Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Orta ixtisas təhsili: Publik hüquqi şəxsin statusu




 

“Azərbaycan xalqının gələcəyi, müstəqil Azərbaycanın gələcəyi 
gənclərin bu gün aldıqları bilik, təhsil və tərbiyədən asılıdır…
Ölkəmizin, xalqımızın bütün sahələrdə yüksəkixtisasa malik, 
dünyada gedən elmi-texniki proseslərlə ayaqlaşan, 
müəyyən istiqamətlərdə bunları qabaqlamağa qadir olan
 kadr potensialı olmalıdır”
                                        Heydər Əliyev 
 
 
2024-cü il kollecimiz üçün də əlamətdar illərdən biri oldu. Ötən il ürəkaçan bir sıra nailiyyətlər və keçirilən rəngarəng tədbirlərlə yadda qaldı. İlin son günlərində Astara Pedaqoji Kollecinin Publik Hüquqi Şəxs statusu alması bütün kollektivi sevindirdi. Bu status həm də müəllim və işçilərin üzərinə böyük məsuliyyət qoyur. Publik hüquqi şəxsin tarixi və mahiyyəti haqqında danışarkən qeyd etmək lazımdır ki, publik hüquqi şəxslər doktrinası hüququn digər doktrinaları ilə müqayisədə daha gəncdir. Mülki hüququn digər konsepsiyalarının, digər anlayışlarının min illik tarixi olsa da, publik hüquqi şəxs doktrinası təxminən 200 il bundan əvvəl Fransada inzibati dövlət quruculuğu çərçivəsində yaranıb. XIX əsrin axırından bir çox Avropa ölkələrində tətbiq olunub və nəhayət, 1900-cü ildə kontinental hüquq dövlətləri üçün nümunə sayılan Almaniya mülki məcəlləsinin 80, 85 və 87-ci paraqraflarında öz əksini tapıb. 

Ümumiyyətlə, dövlət idarəetməsi bir sistem olaraq daim inkişafdadır. Məlum olduğu kimi, dövlət hakimiyyətinin 3 qolu var: qanunvericilik, icra və məhkəmə hakimiyyəti. Burada heç bir dəyişiklik və düzəliş etmək mümkün deyil. Ona görə ki, bu aksiomatik bir modeldir. İcra hakimiyyəti orqanları təsərrüfat idarəçiliyi ilə məşğul ola, gəlir götürə, pullu xidmət göstərə bilməz. Çünki vətəndaş dövlətə vergi və rüsumunu ödədikdən sonra dövlət ondan gəlir göturmək məqsədi ilə başqa bir ödəniş tələb edə bilməz.
Publik hüquqi şəxs həm pulsuz, həm də pullu xidmətlər göstərə, özünü maliyyələşdirə bilər, ya da zərurət olduqda büdcədən maliyyələşər. Publik hüquqi şəxsin əməkdaşları dövlət qulluqçuları ola bilər, onun bağladığı müqavilələr mülki müqavilə yox, dövlət orqanlarının bağladıqları müqavilələr kimi inzibati müqavilə ola bilər. Onun üçün mülki hüququn adi hüquqi şəxsləri üçün mövcud olan məhdudiyyətlər yoxdur. Publik hüquqi şəxsin bilavasitə təsisçisi dövlətdir.
Publik hüquqi şəxs Azərbaycan üçün kifayət qədər yeni imkanlar yaradır ki, idarəçilik sistemini pozmadan, həmin sistemin üzvi bir hissəsi kimi yeni qurumlar yaradılsın və dövlət mövcud sistemi dəyişmədən yeni funksiyaları həyata keçirmək imkanı əldə etsin.

