Prezident İlham Əliyev professor Vaqif Şadlinskini təltif edib
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 5-də imzaladığı Sərəncama əsasən, insan hüquqlarına və əsas azadlıqlarına zidd olaraq Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində öz doğma torpaqlarından qovulmuş köklü Qərbi Azərbaycan əhalisinin hüquqlarının müdafiəsi və həmin ərazilərdə yaratdığı maddi mədəni irsin təbliği sahəsində səmərəli fəaliyyətlərinə görə bir qrup şəxs təltif edilib.
Sərəncama əsasən, Əməkdar elm xadimi, tibb elmləri doktoru professor Vaqif Bilas oğlu Şadlinski “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.
Professor Vaqif Şadlinski “Təhsil” jurnalına açıqlamasında yüksək mükafata layiq görülməsi ilə bağlı ölkə başçısına minnətdarlığını çatdırıb:
- Ölkə başçısı, möhtərəm Prezident İlham Əliyev tərəfindən yüksək dövlət təltifinə layiq görülməyimə görə sevinir və qürur hissi keçirirəm. Fəaliyyətimə verdiyi yüksək dəyərə, bu yüksək dövlət təltifinə layiq görüldüyümə görə cənab Prezidentimizə minnətdarlığımı bildirir və səmimi-qəlbdən təşəkkür edirəm.
Bu yüksək təltif eyni zamanda Qərbi Azərbaycan həqiqətlərinin təbliği sahəsində hazırda davam edən işlərə dövlətimiz tərəfindən yüksək diqqət və dəstəyin bariz nümunəsidir. Bu mükafat eyni zamanda ölkə rəhbərliyi tərəfindən Qərbi Azərbaycan İcmasına verilən çox yüksək qiymətdir.
Qeyd edək ki, Vaqif Bilas oğlu Şadlinski 24 yanvar 1940-cı ildə Qərbi Azərbaycanın Vedi rayonunda anadan olub. Məşhur Şadlinskilər nəslinin görkəmli nümayəndəsidir. Azərbaycan Dövlət Tibb İnstitutunun stomatologiya fakültəsini bitirmişdir (1968). İctimai fəaliyyəti elmə və təhsilə olan hədsiz sevgi ilə üzvi surətdə birləşdirən Vaqif Şadlinski 1970-ci ildən Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası kafedrasında çalışmağa başlamış, Vətənə və xalqa nümunəvi xidməti ilə bu tədris ocağında professor və kafedra müdiri vəzifəsinə qədər yüksəlmişdir. O, 1988–1991-ci illərdə I müalicə-profilaktika fakültəsinin dekan müavini, 1992–1994-cü illərdə Azərbaycan Tibb Universitetinin (ATU) Həmkarlar İttifaqı Komitəsinin sədri, 1994–1995-ci illərdə ATU-nun Ümumi işlər üzrə prorektoru, 1996–2001-ci illərdə Tədris işləri üzrə prorektoru vəzifələrində uğurla çalışmışdır. Vaqif Şadlinski ATU-nun Böyük Elmi Şurasının üzvü, eləcə də yaradıcısı olduğu Azərbaycan "Anatom, Histoloq və Embrioloqlar Elmi Cəmiyyəti" İctimai Birliyinin, 2021-ci ildən Nəsimi Rayon Ağsaqqallar Şurasının sədridir. 1999-cu ildə UNESCO nəzdində fəaliyyət göstərən Kadrlar Akademiyasının anatomiya professoru, 2004-cü ildə Rusiya Tibb Elmləri Akademiyasının akademiki, 2009-cu ildə Türkiyə Respublikası Uluslararası Araşdırmalar Akademiyasının üzvü, Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, 2014-cü ildə Rusiya Elmlər Akademiyasının üzvü seçilmişdir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən Vaqif Şadlinski 2000-ci ildə Əməkdar həkim, 2010-cu ildə Əməkdar elm xadimi fəxri adlarına, 2020-ci ildə "Şöhrət" ordeninə, 2022-ci ildə isə Prezidentin fərdi təqaüdünə layiq görülmüşdür.
Vaqif Şadlinski 2009-cu ildə Avropa Təbiət Elmlər Akademiyasının Rəyasət heyəti tərəfindən Albert Şveytser adına Gümüş medalı, Türkiyə Respublikası Uluslararası Araşdırmalar Akademiyasının qızıl medalı, 2010-cu ildə Avropa Elmi Cəmiyyətlərinin Rəyasət heyəti tərəfindən elm sahəsinə əvəzsiz töhfəsinə görə Hannover şəhərində Avropanın Fəxri Alimi diplomu və Robert Kox adına medalı, 2020-ci ildə Azərbaycan Həmkarlar İttifaqı İcraiyyə Komitəsi tərəfindən "Həmkarlar ittifaqında xidmətlərinə görə" medalı, "Dədə Qorqud" Milli Fondu tərəfindən "Vətən Övladı" ordeni ilə təltif edilmişdir. 600-dən artıq elmi əsərin, o cümlədən 18 monoqrafiyanın, 46 dərsliyin, 23 tədris-metodik vəsaitin, "İnsan anatomiyası üzrə Atlas"ın, Azərbaycan, rus, ingilis və latın dillərində "Anatomik terminologiya"nın müəllifidir.
“Təhsil” jurnalı olaraq hörmətli professor, Əməkdar elm xadimi Vaqif Şadlinskini səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik və gələcək fəaliyyətində uğurlar arzulayıram.
Nizami Mirzə,
“Təhsil” jurnalının baş redaktoru,
yazıçı-publisist
Tarix: 7-12-2024, 22:01