İnsanın şəxsiyyət kimi formalaşmasında mühüm amillər
Saçlı Ağayeva
ADPU-nun Cəlilabad filialının əməkdaşı
Şəxsiyyətin məqsəd və vəzifələrini yaşanan dövrün cəmiyyətin tələbləri, ictimai-iqtisadi, siyasi, mənəvi-mədəni inkişaf səviyyəsi müəyyənləşdirir. Təhsil, təlim, tərbiyə, özünüdərk və özünütəkmilləşdirmə şəxsiyyətin mənəvi inkişafı və formalaşmasının vasitələri rolundan çıxış edir. Şəxsiyyətin tamlığı və kamilliyini onun əqli-intellektual inkişaf səviyyəsi, fiziki kamilliyi, müsbət əxlaqi-mənəvi keyfiyyətlər daşıyıcısı olması, bədii-estetik duyuma yiyələnməsi təşkil edir. Azərbaycanın görkəmli psixoloqu, mərhum professor Əbdül Əlizadə bu məsələdən bəhs edərkən həm şəxsiyyət, həm də dialoji mədəniyyətin tələbləri barədə belə qənaətə gəlmişdir: “Obyekt mahiyyətcə şəxsiyyət deyil, insan deyil. İnsan ancaq subyekt kimi, şəxsiyyət kimi dialoqa girə bilər. Bu o deməkdir ki, dialoq məkanına daxil olmaq üçün: * insan münasibətləri mənəvi ölçülərə söykənməlidir; adamlar bir-birini şəxsiyyət kimi qavramalıdırlar; dialoq birgə əməkdaşlıq, birgə yaradıcılıq aləmi olmalıdır”. Ümumiyyətlə, şəxsiyyətin formalaşmasında irsiyyətin həlledici roluna dair fikirlər elmi ədəbiyyatda da qədim dövrlərdən bu günə qədər davam etməkdədir.
Orta əsrlərdə irsiyyət nəzəriyyəsi daha geniş vüsət almışdır. İrsiyyətin üstünlüyü nəzəriyyəsi son illərdə də bəzi ölkələrdə müdafiə edilməkdədir. Hazırda elm sübut etmişdir ki, insanın fərdi xüsusiyyətlərinin bir kökü irsən keçən genetik materialda, yəni xromosomlardadır. Uşaq yalnız ictimai mühitin deyil, həm də ailənin bioloji əsaslarının məhsuludur.
Azərbaycan ictimai-pedaqoji fikrində şəxsiyyətin formalaşmasında irsiyyət amilinə diqqəti daha çox cəlb edən Əhvədi Marağalı olmuşdur. Əhvədinin fikrincə valideynlər əxlaq normalarına riayət etməyən adamlardırsa, onlardan törəyən də cəmiyyəti korlayan olacaq. Ona görə də o, gənclərə nəsihət edib deyirdi ki, özümüzə həyat yoldaşı seçərkən ismətli, ağıllı, mərd adamı seçin, bu sizin nəslinizin hər cəhətdən sağlamlığını təmin edər.
N.Tusi “Əxlaqi-Nasiri” əsərində insanda xarakterik irsi və dəyişilməz və ya dəyişilən olması barədə qədim və özünəqədərki alimlərin fikirlərini təhlil edərək insanın təbii qabiliyyət imkanları ilə doğulduğunu qəbul edir, lakin sosial münasibətlərdə insanın həmin təbii imkanlardan özünəgərəkli şəkildə istifadəsini mümkün hesab edir.
Tədqiqatlardan aydın olur ki, Azərbaycan ictimai-pedaqoji fikrində şəxsiyyətin formalaşmasında irsi amilə üstünlük verilməsi əsasən XIII-XIV əsr bədii-didaktik nümunələrində özünü göstərir. Eləcə də XV əsrdən sonrakı dövrlərdə şəxsiyyətin formalaşmasında mühit və tərbiyə amili əsas təsir amilləri kimi nəzərə alınmış, onlara üstünlük verilmişdir. İnsanın boy atması , ətə-qana dolması, yemək ehtiyacının ödənilməsi və s. üçün bioloji amil nə qədər vacib olsa da, insanın şəxsiyyət kimi formalaşması üçün irsiyyət , bioloji amil hələ kifayət deyildir. Bunun üçün ictimai mühit, tərbiyə lazımdır.