Publik hüquqi şəxs statusunda olan təhsil müəssisələrinin yaradılmasının üstün cəhətləri hansılardır. Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin üzvü, Hüquqi təminat departamentinin direktoru Emil Xəlilovun fikirləri ilə tanış olaq.
Bildiyiniz kimi, “publik hüquqi şəxs” Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində yeni bir institutdur. Bu institut dövlət tərəfindən yaradılan qurumlarda effektiv idarəetmə sisteminin qurulmasında, eyni zamanda, dövlətin maliyyə yükünün azalmasında əhəmiyyətli rol oynayır.
     Təhsil müəssisələrinin publik hüquqi şəxsə çevrilməsini “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi istiqamətində nəzərdə tutulmuş vəzifələrin və hədəflərin tələblərindən irəli gələn bir addım kimi dəyərləndirmək olar. Bu baxımdan idarəetmənin təkmilləşdirilməsi, dövlət qurumlarının saxlanılması xərclərinin azaldılması, idarəetmədə mobilliyin, effektivliyin təmin olunması öz aktuallığı ilə gündəmə gələn əsas məsələlərdən biridir. Publik hüquqi şəxs statusunda olan təhsil müəssisələrinin yaradılmasında qarşıya qoyulan məqsəd şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik, dövlət-ictimai xarakterli və dövlət-biznes partnyorluğuna əsaslanan təhsildə yeni idarəetmə sisteminin formalaşdırılması, həmin təhsil müəssisələrində özünümaliyyələşdirmə prinsiplərinin təşviqi, ödənişli təhsil xidmətlərinin göstərilməsinin dəstəklənməsi, dövlət və bələdiyyə təhsil müəssisələrində ödənişli xidmətlərin təşkili və həmin xidmətlərdən əldə edilmiş vəsaitlərin sərbəst istifadəsi üzrə mexanizmlərin qurulmasından ibarətdir.
      Bununla yanaşı, bu məsələ təhsil müəssisələrində idarəetmənin keyfiyyətinin artırılmasında maraqlı tərəflərin (ictimaiyyətin, işəgötürənlərin) bu prosesdə iştirakına, şəffaf və səmərəli idarəetmə mexanizmlərin (müxtəlif mənbələrdən istifadə olunmaqla təhsili maliyyələşdirmə) təkmilləşdirilməsinə, göstəriləcək ödənişli təhsil xidmətlərinin çeşidinin genişləndirilməsinə şərait yaradır, habelə təhsil müəssisələrində cavabdehliklə yanaşı, hesabatlılığın artmasına zəmin yaratmaq məqsədinə xidmət edir”.

Müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiq edir ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsipləri sırasına daxil edilmişdir.  
Ölkəmizdə təhsil sahəsində aparılan ardıcıl islahatlar, beynəlxalq təcrübənin öyrənilməsi və onun yerli şəraitə uyğun tətbiq edilməsi tədris prosesində uğur qazanmağa geniş imkanlar açır. Təhsildə gedən inkişafdan danışarkən 10-15 il əvvəlki metod və üsulların bəzilərinin artıq köhnəldiyinin şahidi oluruq. 

Orta ixtisas təhsili cəmiyyətin və əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta təhsil və tam orta təhsil bazasında ayrı-ayrı fəaliyyət sahələri üçün müxtəlif ixtisaslar üzrə orta ixtisas təhsilli mütəxəssis hazırlığını təmin edir.
Orta ixtisas təhsili iqtisadiyyatın müxtəlif sahələrinin ixtisaslı kadrlarla təmin olunmasında mühüm rol oynayır. Orta ixtisas təhsili fasiləsiz təhsil sisteminin tərkib hissəsi olmaqla bir-biri ilə bağlı iki məsələni - gənclərin müxtəlif peşələrə yiyələnməsini və onların ümumi icbari təhsil almalarını həll edir.

