Professor Cəlal Abdullayevin işıqlı xatirəsinə dərin ehtiramla

Bu gün ölkəmizin görkəmli alimlərindən biri, Bakı Dövlət Universitetinin Müasir Azərbaycan ədəbiyyatı kafedrasının müdiri (1979-2010), tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981), filologiya elmləri doktoru (1974), Əməkdar müəllim (2000), professor (1976) Cəlal Abdullayevin (1930-2010) 95 illik yubileyidir.
Cəlal Mehdi oğlu Abdullayev 1930-cu il dekabrın 30-da Gürcüstanın Qarayazı (indiki Qardabani) rayonunun Nəzərli kəndində anadan olmuşdur. Həmin rayonun Kosalı kənd orta məktəbini bitirdikdən sonra indiki Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuşdur. 1956-cı ildə ali təhsilini tamamlayıb əmək fəaliyyətinə Bakı Dövlət Universitetinin Azərbaycan sovet ədəbiyyatı tarixi kafedrasında baş laborant kimi başlamışdır. O, aspiranturada təhsilini 1958–1961-ci illərdə almış və müəllim kimi fəaliyyət göstərmişdir. Daha sonra professor, kafedra müdiri vəzifələrinədək yüksəlmişdir.
Professor Cəlal Abdullayev 1979-cu ildən ömrünün axırınadək Bakı Dövlət Universitetinin Müasir Azərbaycan Ədəbiyyatı kafedrasının müdiri olmuş, 1980-ci ildən universitetin Böyük elmi şurasına üzv seçilmişdir. O, 1994–2001-ci illərdə ixtisaslaşdırılmış doktorluq müdafiəsi şurasının sədri olmuşdur.
Cəlal Abdullayev Azərbaycan ədəbiyyatında çağdaş ədəbi-nəzəri fikrin, ədəbi tənqid və ədəbiyyatşünaslığın inkişafında əvəzsiz xidmətlər göstərib. Zəngin yaradıcılıq irsinə malik olan tədqiqatçının ədəbi-tənqidi axtarışları xalq ədəbiyyatının ilk qaynaqlarından tutmuş çağdaş ədəbiyyatın nəzəri problemlərinə qədər bir çox mühüm problemləri əhatə edib.
Onun tədqiqatlarında Xətib Təbrizi, Xaqani Şirvani, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Firidun bəy Köçərli, Seyid Hüseyn və başqa klassiklərin elmi-nəzəri və ədəbi-bədii irsi bu və ya digər şəkildə araşdırmaya cəlb olunub. Cəlal Abdullayevin elmi axtarışlarının əsas istiqaməti poeziya ilə bağlı olub. Tədqiqatçının poeziyaya həsr olunmuş məqalələrinin bir qismi "Lirika və zaman" (1982) adlı məqalələr toplusuna daxil edilib.
Professor 1962-ci ildə "Səməd Vurğun və folklor" mövzusunda namizədlik işi, 1974-cü ildə isə "Səməd Vurğunun sənətkarlığı" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. Cəlal Abdullayevin "Səməd Vurğunun poetikası" (1976), "Səməd Vurğunun sənət dünyası" (1986), "Azərbaycan sovet ədəbiyyatı" (1988),"Hüseyn Cavid" (1997) kimi dəyərli kitabları, çoxlu sayda dərin məzmunlu elmi məqalələri çap edilmişdir.
Cəlal Abdullayev 2000–2001-ci illərdə xaricdə çıxan "Araz", "Xudafərin" jurnallarında məqalələri çıxmışdır. Bütün həyatı və elmi fəaliyyəti Bakı Dövlət Universiteti ilə bağlı olan Cəlal Abdullayevin ali məktəblərin humanitar fakültələri üçün hazırlanmış "Azərbaycan sovet ədəbiyyatı" və "Müasir Azərbaycan ədəbiyyatı" dərsliyi xüsusi əhəmiyyət daşıyır.
Professor Cəlal Abdullayev 2010-cu il mayın 20-də Bakı şəhərində vəfat etmişdir. Görkəmli alim, səmimi, təvazökar insan, professor Cəlal Abdullayevin işıqlı xatirəsi daim qəlbimizdə yaşayır.
Allah rəhmət eləsin!
Fikrət Şiriyev
Tarix: Dünən, 22:44
Xəbəri paylaş