Seyid Əzim Şirvaninin də fikirləri bu baxımdan çox önəmlidir. S.Ə.Şirvaniyə görə uşağın mühitini belə qruplaşdırmaq olar:
- Yoldaşlıq mühiti – iki, yaxud üç nəfərlə
- Kollektiv mühit
- İctimai mühit
- Ailə mühiti
Şirvani davranışın qaydalarını göstərir və bu qaydalara yiyələnməyi də mühitlə əlaqələndirir. Bu məqsədə çatmaq üçün Şirvani gənc nəsli əhatə edən müsnasib kollektiv mühit təşkil etməyi, gənc nəslin yaxşı tərbiyə almış, ədəbli, nəzakətli adamlarla ünsiyyətini lazım bilir, o gənc nəslə müsbət nümunələr verməyi vacib sayırdı və kollektivin, mühitin tərbiyəvi təsirinə inanırdı.
Şəxsiyyətin formalaşmasında tərbiyə amili isə “Avesta”dan tutmuş üzü bəri Azərbaycan pedaqoji fikir tarixində mühüm yer tutmuşdur. Lakin tərbiyə sinfi xarakter daşıdığından, ona sinfi mövqedən yanaşılmış, qarşısında iki məqsəd qoyulmuşdur: hakim, varlı, zəngin adamların övladları üçün və bir də işləyən, varlılara xidmət edən sinfin övladları üçün, XIX əsrə qədər nə dini, nə də dünyəvi məktəblərdə əmək təlimi və tərbiyəsi nəzərdə tutulmamışdır. Çünki təhsil ala bilənlər varlı balaları olduğundan, onlara ancaq intellektual təsir göstərməyə çalışılmış, zövq, davranış, nitq, ünsiyyət tərbiyəsi vermişlər.
Yalnız intibah dövrünün fəlsəfi və pedaqoji fikir nümayəndələri insana humanist münasibəti əsas götürmüş, əməyə və əmək adamlarına hörmət tərbiyəsini yaymış, ədalətlilik ideyasını hamıya aid etmişlər.
Xalq pedaqogikasında mühitin və tərbiyənin şəxsiyyətin formalaşmasında böyük roluna dair fikirlər daha çoxdur. Araşdırmalardan aydın olur ki, Azərbaycan ictimai-pedaqoji fikrində şəxsiyyətin formalaşmasına üç amilin: irsiyyətin, mühitin və tərbiyənin təsiri əsas götürülür. Xalq pedaqogikasında hər üç amil eyni dərəcədə qiymətli sayılmışdır. Lakin bunların üçünün də aparıcı olması barəsində fikirlərdə müstəqillik vardır. Azərbaycan mütəfəkkirlərinin böyük əksəriyyəti mühitə və tərbiyəyə üstünlük vermişlər. Lakin irsiyyətin də xüsusi rola malik olduğu qeyd edilmişdir. Ümumiyyətlə, şəxsiyyətin formalaşmasında irsiyyətin həlledici roluna dair yalnız xalq pedaqogikasında deyil, elmi ədəbiyyatda da qədim dövrlərdən bu günə qədər davam etməkdədir.
