Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Ali Məktəbdə Elmi-Pedaqoji Fəaliyyətin Uğur Yolu




Zülfiyyə Vəliyeva
Respublikanın Əməkdar Müəllimi
 

  

     Ömrü boyu yol gedirik. Rastına çıxan xeyirxah xislətli insanlar sənin mükafatındır. İnsanın niyyəti, xisləti, inamı, etiqadı onu ən yaxşı keyfiyyət göstəricisidir. Onun insanlığa xas olan ən vacib xüsusiyyətlərini sadalamaq istəyirik: mübariz, əməksevər, vicdanlı, xeyirxah, fədakar, bu günü ilə şükr edib sabahını dualar içində açan insan! Hər bir insanın dəyəri onun elmi qədərdir. İnsanların inam və etibarını qazanmaq üçün cəkilən zəhmət, onlara göstərilən diqqət və qayğı, səmimi münasibət, şübhəsiz, öz bəhrəsini verir. Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır. 

 

         İnsanlar hər bir dövlətin həqiqi sərvətidir. Müasir dövrdə hər bir xalqın, dövlətin gələcək taleyini təkcə onun malik olduğu zəngin təbii sərvətlər deyil, həm də elmi-mədəni və intellektual imkanları, bütün bunların da fövqündə dayanan insan kapitalı müəyyənləşdirir. Funksional imkanları elm və təhsilin ictimai həyatın ən müxtəlif sahələrində tətbiqi yolu ilə gerçəkləşdirilən bu əvəzsiz kapital hazırkı mərhələdə fərd və ictimai toplumların, geniş mənada, xalqların gələcək inkişafının, yaşayış səviyyəsinin, habelə qazandığı nailiyyətlərin rəhni kimi çıxış edir. Müasir dövrdə müvəffəqiyyətin təminatı tələbələr tərəfindən elmi anlayışların, məlumatların mənimsənilmə sayından deyil, peşəkar və açar kompetensiyaları sistemləşdirmək, mövcud informasiyalar əsasında yeni məlumatların əldə olunma qabiliyyəti ilə müəyyən edilir. Yeni ideyaların, elmi biliklərin, texnologiya və yüksək səmərəliliyə malik  innovasiyaların tətbiqi kadr hazırlığında  intellektual səviyyənin yüksəlməsinə, onların  müasir dünyada baş verən proseslərdəki yerini və rolunu müəyyənləşdirməyə imkan yaradır. Müasir müəllim daim təhsildə tətbiq edilən innovasiyalarla yaxından tanış olmalı, bilməli, anlamalı və tətbiq etməlidir.

  Elmlə məşğul olan insanın əsas məqsədi bir tərəfdən, obyektiv bilikləri əldə etməkdən, digər tərəfdən onla­rı nəzəri cəhətdən sistemləşdirməkdən ibarətdir. Ümumilikdə, elm - insanların mənəvi fəaliyyəti olub, təbiət, cəmiyyət haqqında biliklərin əldə olunması, həmçinin real faktlar və onlar arasında mövcud olan qarşılıqlı əlaqə əsasında həqiqətin öyrənilməsi və yeni qanunauyğunluqların aşkara çıxarılmasından ibarətdir.
 
Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin (UNEC) dosenti, iqtsadiyyat üzrə fəlsəfə doktoru Dadaşova Kəmalə Seyfulla qızının  elmi fəaliyyəti,  peşəkarlığ, elmi yaradıcılıq yolu gənclər üçün  yaxşı nümunədir.


 Kəmalə Dadaşova 1974-cü il sentyabr ayının 10-da Salyan rayonunun Kürqaraqaşlı kəndində anadan olmuşdur. 1981-1991-ci illərdə orta təhsilini Salyan rayonunda Kürqaraqaşlı kənd orta məktəbində almışdır.1993–1997-ci illərdə Bakı Əmtəəşünaslıq–Kommersiya İnstitutunun Texnologiya və dizayn fakültəsində “Standartlaşdırma və sertifikasiya” ixtisası üzrə bakalavr, 1997–1999-cu illərdə isə eyni ixtisas üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.

   1999-cu ildə Bakı Əmtəəşünaslıq–Kommersiya İnstitutunun “Standartlaşdırma və sertifikasiya” kafedrasında baş laborant,  daha sonra 2000–2002-ci illərdə isə UNEC-in “Standartlaşdırma və sertifikasiya” kafedrasında baş laborant vəzifəsində çalışmaqla yanaşı  saathesabı müəllim işləmişdir.


  2002–2013-cü illərdə  UNEC-in “Standartlaşdırma və sertifikasiya” kafedrasında assistent, 2013–2018-ci illərdə həmin kafedrada baş müəllim, 2018–2020-ci illərdə isə dosent vəzifəsində çalışmışdır. 2020-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühəndislik və tətbiqi elmlər” kafedrasında dosent vəzifəsində fəaliyyətini davam etdirmişdir. 

