Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Nazim Kazımov - 75: Həyatını musiqi sənətinə bağlayan fədakar insan


Hər bir insanın ömür yolu sahib olduğu, illərlə ilmə-ilmə toxuduğu, yaşatdığı, başqalarına ötürdüyü saf, dəyərli əməllərdə intişar edib fəth etdiyi zirvələrlə müəyyən olunur. Bu yol heç vaxt asan deyil, çətin, keşməkəşli və çətin olduğu qədər də şərəflidir.  
 Belə bir ömür sahiblərindən biri də bu günlərdə anadan olmasının 75, elmi-pedaqoji fəaliyyətinin 55 illiyini qeyd etdiyimiz, respublikamızda musiqi təhsilinin inkişafında, neçə-neçə  istedadlı ifaçının, musiqiçi kadrların hazırlanmasında əvəzsiz xidmətləri olan tanınmış görkəmli musiqi xadimi, gözəl pedaqoq, ictimai xadim Nazim Kazımovdur.   
 
  Əməkdar incəsənət xadimi, professor Nazim Kazım oğlu Kazımov xalqına, Vətəninə sədaqətlə xidmət edən zəhmətsevər insandır. Bu mahir pedaqoqun ömür yolu dahilər, görkəmli sənətkarlar diyarı olan Naxçıvandan başlanıb. 


 1956-cı ildə ayaq açdığı Naxçıvan şəhər Üzeyir Hacıbəyli adına 1 nömrəli orta məktəbdə və bir neçə il sonra Naxçıvan Şəhər Musiqi Məktəbinin tar sinfində oxuyarkən fəallığı ilə seçilib. Onda ədəbiyyata da, musiqiyə də güclü həvəs vardı. Ona görə də orta təhsilini başa vurarkən iki yolun ayrıcında qaldı. Lakin çox düşünmədən həm  ədəbiyyatı, həm də musiqini seçib. 1966-cı ildə mötəbər musiqi təhsili ocaqlarından sayılan Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunun Xalq çalğı alətləri şöbəsinin tar sinfinə daxil olub. 1967-ci ildən isə qiyabi yolla Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almağa başlayıb.
  
1970-ci ildə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunu bitirib təyinatla   Əli Bayramlı Şəhər Musiqi Məktəbində tar müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb, eyni zamanda universitetdə təhsilini davam etdirib və 1973-cü ildə filoloq ixtisası üzrə ali məktəbi bitirib.
 Daha sonra musiqi təhsilini artırmaq üçün Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının xalq çalğı alətləri şöbəsinə daxil olub. Onun daim oxumaq istəyi dost-tanışları tərəfindən təəccüblə qarşılanıb.  Hətta “bu qədər oxumaqla nə qazanacaqsan” deyənlər də olub.
  
Ancaq Nazim müəllim inadından dönməyib. Çünki dərindən inanırdı ki, inkişafa, tərəqqiyə, yüksəlişə aparan yolların əsas cığırları məhz ixtisas məktəbindən keçir. Buna görə də sevib-seçdiyi sənətin nəzəri-praktik məsələlərini mükəmməl mənimsəmək üçün gecə-gündüz çalışıb.  Müəllimləri də  onun qabiliyyətini yüksək qiymətləndiriblər. 
Vaxtilə görkəmli bəstəkarımız, professor Səid Rüstəmov hələ 47 il əvvəl böyük iftixar hissi ilə yetirməsi haqqında deyirdi: “Taleyin gərdişi ilə tələbəm olan Nazim Kazımov çox qabiliyyətli və həssas musiqiçidir. Onun ifaçılıq və pedaqoji fəaliyyətdə böyük uğurlar qazanacağına əminəm”. 
1970-ci ildə Əli Bayramlı Şəhər Musiqi Məktəbində əmək fəaliyyətinə başlayan N.Kazımov tezliklə şagirdlərin, onların valideynlərinin və pedaqoji kollektivin sevimlisi olub. Sonralar Nazim müəllimin əmək kitabçasına yeni-yeni ünvanlar, təhsil ocaqları - Bakıdakı 15, 25 nömrəli musiqi məktəbləri yazılıb. 