Bu mənada Astara Pedaqoji Kolleci ölkə təhsil sistemində xüsusi çəkiyə malikdir. Kollektiv bu gün Azərbaycan iqtisadiyyatının inkişafına və orta ixtisas təhsilli keyfiyyətli kadrlarla təmin olunmasına öz töhfəsini verir. 
Kollecin tarixinə qısaca olaraq nəzər salaq: 1991-ci ildə Lənkəran Məktəbəqədər Pedaqoji Texnikimunun filialının Astarada açılması rayon ictimaiyyəti üçün önəmli hadisə oldu. Bir müddət sonra tələbə kontingentinin artması filialın müstəqil tədris müəssisəsi statusunu əldə etməsini reallaşdırdı.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 iyun 1993-cü il tarixli 338 №-li qərarı və buna müvafiq olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30 iyun 1993-cü il tarixli 89 №-li əmri ilə Lənkəran Məktəbəqədər Pedaqoji Texnikimunun filialı əsasında Astara Pedaqoji Texnikumu yaradıldı.

      Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyun 2010-cu il tarixli 112 №-li qərarı və buna uyğun olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29 iyun 2010-cu il tarixli 877 №-li əmri ilə Astara Pedaqoji Texnikumu Astara Pedaqoji Kolleci adlandırıldı. 
     Astara Pedaqoji Kollecinin idarə olunması və onun fəaliyyəti Azərbaycan Respublikasının «Təhsil Qanunu»na, Ali və Orta ixtisas təhsili müəssisələri haqqında Əsasnaməyə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin hüquqi-normativ əmr, sərəncam və təlimatlarına, kollecin Nizamnaməsinə müvafiq olaraq həyata keçirilir.

Tədrisin və istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün kollecdə müvafiq qərar, sərəncam və şəhadətnamələr mövcuddur.
            Kollecin idarəetmə orqanı onun Pedaqoji Şurasıdır. Pedaqoji Şuranın işi «Orta ixtisas dövlət təhsili müəssisələrinin Pedaqoji Şurası haqqındakı əsasnamə»yə müvafiq olaraq tənzimlənir. Pedaqoji Şuranın tərkibi 30 nəfərdən ibarətdir. Pedaqoji Şurada müzakirəyə çıxarılan məsələlər ümumilikdə kollecin cari və perspektiv inkişaf problemlərinin həllinə yönəlmişdir. Pedaqoji Şura və direktorluq kollecin fəaliyyətinin idarə edilməsini şöbələr, fənn birləşmə komissiyaları və digər struktur bölmələri ilə birlikdə sıx əlaqəli şəkildə həyata keçirir.
            Tədris və tədris metodiki işin koordinasiyası kollecin nizamnaməsinin tələblərinə müvafiq olaraq tədris işləri üzrə direktor müavini, kollecin metodistləri, şöbə müdirləri və fənn komissiya sədrləri tərəfindən həyata keçirilir.
            Tərbiyə prosesi kompleks şəkildə sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə direktor müavini, qrup rəhbərləri, Gənclər Təşkilatı tərəfindən yerinə yetirilir.
            Mal-material alınmasını, bina və avadanlıqların cari və əsaslı təmirini, həmçinin digər təsərrüfat işlərini inzibati-təsərrüfat işləri üzrə direktor müavini həyata keçirir.
            Kargüzarlıq işi kollecdə normativ tələblərə və təlimat materiallarına müvafiq olaraq yerinə yetirilir.

Kollecdə aşağıdakı ixtisaslar üzrə kadr hazırlığı aparılır:
Fiziki tərbiyə müəllimliyi, Məktəbəqədər təhsil, Ailə və ev təhsili, Bələdiyyə işi, Bağçılıq və tərəvəzçilik, Mühasibat uçotu, Maliyyə işi, Kompüter sistemlərində proqram təminatı, Kompüter sistemləri və kompleksləri, Mühafizə xidməti, Qida məhsullarının təhlükəsizliyi, Aqronomluq, Turizm bələdçiliyi, Turizm və onun təşkili.