  Kəmalə xanım  2007-ci ildə ARDNŞ Elmi Tədqiqatlar İnstitutunun dissertanturasına qəbul olunmuş və 2013-cü ildə 5312.01 – “Sahə iqtisadiyyatı”  ixtisası üzrə dissertasiya işini müdafiə edərək  iqtisad üzrə fəlsəfə doktoru alimlik elmi dərəcəsi almışdır.   O, 125 elmi əsərin, o cümlədən 3 əlyazmanın, 1 monoqrafiyanın, 1 dərsliyin, 3 dərs vəsaitinin, 1 tərcümə edilmiş dərsliyin, 1 avtoreferatın, 1 metodik göstərişin, 15 tədris proqramının, həmçinin 100-dən çox çap olunmuş elmi məqalə və tezisin müəllifidir. Məqalələrinin əksəriyyəti xarici nəşrlərdə,  “Scopus” və EBSCO verilənlər bazalarına daxil olan jurnallarda dərc olunmuşdur. 2013–2019-cu illərdə ADİU-da fəaliyyət göstərməklə yanaşı, AMEA-nın İqtisadiyyat İnstitutunun “Aqrar islahatlar və ərzaq təhlükəsizliyi problemləri” şöbəsində 0,5 ştat vahidi üzrə əvəzçiliklə böyük elmi işçi vəzifəsində çalışmışdır. 2014–2017-ci illərdə isə Dövlət Qulluğu Komissiyası tərəfindən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə dövlət qulluğuna müdavimlərin qəbulu ilə bağlı keçirilən müsahibələrdə sərbəst ekspert qismində fəaliyyət göstərmişdir. 2014–2023-cü illərdə ADİU-da  “Metrologiya, standartlaşdırma və sertifikatlaşdırma” ixtisası üzrə magistr dissertasiyalarının müdafiə şurasında elmi katib vəzifəsini icra etmişdir. 



  2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Kəmalə Dadaşovaya elmi-pedaqoji fəaliyyətinə görə iqtisad elmləri sahəsində 5312.01- “Sahə iqtisadiyyatı” ixtisası üzrə dosent elmi adı verilmişdir. 




  Kəmalə xanım  44 günlük Vətən müharibəsi zamanı müntəzəm olaraq Şəhid ailələrinə və Qazilərimizə maddi və mənəvi dəstək göstərmişdir. Qardaş Türkiyə dövlətində baş verən zəlzələ zamanı zəlzələdən ziyan çəkmiş insanlara yardımlar edilməsində də yaxından iştirak etmişdir. 
Kəmalə xanım Dadaşova 2024-cü ildə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi tərəfindən “Böyük Zəfər” xatirə medalı ilə təltif olunmuşdur.

 Azərbaycanın Ziyalı Xanımları adlı ensklopedik kitabda Kəmalə xanımın elmi-pedaqoji və yaradıcılıq fəaliyyəti geniş əks  olunmuşdur.
2003-cü ildə Kəmalə xanım Universitetdə birgə təhsil almış Emil bəylə ailə həyati qurmuş, onların oğlanları İlkin və Vahid  valideynlərin yolunu davam etdirirlər.



    Müəllimlik şərəfli peşədir. Müəllim öz ziyası, nuru ilə   bütün cəmiyyətə işıq saçandır. Müəllim mənən pak, böyük ürəyə sahib olandır.  Müəllim olmaq bir üstünlükdür, hamı müəllim sözünə, müəllim peşəsinə böyük hörmətlə yanaşır.   Müəllimlər dünyada ən uzunömürlü peşələrin başında durur, müəllimlər digər peşə sahiblərindən daha çox yaşayır, cəmiyyətdə hörmətlə xatırlanırlar.
 
   Şəxsiyyət istedadı ilə birgə doğulur (əlbəttə ki, söhbət əsl mənada Şəxsiy­yətdən gedir) və qoşa inkişaf yolu keçir. Şəxsiyyəti  qəbul edib, sonra onun sənətinə, cəmiyyətdə tutduğu mövqeyinə diqqət yetirirsən. Üz tutduğun sənət, diqqət yetirdiyin mövqe sənə Şəxsiyyətin kimliyini açıb gös­tərir. Ölməz müəllimlik  sənəti böyük Yaradandan, ilahi qüvvələrdən güc alaraq ürəkdən sevilir, qəbul edilir. Aqil insan, müdrik insan. Müəllim ali xüsusiyyətlərə malik şəxsiyyətlərdəndir - ürəyaçıq, çox sadə, peşəsinin vurğunu, hər kəsi diqqətdə saxlamağı bacaran, ünsiyyətcil  insan. Onda gözəl danışıq, natiqlik məharəti var. Bu, ona Allahdan verilən istedaddır.  
               
         Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir
 
   Cəmiyyətin tərəqqisi məktəbdən, məktəbin dəyəri isə keyfiyyətli və səriştəli kadr potensialından, ilk növbədə müəllimdən asılıdır. Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiy­yətin etibar etdiyi şəxsdir. Cəmiyyət tərəqqi, inkişaf, mədəni yüksəliş üçün məhz müəllimlərə borcludur. Kamillik və Dahiliyi özündə ehtiva  edən  müəllim ömrü insanı müdrikləşdirir, onu yaddaşlarda yaşadır.
 
     Elmi və pedaqoji fəaliyyəti, insani keyfiyyəti ilə cəmiyyətin, çalışdığı kollektivin, dərs dediyi tələbələrin, xanımlığı, qayğıkeşliyi ilə ailəsinin, doğmalarının hörmət və sevgisini qazanmış Kəmalə xanıma  uğurlar arzulayırıq.


Tarix: Bu gün, 19:09

Xəbəri paylaş