 N.Kazımovun yarım əsrlik  əmək fəaliyyətinin 16 ili Əli Bayramlı Şəhər Musiqi Məktəbi ilə bağlıdır. O, bu məktəbdə tar müəllimi, tədris işləri üzrə direktor müavini, direktor vəzifələrində çalışarkən məktəbin şöhrəti daha da artıb. O, həmin dövrdə  şəhər sovetinin deputatı kimi uşaqların və məktəbli gənclərin estetik tərbiyəsi naminə bir sıra mədəni-kütləvi tədbirlərin həyata keçirilməsinə, yeni musiqi kollektivlərinin - xalq çalğı alətləri orkestrinin və ansamblının yaradılmasına nail olub. Respublikada keçirilən müxtəlif baxış-müsabiqələrdə məktəbin gənc istedadları həmişə fərqlənib, aldıqları fəxri fərmanların, diplomların sayı ilbəil artıb. 

Pedaqoji fəaliyyətinin ilk günlərindən musiqi təhsili sisteminin təkmilləşdirilməsi naminə əzmlə çalışan Nazim Kazımov istedadların vaxtında aşkara çıxarılmasına da xüsusi diqqət yetirib. Ariz Abduləliyev, Rahib Məmmədov, Əmirhüseyn Hüseynov, Ramiz Əliyev, Bakıxan Müzəffərov, Fəxrəddin Qafarov, Cəfər Qafarov, Yaqub Manafov və başqaları respublikamızda musiqi təhsili sistemində mühüm əhəmiyyət kəsb edən fikir və söz sahibləri olmaqla yanaşı, praktik fəaliyyətləri ilə də tanınıblar.

 İstedadlı pedaqoq 1992-ci ildə Təhsil Nazirliyində mütəxəssis kimi fəaliyyət göstərməyə başlayıb.  Burada təxminən 10 il aparıcı mütəxəssis, baş mütəxəssis, rəis müavini vəzifələrində çalışaraq təşəbbüskarlığı, səriştəliliyi ilə diqqəti cəlb edib.  O, eyni zamanda 1997-ci ildən 2001-ci ilədək Təhsil Nazirliyi Həmkarlar İttifaqı Komitəsinin sədri kimi fəaliyyət göstərib. 
 Nazim müəllim nazirlikdə işlədiyi müddətdə də həmişə yaradıcılığa, elmi axtarışa səy göstərıb.  1994-cü ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun  dissertantı olanda bu səyi, həvəsi daha parlaq şəkildə nəzərə çarpıb, səsi respublikamızda keçirilən ən mötəbər elmi məclislərdən gəlib. Məhz bu səyin və səmərəli elmi araşdırmaların nəticəsində o, “Ümumtəhsil məktəblərində şagirdlərin musiqi qabiliyyətlərinin inkişafında muğam nümunələrindən istifadə üzrə işin sistemi” mövzusunda namizədlik dissertasiyasını tamamlayaraq müvəffəqiyyətlə müdafiə edib. 

 Nazim Kazımov yaradıcılıq planlarını əzmlə həyata keçirən alimdir. O, dissertasiya müdafiəsindən sonra da gənc nəslin musiqi-estetik tərbiyəsi üzrə tədqiqatlarını davam etdirib.  “Azərbaycan məktəbi” jurnalında, “Azərbaycan müəllimi” qəzetində dərc olunan elmi-metodik məqalələri bu baxımdan əhəmiyyətlidir. N.Kazımovun çap etdirdiyi “Tar, kamança, qanun ixtisası üzrə pedaqoji təcrübə proqramı” (Bakı, 1998), “Ümumtəhsil məktəblərində muğamların tədrisi məsələləri” (Bakı, 1996, 2000), “Tar ilə fortepiano üçün pyeslər məcmuəsi” (Bakı, 1999) həm  Bakı Musiqi Akademiyasının, Milli Konservatoriyanın, həm də orta ixtisas musiqi məktəblərinin tələbələri üçün dəyərli vəsaitlər kimi qiymətləndirilir.

 O, eyni zamanda ali musiqi tədrisi müəssisəsində pedaqoji fəaliyyətini davam etdirərək musiqiçi kadrların hazırlanmasında yaxından iştirak edir. Azərbaycan Dövlət Konservatoriyasında 1981-84-cü illərdə müəllim, 1993-1998-ci illərdə baş müəllim, 1998-2006-cı illərdə dosent vəzifələrində çalışıb. 2006-cı ilin fevral ayında Azərbaycan Milli Konservatoriyasının Xalq çalğı alətləri kafedrasında professor vəzifəsinə seçilib. Böyük təşkilatçılıq qabiliyyəti nəzərə alınaraq 2001-ci ildə N.Kazımov Milli Konservatoriyanın nəzdindəki Musiqi Kollecinə direktor təyin olunub.  Onun məqsədyönlü fəaliyyəti nəticəsində Musiqi Kolleci əvvəlki şöhrətini qaytararaq ölkənin ən nüfuzlu orta ixtisas musiqi təhsili müəssisəsinə çevrilib.  Musiqi təhsili sahəsindəki səmərəli fəaliyyəti layiqincə qiymətləndirilərək N.Kazımov müxtləlif vaxtlarda fəxri fərmanlara, “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülüb. 2006-cı ildə isə Nazim Kazımova ölkəmizdə musiqi təhsilinin, musiqi mədəniyyətinin inkişafına böyük diqqət və qayğı göstərən Prezident İlham Əliyevin sərəncamı ilə “Əməkdar incəsənət xadimi” fəxri adı verilib. 