Siyahıdan göründüyü kimi, son illər kadr hazırlığı aparılan ixtisasların təsnifatı nəzərəçarpacaq dərəcədə dəyişmişdir. Bu da kollecin profilinin digər istiqamətə yönəlməsindən irəli gəlir. Əvvəllər üstünlük təşkil edən pedaqoji ixtisaslar tədricən azaldılmış və öz yerini maliyyə, informatika, sosial-iqtisadi və aqrar-turizm ixtisaslarına vermişdir. Bu da təbiidir. Çünki müasir dövrdə bazarın tələbatına uyğun mütəxəssislər hazırlanmalıdır ki, onlar da müvafiq surətdə özlərinə iş tapa bilsinlər. Tədrisin keyfiyyətinin qaldırılması sahəsində də mühüm addımlar atılıb. Hazırda müəllimlər Dövlət standartlarına uyğun fənn proqramları və müxtəlif metodist vəsaitlər hazırlayı qrif üçün təqdim edirlər ki, bu da tədrisin müasir tələblər çərçivəsində qurulmasında mühüm amil kimi qiymətləndirilir.

Orta ixtisas təhsili üzrə ixtisasların yeni Təsnifatının təsdiqlənməsi ilə əlaqədar Nazirlər Kabinetinin “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nın təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” 2010-cu il 19 yanvar tarixli 11 nömrəli qərarı qüvvədən düşüb. Orta ixtisas təhsili üzrə ixtisasların yeni Təsnifatı 2020-ci il 15 sentyabr tarixindən qüvvəyə minib.

Ölkə iqtisadiyyatının sürətli inkişafı nəticəsində əmək bazarının tələblərinin dəyişməsi həmin tələblərə uyğun təhsilin məzmununu yeniləmək, o cümlədən orta ixtisas təhsili pilləsində yeni ixtisaslar üzrə kadr hazırlığını aparmaq və bu pillədə ixtisasları ali təhsilin bakalavriat səviyyəsindəki ixtisaslara uyğunlaşdırmaq zərurətini yaradıb.

Bu zərurət orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulunu, habelə bakalavriatı (baza ali tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsini təmin etmək baxımından yaranıb.
Bununla əlaqədar olaraq, Nazirlər Kabinetinin 17 aprel 2020-ci il tarixli, 140 nömrəli qərarı ilə 2010-cu ildən qüvvədə olan orta ixtisaslar təsnifatı ləğv olunub və müvafiq ixtisaslar üzrə yeni təsnifat təsdiq edilib. Yeni təsnifatda 141 ixtisas nəzərdə tutulub. Yeni təsnifat bu təhsil pilləsində mütəxəssis hazırlığının keyfiyyətinin artırılmasına, xaricdə müvafiq təhsil pilləsində təhsil almış şəxslərin ixtisaslarının, eləcə də diplomlarının qarşılıqlı tanınmasına və tələbə mobilliyinin asanlaşdırılmasına müsbət təsir göstərəcək. Yeni təsnifat əsasında müasir təhsil proqramlarının hazırlanması və tam orta təhsil bazasından bütün ixtisaslar (tibb ixtisasları istisna olmaqla) üzrə təhsil müddətinin 2 ilə endirilməsi qərara alınıb. 
Humanitar və sosial, mədəniyyət və incəsənət, iqtisadiyyat və idarəetmə, texniki və texnoloji, kənd təsərrüfatı, səhiyyə, rifah və xidmət ixtisasları əmək bazarının mövcud ehtiyaclarına uyğun müəyyənləşdirilib.

Eyni zamanda, qabaqcıl beynəlxalq təcrübəni nəzərə alaraq və pedaqoji ixtisaslar üzrə kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi məqsədilə təhsil ixtisasları qrupuna inklüziv təhsil ixtisası əlavə edilib, bəzi müəllimlik ixtisasları isə yeni təsnifatda yer almayıb və həmin ixtisaslar üzrə kadr hazırlığının yalnız ali təhsilin bakalavriat səviyyəsində aparılması nəzərdə tutulub. Yeni təsnifatda yer almış ixtisaslar üzrə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu 2021-2022-ci tədris ilindən başlanılıb.

