İBTİDAİ SİNİFLƏRİN RİYAZİYYAT TƏLİMİNDƏ TƏTBİQ OLUNAN METODLAR
Natəvan DAŞDƏMİROVA
Bakı şəhəri 177 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi
Bildiyimiz kimi, müəllim kurikulumlara uyğun inteqrasiya olunmuş planlarla yanaşı, yeni texnologiyalar hazırlayır, yaxud mövcud olanların içərisindən ən münasibini seçir.
Riyaziyyat təlimində tələb olunan metodlar hansılardır?
Bunun üçün:
1) Aydın olmalıdır ki, bu və ya digər mövzu nə üçün öyrədilir və şagirdlər hansı bilik, bacarıq və vərdişlər qazanacaqlar;
2) Müəllim öyrəniləcək materialın strukturu, məzmunu və onun dərslikdəki şərhini yaxşı bilməlidir;
3) Müəllim təlim obyektini, öyrənənin təfəkkür fəaliyyəti səviyyəsini bilməli, onların bilik, bacarıq və vərdişləri ilə tanış olmalıdır.
Təlim metodları şagirdlərin bilikləri səmərəli yolla əldə etməsidir. Bilik, bacarıq və vərdişlərə, idrak metodlarına yiyələnmək və həmçinin şəxsiyyətin formalaşdırılmasına xidmət edən təfəkkür və praktik fəaliyyətin təşkil edilməsi üsuludur. Metodiki təlim sisteminin hazırlanması çoxcəhətli təlim-tərbiyə məsələlərinin həlli üçün əsas sayılır.
Metodiki sistem təlimin forma və vasitələri, məqsədi, məzmunu, üsul və priyomlarını əhatə edir. Metodika nəzəriyyədən praktikaya körpü salan pedaqoji elm sahəsidir.
Hər bir təlim metodu ilə:
a) müəllimlərin öyrətmə və istiqamətləndirmə fəaliyyəti;
b) öyrənənin tədris fəaliyyəti;
c) müəllim və öyrənənin fəaliyyətləri arasında əlaqə olmalıdır.
Ümumi təlim nəzəriyyəsində və riyaziyyat təliminin effektini artırmaq üçün təlim metodları əsas yer tutur. Müasir ali və orta məktəblərin çoxcəhətli təlim-tərbiyə məsələlərini həll etmək üçün təlimin metodiki sisteminin hazırlanmasına və ondan istifadə olunmasına kompleks şəkildə sistemli yanaşmaq lazımdır. Metodiki sistem dedikdə təlimin məqsədləri, məzmunu, metodları, vasitələri və təşkili formaları nəzərdə tutulur. Riyazi anlayışın formalaşdırılması prosesində və onlardan praktik tədris fəaliyyətində istifadə olunarkən meydana çıxan riyazi məsələlərin həll edilməsi prosesində müxtəlif təlim metodları tətbiq olunur. Təlim metodları problemi qisa şəkildə necə öyrətməli? - sualına cavab verməlidir.
Metodik ədəbiyyatlarda öyrənmə metodikası iki yerə bölünür:
1. Riyaziyyatı öyrətmənin elmi metodları və riyaziyyat fəaliyyətinin müşahidə və müqayisə, analiz və sintez və s. metodları daxildir;
2. Riyaziyyatı öyrətmək üçün tədris metodları (buraya evristik metodlar, modellər üzrə proqramlaşdırılmış təlim metodları daxildir.
Hazırda məktəblərdə riyaziyyatdan təlim metodlarının inkişafetdirici funksiyasına xüsusi diqqət verilir.
Bu funksiyann istiqaməti aşağıdakı kimi müəyyənləşdirilir:
- Şagirdin yaradıcı tədris fəaliyyətinin formalaşması;
- İzahedici metodların rolunun müəyyən qədər azaldılması;
- Təlim vasitələrinin formalarını nizamlayaraq təlim metodlarının təkmilləşdirilməsi;
- Şagirdlərin yaş xüsusiyyətlərinin nəzərə alınması;
- Riyaziyyatda yeni ideya və anlayışlar verilməsi;
- Təlim metodlarının tərbiyəedici xarakterinin həyata keçirilməsi.
- Müşahidə, təcrübə və ölçmə;
- Müqayisə və analogiya;
- Ümumiləşdirmə, mücərrədləşdirmə və konkretləşdirmə;
- İnduksiya və deduksiya;
- Riyaziyyat təlimində analiz və sintez;
- Problemli təlim;
- Proqramlaşdırılmış və diferensiallaşdırılmış təlim;
- Evristik.
- Müəllimin şərhi və çalışmalar;
- Oxşar və fərqli anlayışların birgə formalaşdırılması;
- Laborator;
- Didaktik oyunlar və çalışmalar;
- Şagirdlərin müstəqil işləri;
- Riyaziyyat dərsliyi ilə təlim;
- Bilik bacarıq və vərdişlərin tətbiqi.
Ədəbiyyat
1.S. S. Həmidov. Məktəbin ibtidai siniflərində riyaziyyatın tədrisi metodikası;
2.M. Ş. Hacıyev. Riyaziyyatın tədrisi metodikası (dərs vəsaiti);
3.F. N. İbrahimov. Ümumi pedaqogikadan mühazirələr;
4.S.K.Məmmədova. Riyaziyyatın ibtidai kursu tədrisinin ümumi metodikası (dərs vəsaiti).
"Təhsil" jurnalı
14.02.2025
Tarix: 14-02-2025, 02:31
Xəbəri paylaş