 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görkəmli bəstəkar və musiqi xadimi, Dövlət mükafatı laureatı Səid Rüstəmovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzaladı. Ölməz sənətkarın xatirəsinə göstərilən bu hörmət və ehtiram Nazim Kazımovu çox sevindirdi. Üzərində işlədiyi “Səid Rüstəmov” monoqrafiyasını çapa hazırladı. 2007-ci ildə nəfis şəkildə buraxılan bu fundamental monoqrafiya Səid Rüstəmov sənətini layiqincə qiymətləndirənlərin - səidsevərlərin çox böyük marağına səbəb oldu.


 Professor Nazim Kazımovun Azərbaycan bəstəkarlıq məktəbinin təməlini qoyanlardan biri kimi tanınan, ancaq 23 il ömür sürən (1909-1932) Asəf Zeynallının anadan olmasının 100 illiyinə həsr etdiyi dəyərli monoqrafiyası isə 2009-cu ildə çap olunub və dərs vəsaiti səviyyəsində dəyərləndirilib.
  Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Xalq artisti, Dövlət mükafatı laureatı, “İstiqlal” ordenli, professor Arif Məlikov “Asəf Zeynallı haqqında ilk monoqrafiya” adlı ön sözdə yazırdı: “Monoqrafiyanın dərs vəsaiti kimi nəzərdə tutulması Azərbaycan musiqi tarixi, XX əsr Azərbaycan musiqi ədəbiyyatı fənləri üzrə müəllim və tələbələrə layiqli töhfədir. Digər tərəfdən,  Asəf Zeynallı barədə musiqi ədəbiyyatının lazımi səviyyədə olmadığı müasir dövrdə bu monoqrafiya bəstəkarın həyat və yaradıcılığı haqqında geniş məlumata və dərs vəsaitinə olan tələbatı ödəyə biləcəkdir”.
 Nazim Kazımov Respublika Təhsil Şurası İdarə Heyətinin üzvü kimi geniş fəaliyyət göstərir. O, həyatının, yaradıcılığının müdrik çağında Azərbaycan Milli Konservatoriyası nəzdindəki Musiqi Kollecinə - burada çalışan yaradıcı kollektivə çox böyük diqqət və qayğı ilə rəhbərlik edir.  N.Kazımov uzun illərin təcrübəsi nəticəsində əldə etdiyi yüksək peşəkarlıq, sağlam düşüncə, mühakimə qabiliyyəti, yüksək intellektual səviyyəsini müasir tələblərə uyğunlaşdıraraq kollecin gənc tələbələrini düzgün istiqamətdə lazımi ixtisasa yönəldərək, professional musiqiçi kimi yetişmələri üçün zəmin yaradıb.  N.Kazımovun bilik və bacarığını əsirgəmədiyi Azərbaycan Milli Konservatoriyasının nəzdindəki Musiqi Kollecinin direktoru kimi məsul bir vəzifənin icrasında ildən-ilə artan uğurlarının səbəbi məhz bundadır.
Səmimi, xeyirxah, nəcib, qayğıkeş insan olan Nazim Kazımov ictimaiyyətin, işlədiyi kollektivin dərin hörmət və məhəbbətini qazanıb. Yaşından, vəzifəsindən asılı olmayaraq hər bir şəxslə gözəl ünsiyyət qurmağı bacaran, istedadlı gənclərə dayaq olan Nazim Kazımovun fəaliyyəti kollecin daha böyük müvəffəqiyyətlərə imza atmasına vəsilə olub. 
N.Kazımovun 75 illik ömür yolu həm də Azərbaycan musiqi təhsilinin və mədəniyyətinin inkişaf yolunun bir simvolu, bir mərhələsidir. Ömrünü müqəddəs musiqi sənətinə həsr edən yubilyara möhkəm cansağlığı, uzun ömür, daha böyük uğurlar arzulayırıq!

“Təhsil”
 

 
 
 
 
 


Tarix: 15-04-2025, 20:50

Xəbəri paylaş