Təkcə ümumtəhsil deyil, orta ixtisas və ali məktəblərdə sağlam və əlillərin bir yerdə təhsil alması cəmiyyətdə sosial bərabərliyin qorunmasına, əlil uşaqların təhsil və digər ehtiyaclarının ödənilməsinə imkan yaradır. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar kollektivə alışır, onlarda özünə inam hissi formalaşır və cəmiyyətə inteqrasiya olunurlar. 

Hazırda kollecdə sağlamlıq imkanları məhdud olan 5 tələbə təhsil alır. Onları müşahidə edərkən necə sevindiklərinin, digər sağlam uşaqlardan heç də fəqrlənmədiklərinin şahidi oluruq. Bu tələbələr cəmiyyətin digər bərabərhüquqlu üzvləri kimi formalaşır, təhsilini başa vurduqdan sonra məşğulluq problemlərini həll edirlər.

Qeyd etmək yerinə düşər ki, 2024/2025-ci tədris ilində kolleci bitirən 70-dən artıq məzun imtahansız müxtəlif universitetlərə daxil olub.  
Azərbaycanın orta ixtisas təhsili sahəsində ilk addım kimi dəyərləndirilən bir hadisə 2024-cü il buraxılış kurs tələbələrinin işlə təmin olunması üçün təcrübə keçdikləri müəssisələrin rəhbərləri ilə razılaşma əldə edilməsi ilə yekunlaşdı və bunun nəticəsində 12 nəfər məzun işlə təmin olundu. İşəgötürənlərin hamısı savadlı, bacarıqlı, səriştəli, müasir tələblərə cavab verə biləcək mütəxəssislərə ehtiyac duyulduğunu bildirirlər. Kollec də öz məzunlarının işə qəbul edilməsində ən çox marağı olan tərəfdir. Bu həm də kollecdə təhsilin keyfiyyət göstəricilərindən ən vacibidir. Kollec rəhbərliyi bundan sonra da işəgötürənlərin tələblərinə cavab verə biləcək mütəxəssislər hazırlamaq iqtidarında olduğunu bildirir. Bu layihə həm müəssisə rəhbərləri, həm də tələbə-məzunlar tərəfindən rəğbətlə qarşılanmışdır. 

Kollecdə müəllim və işçilərin sosial vəziyyətini və maddi durumunu daha da yaxşılaşdlrmaq istiqamətində mühüm işlər həyata keçirilir. Məlumdur ki, səriştəyə əsaslanmayan, əmək bazarında yetərincə rəqabətli olmayan əmək haqqı sistemi və maddi stimullaşdırma mexanizmlərinin adekvat olmaması təhsildə müəllim amilinin inkişafına mənfi təsir göstərmişdir. Kollecdə büdcədənkənar gəlirlər və xərclər smetasında əmək haqqı fondunun artırılması üçün Elm və Təhsil Nazirliyinə müraciət edildi. Nəticədə kollecdə çalışan rəhbər, müəllim və texniki heyətə ödəniləcək xüsusi vəsaitin həcmi xeyli artırıldı. Müvafiq stimullaşdırıcı mexanizmlər və idarəetmənin ictimailəşməsi müəllim və işçilərin fəaliyyətinin keyfiyyətini artırmağa şərait yaratdı. 
Hal-hazırda kollec yeni statusun ilkin mərhələsindədir. Bu mənada kollecin idarəedilməsində, tədris prosesinin təşkilində və inzibati təsərrüfat sahəsində mühüm dəyişikliklərin olacağı labüddür. Qarşıda hələ görüləsi çoxlu işlər var.

Publik hüquqi şəxs statuslu Astara Pedaqoji Kollecinin kollektivi bundan sonra daha əzmlə çalışacaq və keyfiyyətli kadr hazırlığını həyata keçirməklə ölkə iqtisadiyyatına öz töhfəsini verəcəkdir. 
 
 
Astara Pedaqoji Kollecinin
PHŞ-nin direktoru,   fil.e.d Kamran Kazımov


Tarix: 28-01-2025, 00:53

Xəbəri paylaş