Bir müəllimin uğur hekayəti
Müəllim! Hər gün eşitdiyimiz bu adın mənası, hikməti böyükdür. Müəllim adında ən ülvi, nəcib və müqəddəs hisslər öz ifadəsini tapıb. Hər birimizin qəlbində bu ad həqiqətən də dərin ehtiram və sevgi qazanıb, özünə abidə ucaldıb.
Dünyanın ən görkəmli şəxsiyyətləri müəllimliyə, müəllim əməyinə hər zaman yüksək qiymət verib, ölkənin, cəmiyyətin inkişafında onun rolunu şərəfli və əhəmiyyətli hesab ediblər. Şairlər, sənət adamları müəllimləri ən ülvi hisslərlə tərənnüm ediblər.
Ölkəmizdə gənc nəslin təlim və tərbiyəsi kimi çox məsuliyyətli, eyni zamanda şərəfli bir vəzifə tapşırılmış müəllimə böyük hörmət və məhəbbət bəslənilir, əməyi daim uca tutulur.
Bu gün respublikamızın ümumtəhsil məktəblərində bilikli, səriştəli, sənətinin əsl sahibi, vurğunu olan minlərlə müəllim fəaliyyət göstərir. Onların əməyi, sözün əsl mənasında, fədakarlıq nümunəsidir.
Müqəddəs peşəyə qulluq edən müəllimlərimiz cəmiyyətimizdə böyük nüfuz sahibidirlər.
Belə müəllimlərdən biri də Ağdam rayon 28 nömrəli tam orta məktəbin dil-ədəbiyyat müəllimi Əliyeva (Həmidova) Fərqanə Vaqif qızıdır.
O, 1982-ci il yanvarın 10-da Kəlbəcər rayonunun Başlıbel kəndində ziyalı ailəsində anadan olub. 1988-ci ildə Başlıbel kənd orta məktəbinin birinci sinfinə daxil olub. 1993- cü ildə Kəlbəcər rayonundan qaçqın düşdükdən sonra təhsilini Şəki şəhərində davam etdirib. 1997- ci ildə doqquzuncu sinfi fərqlənmə şəhadətnaməsi, 1999-cu ildə isə XI sinfi əla qiymətlərlə bitirib. 2000-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının “Pedaqogika və metodika” ixtisasına daxil olub. 2005-ci ildə universiteti əla qiymətlərlə bitirib. Həmin il, yəni 2005-ci ildə Gəncə Dövlət Universitetinin dil-ədəbiyyat ixtisası fakültəsinə daxil olub. Hələ 2000-ci illərdə, universtetdə oxuduğu vaxtlarda müxtəlif qəzetlərdə (“Kəlbəcər harayı”), jurnallarda məqalələri dərc olunub.
Müəllimlik missiyası
Fərqanə Vaqif qızı univeristeti bitirdikdən sonra ixtisası üzrə pedaqoji fəaliyyətə başlayıb. İşlədiyi illər ərzində dəfələrlə rəhbərlik tərəfindən müxtəlif təltiflərə layiq görülüb.
Pedaqoji fəaliyyətinin ilk illərindən uğurları ilə seçilən Fərqanə müəllim deyir:
“Cəmiyyətə yararlı vətəndaş yetişdirmək üçün bütün gücümü, savadımı, biliyimi onların yaxşı şəxsiyyət kimi formalaşmasına həsr etmişəm. Bunun nəticəsi olaraq dərs dediyim şagirdlərin bir çoxu müxtəlif sahələrdə yaxşı mütəxəssis kimi fəaliyyət göstərirlər. Ən əsası öz uşaqlıq, gənclik illərimin müharibə şəraitində yaşamağımın, qaçqınlıq həyatının ağrılı-acılı olduğunu görən bir insan kimi, həmişə çalışmışam ki, vətənpərvərlik ruhunda şagirdlər yetişdirim ki, vətənin azadlığı, müstəqilliyi üçün lazım gəldiyində, vətən üçün canlarını sipər etsin”.
Vətən üçün qəhrəman yetişdirən müəllim
Həqiqətən də belədir. 2020-ci ilin sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin təxribatçı hərəkətlərinin qarşısını almaq üçün Ali Baş Komandan İlham Əliyevin əmri ilə silaha sarılaraq 44 gün ərzində doğma torpaqlarımızı düşmən əsarətindən azad edən Şanlı Ordunun qəhrəmalıq salnaməsində Azərbaycan müəlliminin də payı var. Azərbaycan müəlliminin yetişdirdiyi vətənpərvər oğullar İkinci Vətən müharibəsində rəşadət göstərdilər. Dastan yazdılar, dünya hərbi məktəblərində öz barələrində söz açdırdılar.
