü salan Vaqif Mahmudov, Azərbaycanın elmi-publisistik və mədəni salnaməsində özünəməxsus, parlaq və heç vaxt silinməyəcək bir iz qoymaqdadır.
Belə bir qlobal və sürətli innovasiya əsrində peşəkarlıq artıq sadəcə mövcud biliklərlə ölçülmür, o bilikləri daim yeniləmək, gələcəyin dilini duymaq bacarığı ilə formalaşır. Məhz bu nöqtədə Vaqif müəllimin onilliklər öncə əsasını qoyduğu uzaqgörən metodologiya, elmi-publisistik irs və innovativ yanaşma bu günümüzdən gələcəyə uzanan möhtəşəm bir intellektual körpü rolunu oynayır. O körpüdən keçən hər bir mənəvi ideya, hər bir gənc zəka Azərbaycan təhsilini daha işıqlı, daha sivil və daha güclü bir mərhələyə daşıyır.
Azərbaycan maarifçilik hərəkatının unudulmaz siması, elmin və texnologiyanın fədakar cəngavəri olan hörmətli Vaqif müəllimə xalqımız və dövlətimiz adına, sabahımızı quran müəllimləri yetişdirdiyi üçün sonsuz minnətdarlığımızı bildiririk. Arzu edirik ki, gələcək fəaliyyət yollarınız, qələminiz və elmi axtarışlarınız hər zaman rəqəmsal və mənəvi dünyamızın işığında daha gur yansın, yeni yaradıcılıq zirvələrini fəth etsin. Ömrünüz uzun, ziyalı yolunuz hər zaman məhsuldar və uğurlu olsun!
YENİNEWSTV24.AZ
Aygün Məmmədova Azərbaycan Jurnalistlər Birliyinin üzvü,YENİNEWSTV24.AZ saytının təsisçisi














































Tarix: Bu gün, 21:30
