Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

PEDAQOJİ ELMİN FENOMENİ: Nurəddin Kazımov-100

Zülfiyyə Vəliyeva
Respublikanın Əməkdar müəllimi,
Akademik Mehdi Mehdizadə mükafatı laureatı
 
 
 
                                                         İstedadlı Alim,  Yaradıcı Fikir Daşıyıcısı
 
 Elm-işıqdir, Allah nurundan yaranıb.  Əsl alimlər bu nurun daşıyıcıları, qaranlığı, nadanlığı, məchulluğu parçalayıb  yaran, bəşərin qəlbinə, ruhuna, idrakına işıq salan fəzilət sahibidirlər. Elm işığında öyrənmək, işığın içində işıq aramaq - elə Allaha bir addım da yaxınlaşmaq deməkdir. İnsanın, İnsanlığın xilasına elmin  gücü ilə töhfələr verilir. Məhz belə insanların simasında Məhəmməd peyğəmbərin (s.ə.s) bu kəlamı “Bir insanın  qiyməti onun elmi, biliyi qədərdir”. İnsanların  sağlam, mənəvi cəhətdən daha güclü olmas: Onun özünə hörməti, özünün, doğmalarının və ətrafının qorunmasına məhz saf niyyəti, təmənnasız xidməti təminatdır. Yaradanın yaratdıqlarını sevməklə qorumağın yolu:
- İlahi eşqidə, Mənəviyyatda, Halal və Düz yolda olmaqdadır.
 
Qürür düyülasıdır, Allahın dəyər verdiyi  istedadı, yaradıcı fikir daşıyıcısı, görkəmli alim, böyük vətəndaş -100 illiyini qeyd etdiyimiz Nurəddin Mustafa oğlu Kazımov 1926-cı il aprelin 28-də Gəncə şəhərində anadan olmuşdur. 1933-cü ildə orada "III İnternasional" adına orta ümumtəhsil məktəbinə daxil olmuş və 1943-cü ildə həmin məktəbi bitirmişdir. 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin fəlsəfə şöbəsinə daxil olmuş və təhsilini davam etdirmək üçün 1947-ci ildə Sankt-Peterburq Dövlət Universitetinin fəlsəfə fakültəsinin III kursuna köçürülərək, oranı 1950-ci ildə yüksək təlim müvəffəqiyyəti ilə bitirmişdir.
O, 1950-1952-ci illərdə Nuxa (Şəki) Müəllimlər İnstitutunun pedaqogika və psixologiya kafedrasında baş müəllim vəzifəsində işləmişdir. Sonrakı əmək fəaliyyəti Bakı şəhərində, Bakı Vilayət Maarif Şöbəsində məktəb inspektoru (1952-ci ilin sentyabrından 1953-cü ilin mayına qədər), sonra isə Azərbaycan SSR Maarif Nazirliyində (1953) Ali və orta pedaqoji təhsil şöbəsində inspektor vəzifələrində çalışmışdır. Elmi-pedaqoji fəaliyyətə olan sonsuz marağı onu Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunun (indiki Azərbaycan Respublikasının Təhsil İnstitutu) aspiranturasına gətirmiş, 1953-1956-cı illərdə burada aspiranturada təhsil almışdır.

Pedaqoji fəaliyyət, məhsuldar elmi əmək onun həyatının ayrılmaz hissəsi olduğundan, o, aspirantura təhsilini başa vurduqdan sonra 1956-1957-ci illərdə yenidən Azərbaycan SSR Maarif Nazirliyinin Ali və orta pedaqoji təhsil şöbəsinə inspektor vəzifəsinə dəvət olunmuşdur. Ali məktəb həyatının rəhbərlik və idarəetmə üslubuna yaxşı bələd olan Nurəddin Kazımov 1957-ci ildə M.F.Axundov adına Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda baş müəllim, 1957 və 1973-cü illərdə Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunda elmi işlər üzrə direktor müavini, sonra isə direktor (1973-1976)  vəzifəsində işləmişdir. Professor Nurəddin Kazımovun elmi-pedaqoji fəaliyyətinin böyük mərhələsi isə ali məktəb həyatı ilə bağlı olmuşdur. 1976-1982-ci illərdə V.İ.Lenin adına APİ-də (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) elmi işlər üzrə prorektor vəzifəsində işləmişdir.1984-cü ildən etibarən, təxminən, 30 il Azərbaycan Dillər Universitetinin pedaqogika kafedrasının rəhbəri olmuş, onlarla gəncə elmi rəhbərlik etmişdir.