Bu qəhrəmanlar arasında Fərqanə xanımın da yetirmələri var. “44 günlük Vətən müharibəsi zamanı bir neçə şagirdim cəsarət, igidlik, mərdlik göstərərək Vətənin yağılardan azad olması üçün şəhidlik zirvəsinə ucaldılar. Bu, mənim üçün nə qədər ağır olsa da, digər tərəfdən, onlar mənim fəxrim və qürurumdur. Hətta bir şagirdimin güclü kəşfiyyatçı olduğuna görə Türkiyənin müdafiə naziri Hülusi Akar tərəfindən medalla təltif olunması mənim üçün çox sevindiricidir. O, müharibə zamanı Şuşanın azad olunmasında iştirak edib və qazi olub”.
Bütün bunlar isə 1993-cü ildə doğma yurdu Kəlbəcəri tərk etmək məcburiyyətində qalan, lakin doğma torpaqlar uğrunda mərdliklə döyüşərək Böyük Zəfərə imza atan vətənpərvər oğullar yetişdirən Fərqanə müəllim kimi fədakar təhsil işçilərimizin böyük əməyinin nəticəsidir. Bütün bunlar öz şagirdlərinə uzun illər Vətən kəlməsini sevdirən, yurd təəssübkeşliyini aşılayan, qəhrəman övladlar yetişdirən bir müəllimin peşəkarlıq səviyyəsinin nəticəsidir.
Şagirdlərinin təlim nəticələri hər zaman yüksək olub
Məlumdur ki, müəllim təkcə elm öyrətmir, o, həm də cəmiyyətdə ümumbəşəri, mənəviyyat və əxlaqi prinsiplərinin daşıyıcısıdır. Müəllim ona həvalə olunmuş xüsusi missiyanı - gənc nəslin tərbiyəsni yerinə yetirir. Məhz bu missiya müəllimi cəmiyyətin gözündə ucaldır.
O, yetirmələrinə təkcə elmlərin sirlərini deyil, həm də həyatda uğurlu vətəndaş olmağı öyrədir. Onun həyat fəlsəfəsi bu amal üzərində qurulub. Və bu amal onun həm pedaqoji, həm də ictimai fəaliyyətində üzvi şəkildə bağlılıq təşkil edir.
Fərqanə xanım pedaqoji fəaliyyətində yenilikçi olması ilə seçilib. İlk günlərdən işlədiyi məktəbdə dərslərin yüksək səviyyədə aparılmasına nail olan gənc müəllim hər bir mövzunun tədrisinə yaradıcı yanaşmış, şagirdlərdə tədris etdiyi fənnə dərin maraq hissi oyada bilib. Məhz bunun nəticəsidir ki, onun şagirdlərinin təlim nəticələri hər zaman yüksək olub. İstedadlı müəllim əmək fəaliyyəti müddətində yüksək pedaqoji ustalıqla tədris etdiyi dil-ədəbiyyat fənnini şagirdlərinə dərindən mənimsətməyə nail olub. Əsl müəllimin mühüm keyfiyyətlərindən biri də özünü tanıtmaq, rəhbərliyin, işlədiyi kollektivin diqqət və hörmətini qazanmaqdır. Fərqanə müəllimin pedaqoji səriştə və bacarığı, peşəsinə yaradıcı yanaşması öz bəhrələrini verib.
İstedad və zəhmət birləşəndə uğurlar üçün yol açılır. 2023-cü ildə Təhsil Platformasının müəllimlər arasında keçirdiyi müsabiqədə “Fəal müəllim” döş nişanı ilə təltif olunub. Novator müəllim pedaqoji fəaliyyəti illərində müxtəlif seminarlarda, müsabiqələrdə iştirak edərək sertifikatlara yiyələnib.
Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən diaqnostik qiymətləndirmə, sertifikasiya, peşəkar idarəetmə sahəsində uğurlar qazanıb. Bütün bu uğurlar öz işinə məsuliyyətli yanaşma, yüksək pedaqoji hazırlığın nəticəsidir.
Müəllim əməyinin bəhrələri
Müəllim elm, bilik verir. Onun əməyi cəmiyyət üçün faydalı, şərəfli və müqəddəsdir. Hər birimiz üçün bütün müəllimlər əziz və dəyərlidirlər. Onların hər bir şagirdin uğurlarında əməyi, zəhməti vardır. Elə müəllim ömrü də yetirmələrinin uğurlarında yaşayır.
Fərqanə müəllim iki övlad anasıdır. Qızı Mahirə Əliyeva Bakı Dövlət Univeristetinin Tarix fakültəsini əla qiymətlərlə bitirib, Dövlət qulluğu vəzifələrinin BB və AC kateqoriyaları üzrə sertifikatlar qazanıb. Oğlu Mirnəsib Əliyev Azərbaycan Dövlət İqtisad Univeristetinin
İqtisadiyyat (TUDİFAK) fakültəsinin 2-ci kurs tələbəsidir.
Bütün varlığı ilə bağlandığı müəllim sənətinin əsl vurğunu olan Fərqanə müəllim hər gün yeni qüvvə və ilhamla məktəbə gəlir, öz fənnini onun yolunu səbirsizliklə gözləyən şagirdlərinə tükənməz həvəslə, məhəbbətlə öyrədir.
Tarix: 12-12-2024, 13:40