Azərbaycan xalqına məxsus nağıl, dastan və atalar sözlərində də şəxsiyyətin formalaşmasında irsiyyətə üstünlük verilməsinə baxmayaraq mühit və tərbiyənin də mühüm təsiri diqqətdən yayınmamışdır. İctimai mühitin məhsulu insanın şəxsiyyət kimi formalaşmasında mühüm olan amillərə baxışlar müxtəlif olmuşdur. Aparılan tədqiqatlarda irsiyyətə üstünlük verilməsi ən qədim ideyadır. Ulu əcdadlarımızın müşahidə sınağından çıxmış qənaətlərin ifadəsi atalar sözlərində, zərb məsəllərdə, bayatılarda, nəsihətlərdə öz əksini tapmışdır. Bu ifadələrdə yalnız bioloji irsilik deyil, mənəvi keyfiyyətlərin də irsiliyi qabarıq şəkildə verilmişdir. Məsələn, “Namərd gəlib mərd olmaz olmasa mərd atası”, “Qurd adını dəyişər, xasiyyətini dəyişməz”, “Quyuya su tökməklə sulu olmaz”, “Ot kök üstünə bitər, Əsli nə isə, yovşan bəsləməklə çəmənzar olmaz” kimi ifadələr yüzlərlədir. Bununla yanaşı xalq pedaqogikası nümunələrinin bir çoxunda şəxsiyyətin inkişafında mühit və tərbiyənin həlledici rolu xüsusi vurğulanır. Xalq mühiti formalaşdırıcı amil kimi göstərərək, insandakı bir sıra xarakterik xüsusiyyətlərin məhz mühitin təsiri ilə yarandığını israr edir. İnsanın sosiallaşması onun ünsiyyət mədəniyyətinin formalaşması, ünsiyyət təcrübəsinə yiyələnməsi ilə sıx bağlıdır. İnsan cəmiyyətdə yaşayıb fəaliyyət göstərməsi üçün adamlarla, sosial qruplarla ünsiyyətə girməyi, lazımi informasiya mübadiləsi aparmağı və onlara təsir etməyi bacarmalıdır. Bunsuz hər hansı bir sahədə fəaliyyət göstərmək, özünü ifadə və təsdiq etmək mümkün deyildir. Bu baxımdan düzgün ünsiyyət qurmaq bacarığı şəxsiyyətin sosiallaşmasının mühüm tərkib hissəsini təşkil edir. Ünsiyyət dedikdə, insanların informasiya mübadiləsi, qarşılıqlı təsiri və bir-birini qavraması prosesi başa düşülür. O, əsas sosial tələbatlardan biri olmaqla şəxsiyyətin inkişafı və formalaşmasının vacib şərtini təşkil edir.
Onu da qeyd etmək lazımdır ki, uzun illər irsiyyət amili danılmış, şəxsiyyətin mühitin və tərbiyənin məhsulu olduğu göstərilmişdir. XX əsrin ortalarından başlayaraq irsiyyətin rolu qəbul edilməyə başlandı. XX əsrin sonlartından isə Azərbaycan ictimai-pedaqoji fikrində şəxsiyyətin formalaşmasında irsiyyət, mühit və tərbiyənin eyni dərəcədə rol oynadığı ideyası meydana çıxdı.
Şəxsiyyətin formalaşması haqqında ideyaların kökləri qədim zamanlara gedib çıxır. Bu ideyalar xalqların pedaqoji fikirlərində, müqəddəs dini kitablarda yazılı ədəbi-bədii əsərlərdə öz əksini tapmışdır. Qədim dövrlərdə və orta əsrlərdə şəxsiyyətin formalaşması ideyası insanın tərbiyəsi kimi anlaşılmış, tərbiyənin əsas məqsədinin yaxşı insan yetişdirmək olduğu düşünülmüşdür. XIX əsrdən başlayaraq ictimai-pedaqoji fikir tarixində bir dönüş yaranmış, şəxsiyyətin formalaşması problemi daha dərin elmi əsaslara söykənmişdir. Tədqiqatçıların fikrincə, şəxsiyyətin formalaşması özbaşına gedən bir proses deyildir. İnsan övladı yaranmışlar içərisində ən uzun körpəlik, uşaqlıq və gənclik dövrünü yaşayan bir varlıqdır. O, həyatının məhz bu dövründə qayğıya, tərbiyəyə, ictimai mühitə möhtacdır. Ona görə də, insan bioloji varlıq kimi inkişaf edərək tərbiyənin təsiri ilə sosial şəxsiyyətə çevrilir.
İctimai-pedaqoji fikir tarixində işlənən tərbiyə anlamı elə insanın şəxsiyyət kimi formalaşması məzmununu daşımışdır. Çünki klassik pedaqoqlar, filosoflar şəxsiyyətin formalaşmasına təsir edən irsi imkanların, mühit və tərbiyənin, özünüdərk və özünüinkişafın hər birindən ayrı-ayrılıqda bəhs etmiş, hər birinin rolunu göstərmişlər. İrsi imkanlar insanın xarakter xüsusiyyətlərində nə qədər pozulmuş olsalar da, mənfi irsi əlamətlərə kənardan təsir göstərməklə faydalı irsi əlamətlərin inkişafına maneçilik törədən amillərin aradan qaldırılması mümkündür. Şəxsiyyət tərbiyəsinin məqsədinə insanın ünsiyyət və fəaliyyət üçün tam hazırlanması, öz hissi-idraki qabiliyyətlərinin, ona verilmiş təbii imkanların inkişafına tam nail ola bilmək daxil edilmişdir. Həmçinin, hər bir şəxsiyyətdə kökləri ailənin mənəvi həyatından gələn mənəvi şüurun və kökləri cəmiyyətdən rişələnən əxlaqi şüurun formalaşması diqqət mərkəzində dayanmışdır.