Nurəddin müəllimin əməyi dövlət və xalq tərəfindən həmişə layiqincə qiymətləndirilib, şərəfli fəaliyyət və uğurlarına görə “Qabaqcıl maarif xadimi”, “SSRİ maarif əlaçısı” döş nişanları, “Şərəf nişanı” ordeni ilə təltif olunmuş, “Əməkdar elm xadimi fəxri adını almışdır. Prezident təqaüdçüsü, Əməkdar elm xadimi, pedaqogika üzrə elmlər doktoru, professor Nurəddin Mustafa oğlu Kazımov 2012-ci ildə Rusiya Təhsil Akademiyasının xarici üzvü seçilmişdir.
 
Professor Nurəddin Kazımovun həyat salnaməsindən gətirilən tərcümeyi-hal fraqmentləri bir daha sübut edir ki, qəlbində paklıq, qurub-yaratmaq şövqü yaşadan insan övladının əbədiyaşar keyfiyyətləri onu həmişə müdrik saxlayıb. Pedaqogika elminin korifeylərindən olan Nurəddin Kazımov mənalı ömrünün altmış beş ilini elmə, xalqının maariflənməsinə həsr etmişdir. Öz dəyərli əsərləri ilə ölkəmizdə və xaricdə yüksək nüfuz qazanan, milli və bəşəri ideyaları ilə pedaqogika nəzəriyyəsi elmini zənginləşdirən, ictimai-siyasi, sosial-mədəni və ideya-əxlaqi mühitimizin aparıcı ziyalılarından olan, xalqını, vətənini dərin məhəbbətlə sevən, neçə-neçə nəsillərə maarifləndirici çıraq tutan, nümunəvi övladlar ərsəyə gətirən, uzun illər Azərbaycan Dillər Universitetinin pedaqogika kafedrasına rəhbərlik etmişdir. Prezident təqaüdçüsü, Əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor Nurəddin Mustafa oğlu Kazımov şərəfli bir ömür sürmüş, xalqımızın dərin rəğbətini qazanmışdır. Nurəddin Kazımov görkəmli alim, ustad müəllim, mahir pedaqoq, müdrik filosof, yenilikçi metodist, kamil insan, yenilməz şəxsiyyət!  Xüsusən tələbə mənəviyyatına halallıq, pak və saf əqidə nuru çiləmək bu müdrik şəxsiyyətin həyat kredosu idi. Professor Nurəddin Kazımov daim həyat eşqi, geniş və çoxşaxəli yaradıcılığı ilə seçilmişdir.
 
Hazırda ABŞ-da yaşayan, pedaqoqika üzrə fəlsəfə doktoru Yaqut xanım Rzayeva: -Nurəddin müəllim haqqında yazmaq, onu bir çoxlarından fərqləndirən insani keyfiyyətləri baxımından xarakterizə etmək çox çətin və məsuliyyətli bir işdir. Lakin bu missiyanın öhdəsindən layiqincə gələn əzizimiz Zülfiyyə xanıma öz dərin təşəkkürümü bildirirəm. Nurəddin müəllimi mən V.İ.Lenin adına APİ-nin elmi işlər üzrə prorektoru olan müddətdə tanımışam. O dövr mənim həm tələbəlik illərinə, həm də institutdakı ictimai işlərdə çalışdığım dövrə təsadüf edirdi. O, bir rəhbər işçi kimi təkcə mənim yox, bir çoxlarının sevimlisi idi. Bu vəzifədəki fəaliyyəti müddətində həm professor-müəllim heyətinin, həm aspirantların, həm də tələbələrin mənəviyyatına halallıq, paklıq, saf əqidə nuru səpmiş, onların gələcək həyatında öz izini qoymuş, müdrik əməlləri, elmi dəstəyi və məsləhətləri ilə  onlara yol açmış, ürəklərdə yer almışdır.