Şəxsiyyətin formalaşmasında təhsil ən mühüm vasitə kimi çıxış etmiş, tərbiyəçi-müəllim şəxsiyyətinin bu sahədə çox vacib, əvəzsiz bir amil olduğu müəyyənləşdirilmişdir. Klassik pedaqogikanın görkəmli nümayəndəsi Y.A.Komenskinin “Müəllimlər insanlar arasında ən seçilmiş şəxslər olmaqla, öz yaxşı əxlaqları ilə təqdirə layiqdirlərsə, bu, şagirdlərin həqiqi əxlaqi biliklərə yiyələnmək üçün ən yaxşı vasitə olacaqdır” – ifadəsi ondan çox-çox əvvəl Azərbaycan mütəfəkkirləri, şair və filosofları tərəfindən qeyd edilmişdir. Məsələn, N.Tusi təhsil vasitəsilə insanın səadətə (kamilliyə) qovuşacağını dönə-dönə göstərmişdir. Tusinin əsərlərindən məlum olur ki, hələ XIII-XIV əsrlərdə Azərbaycanda şəxsiyyətin formalaşmasının başlıca yolu idrak, dünyanı dərk etməyin başlıca vasitəsi təhsil, biliklərə yiyələnmə və məktəb tərbiyəsi olmuşdur. Bu dövrdə məscidlər yanında açılan məktəblərdə yalnız “Quran”, yaxud dini elmlər deyil, təbabət, kimya, geologiya və s. fənlər tədris olunmuşdur.
Tədqiqatlardan aydın olur ki, kitabxana, məktəb, rəsədxana və digər təhsil ocaqları vasitələrindən başqa, imkansız, valideynsiz uşaqların da təhsil almaları, şəxsiyyət kimi formalaşma imkanı əldə etmələri üçün yetimxanalar yaradılması təcrübəsi də olmuşdur.
N.Gəncəvinin, Ə.Xəqaninin, İ.Nəsiminin, S.Urməvinin, S.Təbrizinin, S.Ə.Şirvaninin, M.T.Sidqinin və b. əsərlərində şəxsiyyət, onun formalaşmasının əsas şərtləri haqqında qiymətli fikirlər mühüm yer tutumuşdur.
Orta əsrlərdən fərqli olaraq XIX əsrdə şəxsiyyət tərbiyəsinin mahiyyəti, məzmunu və vəzifələrinə baxışlar dəyişilərək yeni məzmun kəsb etmişdir. Bu dövrün görkəmli mütəfəkkirləri A.Bakıxanov, M.F.Axundov, S.Ə.Şirvani, H.B.Zərdabi və başqa görkəmli fikir sahiblərinin şəxsiyyət probleminə münasibəti yalnız tarixi baxımdan deyil, müasir baxımdan da aktualdır.
İstər Şərqdə, istərsə də Qərbdə şəxsiyyət tərbiyəsi probleminə münasibətlərdə tərbiyənin və tərbiyə edilməsi mühitin əsas şərt olduğu xüsusi olaraq göstərilir. Tərbiyəçidən asılı olan əsas məsələ böyüyən insanı elmi-pedaqoji əsaslara söykənərək, sağlam sosial mühitdə, məqsədəmüvafiq şəraitdə kamil insan – bütöv şəxsiyyət kimi yetişdirməkdən ibarətdir. Şəxsiyyətin bütövlüyü əxlaqa, tərbiyə mədəniyyətinə, qənaətcillik keyfiyyətlərinə, vətəndaşlıq yetkinliyinə, güclü iradə qüvvəsinə-xarakterə yiyələnməklə yaranır.
"Təhsil" jurnalı
21 noyabr
Tarix: 21-11-2024, 14:00