 O, əməksevərliyi və istedadı  ilə “Pedaqogika”  elminə də öz layiqli töhfəsini vermiş, bu elmin inkişafında misilsiz xidmətləri olmuşdur. Belə qüdrətli insanı ona məxsus müsbət keyfiyyətləri ilə xarakterizə etməkdə həm söz, həm də insan özü belə aciz qalır. Həyatımda, ictimai və müəllim kimi fəaliyyətimdə ona bənzəməyə çalışdım, mənə örnək oldu, həyat idealıma çevrildi.

 Nurəddin müəllim öz övladlarını da özü kimi tərbiyə etmiş, cəmiyyət üçün, xalq üçün layiqli vətəndaş yetişdirmişdir.  Təhsil Nazirliyi tərəfindən Dövlət İmtahan Komissiyasının sədri təyin edilmiş mərhum oğlu Ayaz müəllim də öz obyektivliyi, dürüstlüyü, savadı və mədəniyyəti, qayğıkeşliyi ilə bizi heyran etdi, qısa bir müddət ərzində tələbə və müəllim kollektivinin  rəğbət və hörmətini qazana bildi. Allah hər ikisinə rəhmət eləsin, qəbirləri nurla dolsun, əbədiyaşar insanlar!
 
 100 yaşınız mübarək - əziz rəhbər, əziz həmkar, hamının sevimlisi Unudulmaz Nurəddin müəllim! Nurəddin müəllimin əziz xatirəsi onu tanıyanların və pedaqoji ictimaiyyətin xatirəsində ləyaqət, şərəf, böyük ürək sahibi kimi  hörmətlə anılır. Nurəddin müəllim  hər bir insanın həyatında öz izini qoya bilmiş insandır, müdrik məsləhətləri, elmi yaradıcılıqlarına verdiyi dəstəklə hamının məhəbbət və sədaqətini qazanmışdır. 14 aprel 2026-cı il tarixində Azərbaycan Dillər Universitetinin təşkilatçılığı ilə, Özbəkstanın  Denov Sahibkarlıq və Pedaqogika İnstitutunun, Türkiyənin Ege Universitetinin,  Türk Dünyası və Araşdırmalar İnstitutu, İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu ilə birgə   professor Nurəddin Kazımovun 100-cü ildönümünə həsr edilmiş “Dil, təhsil və pedaqogikanın aktual problemləri” mövzusunda Beynəlxalq konfransın plenar içlasında  çıxış edən ADU-nun rektoru akademik Kamal Abdulla, AMEA-nın prezidenti İsa Həbibbəyli, Türkiyənin Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunun rəhbəri (video yazı), Özbəkistanın Denov Sahibkarlıq və Pedaqogika İnstitutunun Pedaqogika fakültəsinin dekanı pedaqoji elmlər üzrə fəlsəfə doktoru, dosent Rano Salamova, Bakı Biznes Universitetinin rektoru professor İbad Abbasov, respublikanın Əməkdar müəllimi Zülfiyyə Vəliyeva, ADU-nun dosenti Vidadi Bəşirov, Avrasiya Universitetinin professoru, hüquq elmləri doktoru İbrahim Quliyev, ADU-nun kafedra müdiri, pedaqogika üzrə elmlər doktoru, pofessor Pirali Əliyev, ADU-nun dosenti Misgər Məmmədov, pedaqoji elmlər doktoru, Əməkdar müəllim Heydər Cəfərov çıxış etmişlər.

Konfransda Nurəddin Kazımovun qızı Nurlana xanım, oğlu Araz Kazımov atasının xatirəsinə həsr edilmiş konfransın keçirilməsini hörmət və ehtiramın bariz nümunəsi olduğunu qeyd edərək, ailələri adından təşkilatçılara təşəkkür etmişlər. Nurəddin müəllim həm tələbələri, həm həmkarları arasında öz sözünü deyən və öz sözü ilə bu gün də yaşayan, sabah da yaşayacaq alimlərimizdəndir.

Ruhun Şad olsun Ustad!
                                                    




Tarix: Bu gün, 13:22

Xəbəri paylaş